Haqqında bəhs olunan “Üz qoyaram torpağına kəndimin…” kitabı Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən olan şair Mikayıl İnçəçaylının 20 il öncə (2006-cı ildə) çap olunmuş ilk şeirlər kitabıdır. Kitabın redaktoru və ön sözün müəllifi Ədalət Salmandır.
Kitaba şairin bir-birindən gözəl və mənalı olan 40 şeiri yer almışdır.
Şeirlər vətən, el-oba, təbiət, həyat, sevgi, həsrət və s. kimi müxtəlif mövzulara aiddir.
Kitabda şairin “Şəhidlər xiyabanı”, “İçində”, “Yadıma düşdü”, “Bilərsən”, “Qərib bacılar”, “Həsrət olmasın”, “Payızda”, “Kəndimin”, “Dağlar”, “Bahar”, “Qayıtma geri”, “Bülbül”, “Bu axşam”, “Ay Allah”, “Görüş yerimiz”, “Sən məni unuda bilməyəcəksən”, “Nədəndir”, “Könlüm” və digər gözəl şeirləri mövcuddur.
Kitabın adı isə əslində 24-cü səhifədə təqdim edilmiş “Kəndimin” adlı şeirindən alınmışdır. Mikayıl İnçəçaylı dörd bənddə təqdim edilmiş, əslində isə beş bənddən ibarət olan həmin şeirdə vətən, el-oba həsrəti və sevgisi barədə belə deyir:
Yenə könlüm quşu pərvaz eylədi,
Uçub qondu gül bağına kəndimin.
Zənn elədim bir cənnətə düşmüşəm,
Vurğun oldum hər çağına kəndimin.
Axşam düşdü, batdı günəş, çıxdı ay,
Örtdü göylər qapıların taybatay,
Nur çilədi ağ yaylığlı İnçəçay,
Həm soluna, həm sağına kəndimin.
Uşağlıq illərim düşdü yadıma,
Xatirələr yetişdilər dadıma.
Tay-tuşlarım düşərdilər ardıma,
At çapardıq dağlarına kəndimin.
Sevin könül, şad ol könül, gül dedim,
Qəm qüssəni həyatımdan sil dedim.
Bu yerlərdə doğulmuşam bil dedim.
Pərvanəyəm çırağına kəndimin.
Gəl-gəl deyib ağuşuna alsa da,
Cavanlığım yad ellərdə qalsa da,
Qürbət elin daşı qızıl olsa da,
Üz qoyaram torpağına kəndimin.
Cəlilabad ədəbi mühitinin dəyərli nümayəndəsi, mahir bədii qiraətçi və şair Mikayıl İnçəçaylı qələmi və poeziyası indiyədək ədəbiyyat sahəsinin bir neçə tanınmış nümayəndəsi tərəfindən dəyərləndirilmiş, haqqında layiq olduğu gözəl fikirlər səslənmişdir. Buna misal olaraq Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, şair Ədalət Salman, filologiya üzrə fəlsəfə doktoru, “Qızıl Qələm” və “Rəsul Rza” mükafatları laureatı Bilal Alarlı, tanınmış filoloq Nəsib Abid və başqalarından ad gətirmək olar. Şair Ədalət Salman həmin kitabın ön sözündə bununla bağlı yazır: “Mikayılın şeirlərindəki təbiilik və səmimiyyət diqqəti daha çox cəlb edir. O, şeir yazmaq xatirinə şeir yazmır. Söz əllaməçiliyindən, gəlişi gözəl mənasız söz yığımından qaçmağa çalışır… (“Üz qoyaram torpağına kəndimin”, M.İnçəçaylı, səh: 4).
Ötən il dəyərli şairimizin 65 illik yubileyi ilə əlaqədar ölkənin yeganə rəsmi ədəbi saytı olan “Ədəbiyyat və incəsənət” portalında və eləcə də “Həməşəra” mətbu orqanının səhifəsində yayımlanmış “Mikayıl İnçəçaylı: səmimi, sadə və doğru-dürüst el şairi” adlı geniş təqdimat məqaləmdə onun insani keyfiyyətləri və poeziya sahəsində malik olduğu bacarıqlardan söz açmışam.
Bu qədər deyim ki, Mikayıl İnçəçaylı Cəlilabad ədəbi mühitinin tanınmış, hörmətli və dəyərli nümayəndələrindən biri kimi həm bacarıqlı şair, həm də bacarıqlı bədii qiraətçidir. Onun ayrı-ayrı şarlərin yazdığı şeirlərini qiraət etməsi həmin şeirlərə xüsusi gözəllik qatır. Lakin öz şeirlərini qiraət edəndə sözün həqiqi mənasında insanın ürəyini sızladır, dinləyicinin qəlbinə yol tapmağı bacarır. Bu da onun gözəl və təsirli, kədərli səs tembrinə malik olduğundan irəli gələn ilahi bir vergi sayəsində müyəssər olur. Lakin hər dəfə xüsusilə qeyd etdiyim kimi, Mikayıl İnçəçaylı şeir, poeziya və bədii qiraət sahəsində ona verilmiş ilahi bacarıqdan əlavə, həm də öz insani keyfiyyətləri, səmimiyyəti, ürəyinin böyüklüyü və saflığı, təvazökarlığı və xüsusilə də gənc yazar və şairlərə mənəvi ata və ustad kimi dəstək olduğuna görə cəmiyyət arasında sevilən və xüsusi hörmətə layiq görülən bir insandır.
İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, teoloq, tərcüməçi, araşdırmaçı, yazıçı-publisist)
21.01.2026






















