Mayın 8-i Rauf Talışınskinin anım günüdür

Mayın 8-i Rauf Talışınskinin anım günüdür

Elə bil sən gedəndən sonra dünya da dəyişib. Yox, yox, özü dəyişməyib, onu dəyişdiriblər. İndi jurnalistikada meyarlar başqa cürdür, tamam başqa dəyərlərə söykənir. İndi azad sözün yolu sərhədsiz deyil, tərpənən kimi dalana dirənir.

Elmarın ölümü yadındadırmı? Bax, elə vaxtdan da jurnalistika yeni çəkilən asfalt yolla gedir. “Azad söz”ün adını dəyişib “Necə məsləhətdir” qoyublar. Bəli, bu gün jurnalistlərin əksəriyyəti necə məsləhətdirsə, elə də yazır. Sənin vaxtında “mənəm-mənəm” deyib, od püskürənlərin hamısı, necə deyərlər, indi yumağa dönüblər. Nə səsləri çıxır, nə də cınqırları…
Eh Rauf, Rauf… Prinsiplərinə sadiq, varlığını söz sənətinə həsr edən, jurnalist Rauf! Daha səndən bir də olmaz. Səndən sonra jurnalist yaradıcılığı üçün fədakarlıq nümunəsi göstərənlər çox az qalıb. O sən idin, jurnalistika dəyərlərini cəmiyyətə aşılayan. Ömrünü bu peşənin nüfuzunun artırılmasına, və qorunmasına, peşəkar kadrların yetişdirilməsinə sərf edən, müstəsna xidmətlər göstərən. Hər zaman işgüzarlığın, təşəbbüskarlığın, səmimiyyətin, qayğıkeşliyin ilə seçildin…
…Day nə deyim? Onsuz da eşitmirsən. Sən Bərzəxdə, mən Bakıda. Amma Allah ki eşidir. ONDAN sənə rəhmət diləməkdən başqa əlacım yoxdur…
Ruhun şad olsun!
Rauf Talışinski 16 Noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgan ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin fakültədə aspirantura təhsili alıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. Talışinski “Molodej Azerbaydjana”, “Vışka” qəzetlərində çalışıb, 1981-1989-cu illərdə “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri, 1990-cı ildən “Ayna” və “Zerkalo” qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb. Rauf Talışinski 2001-ci ildən vəfat edənə qədər “Exo” qəzetinin baş redaktoru postunda çalışıb. Əməkdar jurnalist fəxri adına layiq görülmüşdu. 2018-ci il mayın 8-ində qəfil ürəktutmasından vəfat edib…
Elman Eldaroğlu
Share: