Müasir kinomuzun ölçü vahidi: RAMİZ FƏTƏLİYEV – Hafiz Mirzə yazır

Müasir kinomuzun ölçü vahidi:  RAMİZ FƏTƏLİYEV – Hafiz Mirzə yazır

Ramiz Məmmədəli oğlu Fətəliyev 07 iyun 1946-cı il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Məmmədəli Fətəliyevi köhnə lənkəranlılar yaxşı xatırlayır: Lənkəran şəhərinin hər zaman köklü, zadəgan, ziyalı və böyük tayfalarından sayılıblar.
Ramiz Fətəliyevin gənclik çağlarında respublika qəzetlərində və jurnallarında müxtəlif səpgidə bədii və publisistik yazıları çap olunurdu.

Amma o nə filologiya, nə də jurnalistika üzrə ali təhsil almağı deyil, kino sənətini seçdi və 1972-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirdi. 1974–1975-ci illərdə o artıq “Azərbaycanfilm” kinostudiyasıın ssenari-redaksiya kollegiyasının üzvü idi. Milli kinostudiyada əmək fəaliyyətinə başlamaqla onun gələcək yaradıcılığı və fəaliyyəti də büsbütün kino sənayesinə aid oldu.

Şöhrət” ordenli Xalq artisti Ramiz Fətəliyevin doğum günüdür ...
Onun ssenariləri əsasında hələ tələbə ikən, 1970-ci ildə “Azərbaycanın faunası” filmi çəkilmişdi. Ali təhsili başa vurduqdan sonra “Azərbaycanın florası”, 1973-cü ildə “Azərbaycan SSR”, həmin il “Ömrün ilk saatı” və “Dənizə çıxmaq qorxuludur”, 1974-cü ildə “Diplomlu mütəxəssis”, “Mozalan” kino-jurnalının 16-cı nömrəsi, “Ömrün səhifələri”, 1975-ci ildə “Yeraltı əhvalat”, 1977-ci ildə “Azərbaycan ipəyi” televiziya filmləri çəkildi. Amma o daha çox bədii filmlərə köklənmişdi. Azərbaycanda bu ssenariləri gerçəkləşdirmək çətin idi. Digər respublikaların kino-büdcəsi daha əlverişli və cazibədar olduğu üçün o, 1979-cu ildən etibarən Dovjenko adına Ukrayna kinostudiyası ilə əməkdaşlığı başladı. Burada 1979-cu ildə onun “Öz bəxtim”, 1980-ci ildə “Həyatın xırdalıqları”, 1981-ci ildə “Köhnə məktublar” adlı ssenarilərinə filmlər çəkildi. 1981—ci ildə onun ssenariləri əsasında artıq M. Qorki adına Leninqrad kinostudiyası da maraqlanmağa başladı və orada “Altıncı” və “Birisigün, gecəyarısı” bədii filmləri çəkildi. 1982-ci ildə yenidən Dovjenko adına Ukrayna kinostudiyasında “Zağçalar” və “Ailə işləri” adlı iki film ərsəyə gətiriıdi. 1983-cü ildə onun “Mosfilm”lə əməkdaşlığı başlandı. Burada onun “Köçəri” və “Şahidsiz” ssenariləri əsasında iki film hazırlandı. M.Qorki adına kinostudiyada 1983-cü ildə onun “Xüsusi risq etmədən” və 1985-ci ildə “Sövdə” adlı ssenarisi əsasında iki film çəkildi. Bütün bu filmlərin ssenarisi rus dilində yazılır və rus dilində çəkilirdi. Bundan sonra onun fəaliyyəti yenidən və daha çox “Azərbaycanfilm”lə bağlı oldu. Əvvəlcə “Mozalan” satirik kino-jurnalı üçün iki qısa filmi, sonra isə 1985-ci ildə İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov barədə “Sizi dünyalar qədər sevirdim” bədii filmi çəkildi.
1985–1986-cı illərdə Ramiz Fətəliyev kinostudiyada baş redaktor vəzifəsinə təyin olundu.
1990–1995-ci illərdə Ramiz Fətəliyev əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü seçildi.
Deputatlıq dövründə də o, siyasi fəaliyyətlə məşğul olmaqla yanaşı müxtəlif mövzularda kino-ssenarilər yazdı, bu ssenarilər əsasında Azərbaycan, Ukrayna, Rusiya və Özbəkistan kino-stu¬diyalarında filmlər çəkildi. 2002-ci ildən Ramiz Fətəliyev kinoda həm də rejissor kimi fimlər çəkməyə başladı. O, 12 seriyalı “Bir anın həqiqəti”, “Məhəllə”, “Qraf Krestovski” və 2008-ci ildə “Hökmdarın taleyi” bədii televiziya filmlərinə quruluş verdi.
Ramiz Fətəliyev 1986–1995-ci illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzi-fə¬sinə təyin edildi. Həmin il “Mosfilm”də onun ”Təzə evlənənlər üçün çətir”, “Aşkarsızlıq şəra¬itində…”, “Burulğan”, 1987-də “Özbəkfilm”də “Həyatın mənası”, 1988-də “Rüstəm İbrahimbəyov” televiziya filmi, 1988-də isə böyük səs-küyə səbəb olan, Vaqif Mustafayevlə birgə “Yaramaz” və 1991-də “Nakəs” filmləri ekranlara çıxarıldı və böyük uğur qazandı. Digər ssenari müəllifləri onun məhsuldarlığına heyrət və qibtə edirdilər. Bütün filmlərinin böyük siyahısı Ramiz Fətəliyevin böyük istedadının göstəricisi idi.
6 iyun 2016-cı ildə Ramiz Fətəliyev “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni və “Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə” “Xalq artisti” fəxri adı ilə təltif edildi.
Ssenariləri kimi mükafatları da çox idi. 2019-cu ildə Ramiz Fətəliyev Azərbaycan Respub-likası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görüldü.
Ramiz Fətəliyevin filmlərinin əksəriyyətində süjet insan taleyini əks etdirirdi. Digər qisim ssenariləri cəmiyyətin sosial problemləri ilə yüklənir və siyasi satira yüklü olurdu. Eləcə ən sərt siyasi çəkisi olan filmlərin də redaktoru məhz o idi. Bu sırada 1987-ci ildə çəkilmiş “Şeytan göz qabağında”, 1989-cu ildə “Lətifə” filmlərini qeyd etmək olar. 1990-cı ildə çəkilmiş məşhur “Qətl günü”, 2011-ci ildə “Aktrisa”, “Şəbəkə”, 2012-ci ildə “Dolu” filmlərinin də redaktoru Ramiz Fətəliyev olmuşdu.
Ramiz Fətəliyev əvvəllər də Moskva şəhərində yaşayır, fəaliyyət göstərir, oradan əli bütün kinostudiyalara daha rahat çatırdı. Hazırda da Moskvada yaşayır və Azərbaycan mədəniyyətinə oradan daha yaxşı xidmətlər göstərir. MDB məkanında çox az kino sənətçisi var ki, nüfuzu bütün kinostudiyalarda yetərli qəbul olunur. Öz xarizması və ciddiyətilə həmin möhtəşəm KİNO-METRlərdən biri, bəlkə də birincisi Ramiz Fətəliyevdir.
Fəxr etməmək mümkün deyil!

Hafiz MİRZƏ
https://www.youtube.com/watch?v=RSOzsmsWYUM

Share: