Mənim dayım… – Elman Eldaroğlu yazdı

Mənim dayım… – Elman Eldaroğlu yazdı

Bafadin Nəsirovun əziz xatirəsinə…

Min doqquz yüz çoxdanıncı illərin söhbətidir. Səkkiz nəfərdən ibarət ailəmizlə Sumqayıtda, iki otaqlı mənzildə yaşayırdıq. Atam işləsə də, anam evdar qadın idi. Yaxşı yadımdadır, səkkizinci sinfi bitirib sənədlərimi Sumqayıt Politexnik Texnikumuna vermişdim. Qəbul imtahanlarına isə xeyli vaxt qalırdı…
Günlərin birində harayasa kitab almağa getmişdim. Evə dönəndə, dayımı bizdə görüb çox sevindim. Hal-əhval tutandan sonra məlum oldu ki, institututa sənəd verməyə gəlib. Sabahı gün səhər tezdən evdən çıxıb Bakıya, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı institutuna yollandıq. Sənədləri qəbul komisiyyasına təqdim edib Sumqayıta, evə döndük. Həmin yay imtahanlara birlikdə hazırlaşdıq, o, instituta, mən isə texnikuma qəbul olunduq. Qrupda 25 tələbə idilər, 22-si qız, 3-ü oğlan və aralarında ən yaşlısı olduğuna görə o, “qrup nümayəndəsi” təyin olunmuşdu. İnstitutda yaxşı hörmət qazanmışdı. Bir sözünü iki etmirdilər, eşidilirdi. Qəribə mütaliə metodu vardı, rus dilində əzbərlədiyi mətni əvvəlcə maqnitofona söyləyir, sonra dəfələrlə dinləyib səhvlərini düzəldirdi. Nə isə, tələbəlik illərimi onun nəzarəti altında, tövsiyyələri ilə başa vurdum. Əsgərliyə yollanana kimi onunla bir otaqda necə deyərlər, həm yatıb dururduq, həm də dərslərə hazırlaşırdıq. Demək olar ki, günümüz bir yerdə keçirdi. Mən əsgərlikdən qayıdanda o, artıq Yardımlı rayon Partiya Komitəsində məsul vəzifədə çalışırdı. Çox keçmədi ki, onu Saratov Ali Partiya Məktəbinə göndərdilər və iki il də oranın tələbəsi olub geri- öz işinə döndü. Arada bir görüşsək də müntəzəm əlaqəmiz yox idi. Necə deyərlər, hərə öz işində…
Yardımlı, ey Yardımlı…
Bu hadisələrdən xeyli vaxt keçirdi. Artıq XXI əsrin əvvəlləri idi. Yeni yaratdığımız “Tək Dam”, sonradan “Yardımlı Xeyriyyə Cəmiyyəti” adlandırılan təşkilatın fəaliyyəti ilə bağlı Yardımlıya tez-tez getməli olurdum. Hər gedəndə də Dəlləkli kəndinə, onun yaşadığı “baba evi”ndə qalırdım. Bəzən gecədən səhərə qədər söhbətləşir, yeni ideyalarımı onunla bölüşüb məsləhət alırdım…
Necə deyərlər, Yardımlıda at oynatdığına, yardımlıları təhqir etdiyinə görə, 2008-ci ildə rayonun o vaxtkı icra başçısı ilə münasibətlərim korlandı. Və ona qarşı kəskin mövqedə oldum. Rəhbərlik etdiyim “Tək Dam”, sonradan “Yardımlının Səsi” müstəqil qəzetlərində rayondakı problemləri işıqlandırır, icra başçısını nöqsanlarına görə tənqid edirdim. Vəziyyət o yerə gəlib çatmışdı ki, onun qorxusundan rayonda hamı mənimlə ünsiyyətdən qaçır, buna görə cəzalandırılacaqlarını açıq-aşkar dilə gətirirdilər. Çox keçmədi ki, qəzetin yayımlanmasına böyük əngəllər yaradılırdı. Buna baxmayaraq, qəzetimiz əldən ələ gəzir, hətta “ksero kopiya”sını çıxarıb rayon əhalisi arasında bir-birinə ötürürdülər. Bundan qəzəblənən icra başçısı qəzeti rayonda yayımlayan, o vaxt qaz idarəsində çalışan dostum Ramiz İsmayılovu vəzifəsindən çıxartmağa nail də oldu. Sağ olsun, rayon məhkəməsinin sabiq hakimi Gündüz Abbasov, onun