Milli Məclisin deputatı Fəzail İbrahimli Masallıda növbəti seçici qəbulu keçirib

Milli Məclisin deputatı Fəzail İbrahimli Masallıda növbəti seçici qəbulu keçirib

Milli Məclisin deputatı, VHP-nin sədr müavini, professor Fəzail İbrahimli 20 dekabr 2025-ci il tarixində Masallı şəhərində növbəti seçici qəbulunu həyata keçirib.

Millət vəkili Masallı şəhərinin inzibati ərazisinə daxil olan İsgəndərli, Diyə və Kosakül massivi üzrə seçiciləri qəbul edib. Qəbuldan əvvəl Fəzail İbrahimli İkinci Qarabağ müharibəsi şəhidi Sübhan Rauf oğlu Həsənovun xatirəsinə ucaldılmış Bulağı abidə kompleksini ziyarət edib, abidənin önünə gül dəstələri qoyub.

Daha sonra millət vəkili seçici qəbulunun keçiriləcəyi Masallı şəhər İsfəndiyar Zülalov adına 5 saylı tam orta məktəbə gələrək məktəbin foyesində 20 Yanvar şəhidi İsfəndiyar Adil oğlu Zülalovun xatirəsinə yaradılmış guşəni ziyarət edib və gül dəstələri qoyub. Ardınca seçici qəbulu baş tutub.

Qəbul zamanı vətəndaşlar sosial təminat, məşğulluq və gündəlik həyatlarında qarşılaşdıqları müxtəlif problemlərlə bağlı müraciət, şikayət və təkliflərini millət vəkilinə çatdırıblar. Fəzail İbrahimli hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərlə yaxından tanış olub. Müraciətlərin bir qismi yerində həll edilib, digər müraciətlər isə əlavə araşdırma və prosedur tələb etdiyindən qeydiyyata alınıb. Həmin müraciətlərin baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara yönləndiriləcəyi seçicilərin diqqətinə çatdırılıb.

Qəbulda Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Həbib Həbibov da iştirak edib.

Share: