Moskva və İrəvandan Vardanyanla bağlı TƏXRİBAT – Məqsəd nədir?

Moskva və İrəvandan Vardanyanla bağlı TƏXRİBAT – Məqsəd nədir?

Bakıda mühakiməsi davam edən keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın müdafiəsi məqsədilə Ermənistan və Rusiyada ona məktub göndərilməsi üçün kampaniyaya başlanılıb.

 

Erməni mediasının yaydığı məlumata görə, bu təşəbbüslə Vardanyan ətrafında süni “qəhrəman” imici formalaşdırılmağa cəhd göstərilir. Bu fonda isə Vardanyana qarşı Azərbaycanda terrorçuluqdan tutmuş dövlət çevrilişinə qədər ağır cinayət maddələri üzrə yekun ittiham irəli sürülüb.

Bəs bu məktub kampaniyasının bir nəticəsi ola bilərmi? Məktublar ona çatdırılmalıdırmı? Burada əsas məqsəd nədir?

Faiq Balabəyli
Faiq Balabəyli

Müstəqil.Az bildirir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan QHT sədri, siyasi şərhçi, VHP Siyasi Şurasının üzvü Faiq Balabəyli qeyd edib ki, Ruben Vardanyan Rusiya tərəfindən layihələndirilmiş siyasi fiqurdur:

“Onun Qarabağa göndərilməsi vaxtilə Robert Köçəryan və Serj Sarkisyanla bağlı tətbiq edilən ssenarini xatırladır. Məqsəd əvvəlcə Qarabağ erməniləri arasında “qəhrəman” obrazı formalaşdırmaq, daha sonra isə həmin fiquru Ermənistan siyasətinə transfer etməklə Nikol Paşinyanın hakimiyyətini siyasi yolla əvəzləmək idi. Əgər Vardanyan layihəsi baş tutsaydı, bu şəxs Ermənistanda siyasi çevriliş üçün əsas fiqurlardan birinə çevriləcək və Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaqdı. Bu, Moskvanın Ermənistandakı mövcud hakimiyyətə etimadsızlığının və alternativ ssenarilər üzərində işlədiyinin açıq göstəricisi idi. Vardanyan isə bu ssenaridə “xilasçı”, “millətin maliyyə-siyasiləşmiş siması” kimi təqdim olunmalı idi”.

Onun sözlərinə görə, məhz buna görə də Paşinyan ilk gündən onu açıq və ya gizli şəkildə müdafiə etməkdən imtina etdi:

“Paşinyan yaxşı anlayırdı ki, Vardanyanın arxasında dayanan iradə erməni xalqının yox, Kremlin maraqlarıdır. Bu isə Ermənistanın suverenliyi üçün birbaşa təhlükə demək idi. Amma diqqətçəkən əsas məqamlardan biri Rusiya mediasının Vardanyanın müdafiəsində göstərdiyi qeyri-adi canfəşanlıqdır. Rusiya mediası Vardanyan haqda həbsinin ilk günlərində də yazmışdı, lakin bu yazılar əsasən xəbər janrında idi. İndiki materiallarda isə açıq şəkildə Vardanyanın müdafiəsinə yönəlmiş tezislər yer alır: onun guya günahsız olduğu, ittihamların süni şəkildə ağırlaşdırıldığı, prosesin “siyasi sifariş” olduğu iddia edilir”.

Faiq Balabəyli bildirib ki, bu mərhələdə informasiya siyasəti artıq adi xəbər ötürməkdən çıxaraq, açıq təzyiq və manipulyasiya alətinə çevrilmişdi:

“Məqsəd beynəlxalq rəy formalaşdırmaq, həm də Ermənistan daxilində Vardanyanın “zülmə məruz qalan qəhrəman” obrazını möhkəmləndirmək idi. Lakin bu informasiya və PR kampaniyası da iflasa uğradı.

İndi Ermənistanda Ruben Vardanyana məktub göndərilməsi ilə bağlı yeni kampaniya başladılıb. Bu cəhdlər göstərir ki, əvvəlki mərhələlərdə nəticə əldə olunmadığından, emosional və simvolik alətlərə keçid edilib.

Vardanyanın qəhrəmanlaşdırılması ilə bağlı aparılan təbliğatın sistemli və ardıcıl olması bu PR kampaniyasının konkret maraqlara xidmət etdiyini açıq şəkildə sübut edir. Vardanyanın olduqca uğursuz və siyasi prosesləri düzgün oxuya bilməyən fiqur olduğu nəzərə alınarsa, məsələnin kökündə ideoloji deyil, məhz maliyyə və lobbi faktorunun dayandığı daha aydın görünür. Bu tip kampaniyalar adətən geniş ictimai dəstəyə deyil, pulla satın alınmış sədaqətə arxalanır. Məhz buna görə də onların təsir dairəsi məhdud və ömrü qısadır”.

Share: