Xəbər verildiyi kimi, Mirzə Ələkbər Sabir Fondu 1 avqustdan başlayaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sabir irsi və Azərbaycan ədəbi dilinin təbliği” layihəsini icra edir. Lahiyə çərçivəsində sentyabrın 25-də “Bakı-Xəbər” qəzetinin redaksiyasında dəyirmi masa keçirilib. Layihə üzrə ekspert, jurnalist Fuad Hüseynzadə tədbirin KİV nümayəndələrinə çağırış xarakterli olduğunu bildirib: “KİV nümayəndələri, eləcə də tələbə-jurnalistlərin ədəbi dil qaydaları ilə bağlı maarifçilik səviyyəsinin yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir. “Sabir irsi və Azərbaycan ədəbi dilinin təbliği” layihəsi çərçivəsində bütün fəaliyyətlərdə Azərbaycan ədəbi dilinin qaydalarının qorunması ilə bağlı jurnalistlərə çağırışlar edilir və tövsiyələr verilir. Çünki Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə təsdiqlənmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ında da bu məsələ xüsusi qabardılıb. Mirzə Ələkbər Sabir Fondu da vətəndaş cəmiyyəti olaraq bu layihə ilə ədəbi dilin qorunmasına öz töhfəsini verməyə çalışır”.
Mətbuat Şurasının İdarə Heyətinə üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, bu kimi layihələrin mediada dərc olunan xəbər, məqalə, reportaj və s. dil normalarının pozulması hallarının azalmasına müsbət təsiri var.
Eskpert Mətbuat Şurası tərəfindən mütəmadi olaraq mediada ədədbi dil normalarının pozulması ilə bağlı monitorinqlərin keçirildiyini deyib: “Mətbuat dedikdə təkcə çap deyil, bütün mətbuat, eləcə də müasir vasitələri də nəzərdə tuturuq. Elektron, sosial mediaya baxanda klassik mediada vəziyyətin yaxşı olduğunu görmək mümkündür”.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə çıxışında belə ictimai müzakirələrin açılmasının əhəmiyyətindən danışıb: “Azərbaycan dilinin qorunması və təbliği hər birmizin mənəvi borcudur. İnanırıq ki, bu kimi tədbirlər media qurumlarının ədəbi dilin düzgün tətbiqinə ictimai nəzarəti gücləndirəcək”.
“Bakı-Xəbər” qəzetinin əməkdaşı, politoloq Mehman İsmayılov mediada ədəbi dillə bağlı pozuntulara yol verən subyektlərə qarşı daha ciddi tədbirlərin görülməsinə ehtiyacın olduğunu vurğulayıb: “Hər kəs, xüsusən elə KİV nümayəndələri əllərini daşın altına qoyub ədəbi dlin qoruması ilə bağlı mübarizə aparmalıdır. Biz “Bakı xəbər” qəzeti olaraq bu layihəni təqdirəlayiq hesab edir və uğrlar arzulayırıq”.
Tədbirdə ekspertlər tərəfindən jurnalistlərə tövsiyələr verilib, praktiki iş rejimində yazılarda ədəbi dil normalarına əməl olunması qaydaları haqqında söhbət açılıb.