Mən onu, Etimad Başkeçidi belə tanıyıram…

Mən onu, Etimad Başkeçidi belə tanıyıram…

İnsanpərvər, təmiz və müsbət enerji ilə dolu adamdır. Olduğu yerə həyəcan qatmağı bacarır. Ağlı, zəkası və yaxşı ideyaları ilə eyni anda müxtəlif mövzularda bir neçə söhbəti davam etdirə bilir.

Enerjisi, həyəcanı və idarəolunmaz həvəsi ilə həyatı çox cəsarətlə yaşayır və insanların çoxunun uzun müddət başa çatdıra bilmədiyi işləri tez bir zamanda tamamlayır. Müstəqil fəaliyyət göstərməyə meyllidir. İstədiyi yerə, istədiyi vaxt gedə bilmək, darıxdığı zaman yeni mühitlərdə həyəcan axtarmağa həvəslidir. İstedadlıdır, istənilən işə girişdisə, öhdəsindən asanlıqla gəlir. Özünə inamı və sərbəstliyi ilə diqqət çəkir. Necə deyərlər, özünə qiymət verməyi bacarır. Güclü və ehtiraslı adamdır. Əyləncələri və böyük yığıncaqları xoşlayır, həmişə diqqət mərkəzində olmağa çalışır. Şəxsi mülahizəsinə, gəldiyi qənaətə görə hərəkət etməyə meyillidir və nadir hallarda məsləhətlərə qulaq asır…
Deyir ki:- “Dəyişiklik yaxşı şeydir, amma bir ağacı bir yerdən çıxarıb başqa yerə əkəndə ondan yaxşı bar-bəhər gözləməyə dəyməz. Mənsə artıq ömrüm boyu işlədiyim yerlərin sayını da itirmişəm. Ən çox işlədiyim yer Bakı Slavyan Universiteti olub. BSU-da prorektor və rektor postlarından savayı, demək olar, butun vəzifələrdə işləmişəm. Hamısından da öz ərizəmlə çıxmışam. Ona görə ki, bir işi sənə etibar eləyirlərsə, deməli inanırlar və sən də bu inamı doğrultmağa çalışırsan. Həm də istəməmişəm haqqımda fikirləşsinlər ki, “donuzun başını xonçaya qoyursan, sürüşüb düşür.” Amma çox şey dolanışığa bağlıdır, indiki vaxtda ali məktəblərdə vəzifə maaşı ilə keçinmək çətindir. Rəhbərlik də öz cibindən sənə pul-para verəsi deyil. Universitet müəllimləri ölkənin ən fədəkar insanlarıdır…”
Haqqında söhbət açdığım Etimad Başkeçid 1966-cı il iyulun 14-ü Gürcüstanın SSR-in Dumanisi rayonunun Kirovisi kəndində anadan olub. 1973-1983-cü illərdə Kirovisi orta məktəbində təhsil alıb. 1988-1993-cü illərdə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyub. 2007-2008-ci illərdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinin və 2011-ci ildə “Tərcümə nəzəriyyəsi və praktikası” kafedrasının müdiri, 2004-2005-ci illərdə “Tərcümə problemləri” elmi tədqiqat laboratoriyasının elmi işçisi, 2005-2007-ci illərdə universitetin “Tələbə dünyası” qəzetinin baş redaktoru, 2009-2010-cu illərdə Jurnalistika kafedrasının müəllimi və Folklor araşdırması ETL-in aparıcı elmi işçisi, 2011-2012-ci illərdə Folklor araşdırmaları ETL-in böyük elmi işçisi və Jurnalistika nəzəriyyəsi və praktikası kafedrasının müəllimi olub. Sonra bir neçə il Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzində idarə rəisi vəzifəsində çalışıb. Hazırda Dillər Universitetinin nəzdində “Xəzər” jurnalının baş redaktorudur. Çox sayda publisistik, bir neçə elmi məqalənin, bir çox bədii və elmi kitabın redaktoru və önsözünün müəllifidir…
Yaxşı futbol oynamağı var, hətta oxuduğu institutun futbol komandasına kapitanlıq da edib. Uşaqlıqda isə güləşlə məşğul olub və bu idman növündə dərəcəsi də var. Atası Murtuz Muradov müəllim idi, kimya müəllimi. Anası isə sovxozda çalışıb. Ailədə beş övlad olublar. Tələbəlik illərini və ondan sonrakı on beş ili Rusiyada yaşayıb…
“1992-ci ilə qədər bir-iki erməni tanışım vardı. İndiki kimi yadımdadır, həmin il, mayın səkkizində, institutun yataqxanasında erməni tələbələrin hamısı bir otağa yığışıb, “Şuşanın azad edilməsi”ni bayram edirdilər. Sevinc-şadlıq nidaları yataqxananı başına götürmüşdü. Bir-iki axmaq rusu da özlərinə qoşmuşdular. Bundan əvvəl isə Xocalı məsələsi olmuşdu. Belə-belə şeylərə görə onlarla mənim dostluğum olmayıb. Əsgərliyimi Belorusiyada çəkmişəm. “Belovejskaya puşşa” deyilən yer var, orda. Raket qoşunları idi deyə, bizdə «dedovşina-filan» o dərəcədə deyildi. Tez-tez ezamiyyətə gedirdik- köhnə raketləri vaqonlara yükləyib, zavoda aparır, oradan təzəsini gətirirdik. “Starik” vaxtlarımda belə yatağımı özüm yığmışam, çəkmələrimi özüm təmizləmişəm. Elə bir yazıçı tanıyırsanmı ki, məktəb və universitet illərindən yazmasın, hərbi xidmətini- əgər xidmət edibsə- xatırlamasın?”- söyləyir.
Sosial məsələlərdə çox uğurlu adamdır. Bir sıra cəhətləri ətrafdakılar tərəfindən yüksək qiymətləndirilir. Bir az macəraçıdır, həyatı bütün aspektləri ilə yaşamaq istəyir. Onu hansısa qəlibə salmaq asan deyil. Çünki monoton həyat tərzi onun üçün deyil. Belə mühitdə tez sıxılır. Çox çevikdir. Təbiətcə dəli-dolu və enerjili olduğu üçün, onunla rəqabətə girmək ağılsızlıqdır. İlk baxışdan sərt və narahat bir şəxsiyyət təəssüratı yaratsa da, ümumiyyətlə ətrafdakılar tərəfindən tez sevilir. Onu daha yaxından tanıyan hər kəs, necə deyərlər, içindəki qiymətli daşları gördükcə onunla daha çox maraqlanır. Onun üçün ətrafdakıların diqqəti və hissləri son dərəcə vacibdir…
Deyir ki:- “Böyük yazıçıların əksəriyyəti, Heminquey, Markes və s. kimi adamlar ədəbiyyata jurnalistikadan gəliblər. Bu mənada gənclərin müsahibə almasında, köşə yazmasında pis bir şey görmürəm. Amma o yazıçılar bədii ədəbiyyatla məşğul olmağa başlayandan sonra, əksərən, jurnalistikanın daşını atıblar. Çünki bunların ikisini də bir arada tutmaq hardasa mümkün deyil. Sadəcə jurnalist adətən saytın, qəzetin sifarişini yerini yetirir, çalışmaq lazımdır ki, sifarişli yazılar yazmaq vərdiş halını almasın, adam ictimai fikrin buyruq quluna çevrilməsin. Sırf ədəbi yaradıcılıqla məşğul olmaq istəyirsənsə və əgər Tolstoy kimi qraf deyilsənsə, gözə almalısan ki, bu yolda səni böyük iztirablar gözləyir. Özü də çox zaman axırda heç bir dividend gətirməyən iztirablar…”
Nə isə, Etimad Başkeçid haqqında çox danışmaq olardı. Hələlik bunlarla kifayətlənib, sonda sizə sual vermək istəyirəm: Bəs siz Ehdimad bəyi necə tanıyırsınız?..
Bəli, iyulun 14-ü şair, yazıçı, jurnalist, tərcüməçi Etimad Başkeçidin növbəti ad günüdür, onu təbrik edirəm!..
Hörmətlə, Elman Eldaroğlu

Share: