MİLLİ YADDAŞIN QƏLƏM SAHİBİ – Lilpar Cəmşidqızı

MİLLİ YADDAŞIN QƏLƏM SAHİBİ – Lilpar Cəmşidqızı

Sözün yaddaşı var. O, zamanın toz basmış səhifələrində itib getmir, əksinə, ürəklərdə iz salaraq yaşayır. Bəzən bir misra bir ömrün ağrısını danışır, bəzən bir şeir bütöv bir xalqın taleyini özündə əks etdirir.

 

Elə qələm sahibləri var ki, onlar yazmır, yaşadır; unudulanı xatırladır, susanı dilləndirir, itiriləni mənəvi varlığa çevirir. Lilpar Cəmşidqızı da məhz belə sənətkarlardandır. Onun sözü sadəcə ədəbiyyat nümunəsi deyil, yaddaşın, ağrının və ümidin poetik ifadəsidir.


Lilpar Cəmşidqızı müasir Azərbaycan ədəbiyyatında yalnız poetik istedadı ilə deyil, həm də milli-mənəvi dəyərlərə bağlılığı və vətənpərvər mövqeyi ilə seçilən sənətkarlardandır. Onun yaradıcılığına nəzər saldıqda aydın olur ki, bu qələm sahibinin əsas məqsədi təkcə estetik zövq yaratmaq deyil, eyni zamanda cəmiyyətin yaddaşını qorumaq, insanları düşündürmək və mənəvi dəyərlərə sədaqəti gücləndirməkdir.
Şairənin yaradıcılığında xüsusi yer tutan istiqamətlərdən biri şəhidlər mövzusudur. O, Sumqayıt şəhərinin hər bir şəhidinə ayrıca şeir həsr edərək bu şeirləri “Zəfəri yaşadanlar” adlı kitab nəşr etdirmişdir. Bu təşəbbüs müasir ədəbiyyatımızda nadir rast gəlinən fədakarlıq nümunəsidir və sırf ədəbi hadisə olmaqdan daha artıq məna daşıyır. Bu, milli yaddaşın qorunması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyətə malikdir.
Hər bir şəhidin həyat yoluna fərdi yanaşma, onların taleyinin poetik dillə ifadəsi müəllifin yüksək həssaslığından və məsuliyyət hissindən xəbər verir. Bu yanaşma nəticəsində şeirlər ümumi pafosdan uzaqlaşaraq konkret insan talelərinin ağrısını, qəhrəmanlığını və ailələrinin yaşadığı hissləri oxucuya dərindən çatdırır. Belə əsərlər oxucuda yalnız emosional təsir yaratmır, həm də düşüncə və mənəvi dərk prosesini gücləndirir.
Lakin bu cür mühüm bir təşəbbüsün həyata keçirilməsi prosesində qarşıya çıxan çətinliklər də diqqət çəkir. Sumqayıt şəhidlərinə həsr olunmuş şeirlərin kitab halında nəşri və yayımı üçün bir çox insanın maddi dəstək göstərməyə söz verməsinə baxmayaraq, əməli dəstəyin olmaması cəmiyyətimizdə sözlə əməl arasındakı fərqin hələ də mövcud olduğunu göstərir. Halbuki bu cür təşəbbüslər yalnız bir şəxsin deyil, bütöv bir cəmiyyətin mənəvi borcu kimi qiymətləndirilməlidir.
Bu fakt eyni zamanda ədəbiyyat və mədəniyyət sahəsində çalışan insanların, xüsusilə də belə həssas mövzulara toxunan yaradıcı şəxslərin daha çox dəstəyə ehtiyacı olduğunu bir daha ortaya qoyur. Şəhidlərin xatirəsini yaşatmaq hər bir vətəndaşın borcu olduğu kimi, bu işi söz və sənət vasitəsilə həyata keçirən insanlara dəstək olmaq da cəmiyyətin məsuliyyətidir.
Lilpar Cəmşidqızının qəzəlləri isə onun poetik dünyasının zənginliyini və çoxşaxəliliyini açıq şəkildə nümayiş etdirir. Bu qəzəllərdə klassik Şərq poeziyasının ənənələri ilə müasir duyğuların sintezi aydın hiss olunur. Onun “Dolu eşqin qədəhin Yar yenidən verdi mənə…” misrası ilə başlayan qəzəlində eşq ilahi və coşqun bir qüvvə kimi təqdim olunur:
“Yığılıb sevgisi köksümdədi, tüğyan eləyir,
Qaynayan çeşmədi, qəlbimdə daşan Kürdü mənə.”
Burada eşq sadəcə hiss deyil, daşan bir çay, coşan bir təbiət hadisəsi kimi təsvir edilir. Şairə həm də riyazi terminlərdən istifadə edərək (“məxrəc”, “hasil”) ömrün mürəkkəbliyini simvolik şəkildə ifadə edir ki, bu da onun poetik düşüncəsinin orijinallığını göstərir.
Başqa bir qəzəldə isə daha çox fəlsəfi və əxlaqi motivlər ön plana çıxır:
“Yanar, külündə köz qalar, Xudaya söykənənlərin.”
Burada iman, səbir və mənəvi dayaqların insan həyatındakı rolu vurğulanır və oxucu daxili təmizliyə, sədaqətə səslənir.
Digər bir qəzəldə klassik eşq motivləri incə və romantik çalarlarla təqdim olunur. “Leyla-Məcnun”, “şəbi-yelda”, “meyi-səhba” kimi ifadələr şairənin ənənəyə bağlılığını göstərir:
“Eşqdir tabe edən ruhunu səhra gülünün, gəzmə Məcnunə dönüb, xanənə Leyladı gələn.” Bu qəzəldə eşq həm ilahi, həm də bəşəri məna daşıyaraq insan ruhunun ən dərin qatlarına toxunur.
Lilpar Cəmşidqızının yaradıcılığı bütövlükdə yaddaşın qorunmasına xidmət edən mühüm ədəbi hadisədir. Onun fəaliyyəti yüksək qiymətləndirilməli, daha geniş şəkildə tanıdılmalı və dəstəklənməlidir. Çünki bu cür əsərlər yalnız bu gün üçün deyil, gələcək nəsillərin milli kimliyinin və yaddaşının formalaşması üçün mühüm rol oynayır.
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü,

“Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: