MDB oyunlarının Xankəndidə keçirilməsinin başqa mənaları da var….

MDB oyunlarının Xankəndidə keçirilməsinin başqa mənaları da var….

Faiq Balabəyli: “İşğaldan azad edilən Xankəndidə bu yarışların keçirilməsi dünyaya ötürülən bir mesaj kimi də xarakterizə oluna bilər”

Məlum olduğu kimi, sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edir. III MDB Oyunları ölkə tarixində ilk dəfə olaraq regionlarda keçirilir və keçiriləcək.

Azərbaycanın yeddi şəhəri qapılarını açıb zəngin mədəniyyət, isti qonaqpərvərlik və müasir idman infrastrukturunu göstərir. Məlumat üçün bildirək ki, yarışlar Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl və Mingəçevirdə təşkil olunur və olunacaq. Qeyd etdiyimiz kimi, beynəlxalq tədbirlər məkanına çevrilən ölkəmizdə təşkil edilən III MDB Oyunları Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöllə yanaşı, işğaldan azad edilən Xankəndidə də keçirilir və qalib adı uğrunda gərgin mübarizə davam edir. Xankəndi şəhəri oktyabrın 2-dən 5-dək kamandan oxatma üzrə yarışlara ev sahibliyi edəcək.

Maraqlıdır, III MDB oyunlarının Xankəndidə keçirilməsinin nə kimi rəmzi mənaları və mesajları var?

“Hazırda Azərbaycanımızın böyük şəhərləri sırasında yer alan bu doğma şəhərdə keçirilən hər hansı tədbirin çox böyük bir siyası çaları, dünyaya səslənmə mesajı var”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, beynəlxalq tədbirlərə ev sahibliyi etmək ölkəmizin son beş ildə qazandığı uğurların nəticəsidir: “İnşallah, bu uğurlar daha geniş vüsət alar və sorağı daha böyük coğrafiyalara yayılar. III MDB Oyunlarının ölkəmizdə keçirilməsi də bu uğurların davamıdır. Bu vaxta qədər Azərbaycanda bir çox beynəlxalq yarışlar, olimpiadalar keçirilib. Bəs bu yarış nə ilə fərqlənir? Əlbəttə, Azərbaycan adının daha geniş arenada səslənməsində bunun da rolu olacaq. Sevindirici hal odur ki, yarışlar paytaxtda deyil, bölgələrdə keçirilir. Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöllə yanaşı, işğaldan azad edilən Xankəndidə də bu yarışların keçirilməsi isə dünyaya ötürülən bir mesaj kimi də xarakterizə oluna bilər. Məlumdur ki, Xankəndi illər idi işğal altında idi. Hazırda Azərbaycanımızın böyük şəhərləri sırasında yer alan bu doğma şəhərdə keçirilən hər hansı tədbirin çox böyük bir siyası çaları, dünyaya səslənmə mesajı var. Yəni çox qısa zamanda şəhərin işğaldan azad edilməsi ilə yanaşı, burada idman yarışının keçirilməsi ilə də ölkəmizin daima tərəqqiyə, yeniliyə açıq və quruculuq işlərində öndə olmasını çatdırmaqdır”.

Günel CƏLİLOVA

“Bakı-Xəbər”

Share: