Hələ heç 60 yaşı olmamışdı, deyirdi ki, əgər bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim- bunu ancaq abırlı insanlar düşünə bilər. Bizdə belələrinə, abırlı kişidir, deyirlər…
Onun dilindən heç zaman kobud söz eşidən olmayıb- yüksək mədəniyyətin beşiyi daxili zənginlikdir…
Hadisələri düzgün təhlil etmək qabliyyəti var- bunu ancaq müdrük insanlar bacarır…
Ötkəmdir- səslənən kəlmə haqqdan gəlirsə, hər bir səddi aşıb ünvanına yetişəcək…
İstənilən mövzuda söhbət etməyi bacarır- dərin düşüncəyə, geniş təfəkkürə malikdir…
Yeri gələndə polad kimi sərt, yeri də gələndə mum kimi yumşaq olur- imanının göstəricisidir…
El-obanın xeyir-şərində iştirak etməkdən yayınmır- ağsaqqallıq əlamətidir…
Özünə, əqidəsinə, cəmiyyətə hörmətlə yanaşır- şəxsiyyətdir…
Bir ucqar dağ kəndində doğulub. Zəhməti, əzmkarlığı ilə elmlər doktoru, professor səviyyəsinədək yüksəlib. Və ən əsası özüylə gətirdiyi dağ əzəmətini, çeşmə saflığını bu günədək qoruyub, saxlaya bilib…
Bəli, professor Fəzail İbrahimli təkcə alim deyil, minlərlə tələbənin müəllimi, dövlətçiliyin təəssübünü çəkən, mənəvi dəyərlərimizə sahib çıxmağı bacaran, dövlət atributlarına qarşı çıxanlara məntiqlə cavab verən aydınlarımızdandır…
Onun Milli Məclisdə himnimizə qarşı çıxanlara tutarlı cavabı, buna bariz nümunədir. Bir neçə bənddən ibarət olan himnimizi dörd hissəyə bölüb elə təhlil etdi ki, necə deyərlər, bunu hər döşünə döyən filoloq ifadə edə bilməzdi. O, milyonlarla insanın etirazını çox yüksək səviyyədə nadanlara çatdıra bildi…
O ki qaldı vitse spiker olarkən deputat həmkarı Vahid Əhmədova qarşı səsləndirdiyi iradlara, bunun da öz izahı var- Vəzifənin tələbi…
İnsanlığın bir zirvəsi var, Fəzail müəllim ruhən, qəlbən, davranışı, əməlləri ilə həmin zirvəyə yüksələ bilib…
Dünya yaranannan üzübəri yaxşı insanlar çox gəlib-gedib və onların bir missiyası olub- yaxşı əməlləri nəsildən nəslə ötürmək…
Bəli, o, ucqar bir dağ kəndində dünyaya gəlib. Sözü, əməlləri ilə bütöv bir ölkənin məhəbbətini qazanıb. İnsanların qəlbinə bir parllaq aydın kimi yol tapa bilib…
…Və ən başlıcası, Azərbaycan deyiləndə ayağa qalxmağı bacarır…
Bu il, 2026-cı il Fəzail müəllim üçün yubiley ilidir. Tanrı öz məhəbbətini bu insandan əsirgəməsin!..
Elman Eldaroğlu




















