Meyxoş Abdullah azsaylı yazıçılarımızdandır ki, onun əsərlərini hər dəfə oxumaq istəyirəm.
Özünü şəxsən tanımağıma görə də, özümdən çox razıyam, təvəzökarlıqdan uzaq olsun. “Dost” dediyin ya bir olar, ya iki, deyiblər. Meyxoş Abdullah o “bir№in özü, yaxud o “iki” olanlardan biridir . Mən onu narahat günlərimdə yanımda görmüşəm, əli çatmayanda, özü gələ bilməyəndə səsi, ünü yanımda olub. Təkcə mənim yox ki, tanıdığım, bildiyim, onun dost olaraq qəbul etdiyi hər kəsin. Təkcə dostlarınmı? Əlbəttə yox.
Tanıdığı, bir xoş sözə, qayğıya ehtiyacı olanlardan heç nəyini əsirgəməz. O atı bərk qaçanın tərkinə oturmaz, atı büdrəyənin atının yüyənindən tutar, ayağa qaldırar, yenə də təvəzökarlıqdan uzaq olsun, elə mənim kimi. Çünki dediyim kimi o da ağır günlərin dostudur.
Ağır demişkən, xarakteri də ağırdır, köhnə kişilərdə olduğu kimi ağır səngərdi; yerişini, duruşunu, danışığını çox gözəl bilir.
Yazıçı kimi də fərqlidir. Oxunur. Təkcə bizdə, can Azərbaycandamı? Əlbəttə yox. Onun əsərləri müxtəlif dillərə çevrilib, müxtəlif ölkələrdə dərc olunub, olunur, olunacaq.
Noolsun ki, Azərbaycanın Mədəniyyət nazirliyi öz “kuruqunda” olanların əsərlərini kitab halında dərc edib, edir, noolsun ki o sırada tituluna, “kruquna”, admına, puluna, vəzifəsinə görə deyil, ancaq mükəmməl əsərlərinə görə Avropada, Latın Amerikasında, Ərəb ölkələrində, Türk dövlətlərində – yaxında, uzaqda kitabları dərc olunan Meyxoş Abdullah yoxdur, gələcəkdə ola bilər ki olsun, ümüdü məni və onu oxuyanları tərk etməyib axı. Mədəniyyət nazirliyi tanınan – tanınmayan, sevilən – sevilməyən yazıçıların kitabını alır ha…

Noolsun ki, Meyxoşun kitablarını almır. Noolsun ki, o Bakıda yaşamır, noolsun ki, akademik, yaxud rektor, ədəbi cameədə sözünün və gözünün xırı olmayan, yetənə yetib, yetməyənə selbə atan deyil, bəlkə haçansa, onun da kitablarını alacaq, düşünürəm və bu ümüdlə gözləyirəm, bir vaxtlar Cəlilabadda yaşayan molokanlar- ruslar demişkən: Luçşe pozdno, çem ne koqda.

Meyxoş Abdullah yaxşı yazıçı olmaqla yanaşı, həm də yaxşı oxucudur. O, hər kəsi oxuyur, o cümlədən, yenə də təvəzökarlıqdan uza olsa da, məni də oxuyur. Nədən bilirəm? Deyim. Haqqımda bir neçə dəfə yazııb və mənim iştirakım olmayan tədbir və məclislərdə haqqımda etdiyi söhbətləri haqda da məlumatım az deyil.

Yaxşı dostdur, bu haqda yuxarıda dedim. Sözü bütöv adamdır. Əsərləri də özünə çəkir, özü necədirsə əsərləri də elədir,
yəni tam, bütpöv, bezdirici olmayan

Təkrar olmasın, bir də deyirəm, dostumdur, eloğlumdur, bununa da qürur duyuram. Bu gün də onun dünyamıza gəldiyi gündür, günləri xoş olsun, çox yaşasın. Yazsın, yaratsın, mütləq oxunacaq…





