vasitəsi ilə Ramizi bir təhər işə bərpa etdirə bildik. Sonradan qəzetin yayımlanmasını xalamın həyat yoldaşı Kərbəlayi Məhəmməd kişi öz boynuna götürdü. Buna görə, onun da başına min oyun açdılar. Çox əlləşdilər, özəl aptekini əlindən almağa çalışdılar, amma bacarmadılar. Sanki icra başçısı mənə və qohumlarıma gizli müharibə elan etmişdi. Fəqət, bir gənc xalam oğlunu işlədiyi mühafizə xidmətindən, bir əmim oğlunu rəhbərlik etdiyi YAP-ın kənd bölməsindən uzaqlaşdıra bildi. Haqqında söhbət açdığım dayım onda Dəlləkli kənd məktəbinin direktoru işləyirdi. Çox keçmədi ki, onun da, necə deyərlər, torbasını tikib vəzifəsindən uzaqlaşdırdılar. Həmin vaxtlar həyatımın həm təhlükəli və həm də çox ağrılı vaxtları idi. Rayonumuz naminə atıldığım mübarizədə arxamda çox az adam görünürdü. Bir neçə dəfə professor Vəli Əsmətov icra başçısının qardaşı vasitəsi ilə bu müharibəyə son qoyulmasına çalışsa da, artıq gec idi…
Fürsətdən istifadə edib o vaxt mənə sədaqət göstərən, vəfalı dostlarım Zakir İmanova, Əli İskəndərova, Kərbalayi Məhəmməd kişiyə, Ramiz İsmayılova, Qabil Qaraxanlıya bir daha minnətdarlıq edirəm. Yeri gəlmişkən, həmin dövrdə qəzetimizdə çap olunan bir şeirimi sizə təqdim etmək istəyirəm:
Üz-üzə gələndə, yad adam kimi,
Mənə salam vermə, salam gözləmə.
Gedib söyləyərlər, çuğullar çoxdur,
Mənə salam vermə, salam gözləmə.
Bir elin yoxdursa ər oğulları,
Arxası boş qalar nər oğulların.
Hələ meydandadır yurd çuğulların,
Mənə salam vermə, salam gözləmə.
Zəng edib arasam, açma telefonu,
Çatar qulağına bu xəbər onun…
Yazıqsan, yetişər vədəsiz sonun,
Mənə salam vermə, salam gözləmə.
Heyif o dağlardan, heyif o düzdən,
Ərəni yoxdursa, düşəcək gözdən.
Salam! Utanıram vallah, bu sözdən,
Mənə salam vermə, salam gözləmə...
Və nəhayət
2010-cu ildə Sevindik Hətəmovun rayonumuza icra başçısı təyin olunması ilə, bu mübarizəyə son qoyuldu. Bax, onda “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin də, “Yardımlının Səsi” qəzetinin də fəaliyyəti səhmana düşdü. Artıq rayon mərkəzində, mehmanxanada və ya dostların evində qalmaq mənim üçün təhlükəsiz oldu. Heç indiki icra başçısı- Ayaz Əsgərov da fəaliyyətimizə qarşı radikal olmayıb. Arada həmişə mehribanlıq və diqqət olub. Ara-sıra Dəlləkli kəndinə dayımgilə getsəm də, əsasən rayon mərkəzində qalırdım. Amma dayımla əlaqəm həmişə olub, tez-tez zəngləşib telefonla danışırdıq. Doğrudur, “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin rayonda baş tutan tədbirlərində iştirak etməsə də, çətin günlərimdə əziyyətimə çox qatlaşıb…
İndi soruşacaqsınız ki, bəs dayının adı nədir?
Düşünürəm ki, dayımın kim olduğu barədə xeyli məlumat verdim. Adı, ölkəmizdə nadir adlardan biri – Bafadin, soyadı isə Nəsirov idi. 66 yaşında vəfat edib. Yox, yox! Rəsmi xronukada belə olsa da, mənim üçün Bafadin Nəsirov hələ də sağdır, hələ də yaşayır. Elə təsəvvür edirəm ki, o, yenə də uzaqlara – harayasa oxumağa gedib və nə vaxtsa yenə də görüşəcəyik…
Bəli, yaşasaydı bu gün- fevralın 9-u Bafadin Nəsirovun 69 yaşı tamam olacaqdı…
Dərin hüznlə, Elman Eldaroğlu
Share: