Son illər müəllim–şagird münasibətləri ətrafında gedən müzakirələr cəmiyyətdə ciddi narahatlıq doğurur. Müəllimə qarşı aqressiya halları, hörmətsizlik, sosial mediada məsxərə obyektinə çevrilmə təsadüfi deyil.
Bu, illər ərzində formalaşan münasibətin nəticəsidir. Məsələyə emosional deyil, sistemli yanaşmaq lazımdır. Çünki müəllimə münasibət təkcə bir peşə sahibinə münasibət deyil, bütövlükdə cəmiyyətin təhsilə, biliyə və gələcəyə baxışının göstəricisidir.

Əvvəllər cəmiyyətdə belə bir anlayış vardı: insan həyatda hansı mövqeyə yüksəlirdisə yüksəlsin, bunun təməlində müəllimin zəhməti dayanır. Həkim də, mühəndis də, vəzifəli şəxs də anlayırdı ki, oxumağı, yazmağı, düşünməyi ona müəllim öyrədib. Ona görə də insanlar özlərini müəllimə borclu sayırdılar. Bu borc maddi yox, hörmət və minnətdarlığın mənəvi borc idi. Müəllim cəmiyyətdə xüsusi çəkisi olan şəxs idi.
Hətta bir dövr vardı ki, müəllimə o dərəcədə yüksək münasibət göstərilirdi ki, onu adi insan kimi təsəvvür etmirdik. Uşağın gözündə müəllim səhv etməyən, hər şeyi bilən, yorulmayan bir düha idi. Elə bilirdik ki, müəllim acmır, susamır, şəxsi problemi olmur. O, sanki gündəlik həyatın qayğılarından uzaq, toxunulmaz bir obraz idi. Bu yanaşmanın ifrat tərəfi olsa da, bir həqiqəti vardı. Müəllim mənəvi zirvədə dayanırdı və onun sözü mübağiləsiz qəbul edilirdi.
Sinif otağında müəllim danışanda sükut yaranırdı. Valideyn üçün müəllimin iradı ciddi siqnal idi. Uşaq müəllimin adını çəkəndə səs tonunu dəyişirdi. Bu ictimai aura müəllimin işini asanlaşdırır, təlim-tərbiyə prosesinə güc qatırdı. Müəllim təkcə dərs keçən şəxs deyildi, həm də davranış və düşüncə modeli idi.
Zamanla bu obraz dəyişdi. Müəllimi həddindən artıq ideallaşdırmaqdan onu həddindən artıq adiləşdirməyə keçdik. İndi çox vaxt belə bir gözlənti formalaşıb ki, müəllim hamıya borcludur. Şagird uğursuz olanda günah müəllimdə axtarılır, intizam pozulanda məsuliyyət yenə onun üzərinə qoyulur, nəticə zəifdirsə müəllim ittiham edilir. Valideyn bəzən övladının səhvini qəbul etmək əvəzinə müdafiə mövqeyi tutur. Müəllim isə daim hesabat verməli və özünü doğrultmalı olan tərəf kimi təqdim olunur. Bu yanaşma onun ictimai çəkisini zəiflədir.
Uşaq müəllimə necə yanaşırsa, bu münasibətin kökündə ailə və cəmiyyət dayanır. Əgər evdə müəllim haqqında kiçildici ifadələr işlədilirsə, müəllimin qərarları uşağın yanında mübahisələndirilirsə, mediada müəllim daha çox tənqid və sensasiya kontekstində təqdim olunursa, şagirdin gözündə müəllim ŞƏXSİYYƏT yox, adi və mübahisə edilə bilən fiqura çevrilir. Belə mühitdə intizam və hörmət zəifləyir.
Bir zamanlar “müəllim” sözü sadəcə peşə adı deyildi, nüfuz göstəricisi idi. Cəmiyyətdə söz sahibi olan, elm və hikmət sahibi kimi qəbul edilən şəxslərə “müəllim” deyə müraciət olunurdu. Bu müraciət hörmət ifadəsi idi. Çünki müəllim sözü bilik, ədalət, təmkin və mənəvi üstünlüklə assosiasiya olunurdu. Bu anlayış təsadüfi deyildi. Müəllim cəmiyyətin formalaşdırıcı qüvvəsi kimi qəbul edilirdi.
Son illərdə “müəllim şagirdin dostu olmalıdır” fikri geniş yayılıb. Müəllimin anlayışlı və səmimi olması vacibdir, lakin rol qarışdırılmamalıdır. Müəllim şagirdlə eyni mövqedə dayanan tərəf deyil. O, istiqamət göstərən, qayda qoyan və məsuliyyət daşıyan şəxsdir. Sərhəd itəndə nizam zəifləyir. Şagird müəllimi tam bərabər gördükdə onun tələbini şəxsi müdaxilə kimi qəbul edə bilər. Halbuki müəllimin məqsədi şəxsiyyəti alçaltmaq yox, davranışı formalaşdırmaqdır.
Eyni zamanda bir həqiqəti də qəbul etməliyik ki, müəllim qeyri-adi varlıq deyil. O da insandır, yorula, səhv edə bilər. Onun da ailə və həyat qayğıları var. Amma onun insan olması nüfuzunu azaltmamalıdır. Əksinə, şagird anlamalıdır ki, qarşısında dayanan insan zəhmət çəkir, məsuliyyət daşıyır və onun inkişafı üçün çalışır. Hörmət utopya üzərində yox, dəyər üzərində qurulmalıdır.
Hörmət qorxu ilə qarışdırılmamalıdır. Sağlam təhsil mühiti ədalət, ardıcıllıq və aydın qaydalar üzərində qurulur. Müəllimin gücü cəza tətbiq etmək imkanında deyil, sözünün çəkisində və prinsipial mövqeyindədir. Şagird müəllimin tələbini ona görə qəbul etməlidir ki, müəllim ədalətlidir və hamıya eyni münasibət göstərir.
Müəllimlərin peşəkar inkişafı da düzgün təqdim olunmalıdır. Sertifikasiya və qiymətləndirmə mexanizmləri müəllimi zəiflədən yox, gücləndirən şəkildə qurulmalıdır. Əgər bu proses cəmiyyətdə müəllimin sanki daim sınaq qarşısında olan zəif tərəf kimi göstərilməsinə səbəb olursa, bu, nüfuza mənfi təsir edir. Peşəkar inkişaf dəstək xarakterli olmalıdır.
Problem yalnız məktəbdə deyil. Valideyn evdə müəllimi hörmətlə təqdim etməlidir. Uşağın yanında müəllimi aşağılamaq əslində uşağın gözündə qayda və sərhəd anlayışını zəiflədir. Cəmiyyət müəllimi tənqid edərkən ölçünü qorumalıdır. Təhsil siyasəti müəllimin ictimai statusunu gücləndirməlidir.
Müəllimə qarşı aqressiya təsadüfi hadisə deyil; bu, uzun müddət formalaşan münasibətin nəticəsidir. Müəllimi yenidən müqəddəsləşdirmək lazım deyil, amma onu sıradanlaşdırmaq da olmaz. Doğru mövqe bu iki ucun ortasındadır. Müəllim insandır, lakin cəmiyyət üçün strateji əhəmiyyət daşıyan insandır.
Bir millətin gələcəyi sinif otağında formalaşır. Sinif otağında isə əsas sima müəllimdir. Əgər bu simanın nüfuzu zəifləyirsə, deməli gələcəyin təməli də zəifləyir. Bir vaxtlar insanlar “müəllim” sözünü şərəf kimi daşıyır, nüfuzlu şəxslərə bu adla müraciət edirdi. Bu anlayışı yenidən dirçəltmək mümkündür. Bunun üçün sadəcə bir həqiqəti xatırlamaq kifayətdir ki, hər birimizin həyatında yolumuzu işıqlandıran məhz müəllim olub. O işığın dəyərini unutduğumuz anda cəmiyyət olaraq öz gələcəyimizi itiririk.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.






















