Məmməd Araz deyiləndə insanın yaddaşına həkk olunan Vətən gözlərinin önünə gəlir.
O Vətən ki, onun daşında mamır olub bitmək,
Vətəndaş olmaq üçün Vətən daşı olmaq da şərəfdir.
Elə Məmməd Araz özü də Vətəndir.
Vətənin daşıdır.
Və özü torpaq olaraq Vətənin daşına çevrilib.
Bu sözlər onun varlığını ən dəqiq ifadə edir.
Çünki Məmməd Araz adı çəkiləndə insanın gözləri qarşısında yalnız bir şair deyil,
Vətənin qaya kimi möhkəm siması canlanır.
O, bu torpağın yaddaşına çevrilmiş bir ruh,
daş kimi dözümlü bir iradə idi.
Məmməd Araz sadəcə şeir yazmırdı,
o, Vətənin dilindən danışdırırdı.
Daşları, qayaları, çayları, dağları sözə çevirirdi.
Onun misralarında torpağın nəfəsi duyulurdu.
O, hər kəlməsi ilə xalqın ruhuna toxunurdu.
O, Vətənin ağrısını duymaqdan qorxmurdu,
əksinə, o ağrını sanki sinəsində gəzdirirdi.
“Bu torpaq-mənim Vətənimdir” demirdi,
“mən özüm torpağam” deyirdi.
Hər addımında, hər misrasında bu torpaqla birləşirdi.
Məmməd Arazın poeziyası-
Vətən ağrısının, bütövlük idealının və insan ləyaqətinin simvoludur.
Onun sözündə sərhədlər yox idi,
çünki o, özü Araz kimi axan, bölünməz bir ruh idi.
Bu gün o, torpağa qarışıb,
amma səsi torpağın içindən gəlir.
Dağların səssizliyində onun misraları,
çayların axarında onun yanğısı var.
O, Vətənin daşına çevrilib.
Vətən danışırsa, demək hələ Məmməd Araz yaşayır.

Samir ƏSƏDLİ
















