10 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyası və “Bizi birləşdirən mədəniyyət” ictimai birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və musiqi mədəniyyəti” mövzusunda dəyirmi masa və “Onu zaman seçib” adlı xatirə konserti keçirilib.
Dəyirmi masada AMK-nın professor-müəllim heyəti və “Bizi birləşdirən mədəniyyət” ictimai birliyinin rəhbərliyi iştirak edib. Rektor Kamilə Dadaş-zadə giriş sözü ilə çıxış edərək, tədbiri açıq elan edib. Ardınca, Humanitar fənlər kafedrasının müdiri Firudin Qurbansoyun “Heydər Əliyevin incəsənət xadimlərinə münasibəti”, kafedranın baş müəllimi Jalə Məhərrəmovanın “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, Əməkdar artist Ramil Qasımovun “Heydər Əliyev və Akademik Opera və Balet Teatrı”, TEC-in üzvü, magistrant Samidə Məmmədovanın “Heydər Əliyevin mədəni irs sahəsində formalaşdırdığı davamlı inkişaf xətti” mövzularında məruzələri dinlənilib. Məruzələr çərçivəsində Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında həyata keçirdiyi uzaqgörən siyasətin əsas istiqamətləri müzakirə olunub.
Dəyirmi masadan sonra AMK-nın Fikrət Əmirov adına böyük zalında “Onu zaman seçib” adlı xatirə konserti təqdim edilib. Əməkdar artist Ramil Qasımovun aparıcılığı ilə keçirilən tədbirdə Heydər Əliyevin sevdiyi musiqi əsərləri səsləndirilib.
Proqramda AMK-nın əməkdaşları – Xalq artistləri Azər Zeynalov, Mənsum İbrahimov, Elçin Həşimov və Nəzakət Teymurova, Əməkdar artistlər Ramil Qasımov, Emil Əfrasiyab və Elnur Əhmədov, Əməkdar müəllim Naibə Şahməmmədova, vokalçı Fatimə Cəfərzadə, AMK-nın istedadlı tələbələri Nuray Şuşalı, Pərviz Qasımov və Səbuhi İsmayılov çıxış ediblər.
Ümummilli Lider, Azərbaycan Milli Konservatoriyasının yaranmasının təşəbbüskarı Heydər Əliyevin anım gününə həsr olunmuş “Onu zaman seçib” konsert proqramı tamaşaçılar, professor-müəllim heyəti və tələbələr tərəfindən dərin ehtiramla qarşılanıb.


















