Mədəniyyət sahəsində mədəniyyətsizlik – Şərafəddin İLKİN yazdı

Mədəniyyət sahəsində mədəniyyətsizlik  – Şərafəddin İLKİN yazdı

Toy və şənlik məclisləri Azərbaycan cəmiyyətində təkcə əyləncə məkanı deyil. Bu məkanlar milli dəyərlərin, ailə ənənələrinin, ədəb-ərkanın və ictimai davranış normalarının nümayiş olunduğu sosial platformadır. Belə bir mühitdə qayda-qanunun qorunması isə birbaşa məclisi idarə edən aparıcının məsuliyyətidir.

Bir məclisdə dəvətli aparıcı olduğum halda, tədbirin ən qızğın vaxtında meyxanaçı kimi tanınan Samirə Yusifqızı səhnəyə yaxınlaşaraq aparıcının razılığı olmadan mikrofonu götürmək istədi. Halbuki proqram müəyyən ardıcıllıqla davam edirdi və şadlıq sarayının öz ansamblı fəaliyyət göstərirdi. Bu addım təkcə prosedur pozuntusu deyildi, səhnə qanununa və məclis mədəniyyətinə açıq müdaxilə idi. Məclisdə nizam-intizamın pozulmaması üçün musiqini saxlatdırdım, qonaqlara söz verdim və daha sonra ona qaydalara uyğun şəkildə oxumaq imkanı yaratdım. Mikrofon vasitəsilə açıq şəkildə bildirdim ki, aparıcının icazəsi olmadan ifa etmək səhnə mədəniyyətinə uyğun deyil.


Bu hadisəni xatırlatmağım təsadüfi deyil. Çünki məsələ təkcə bir mikrofon epizodu deyil. Orada nümayiş olunan münasibət “qayda mənə aid deyil” düşüncəsi bu gün başqa platformalarda daha sərt və daha açıq formada onun qızının timsalında qarşımıza çıxır. Əgər səhnədə qayda pozmaq normal sayılırsa, sosial mediada sərhəd aşmaq da normal qəbul edilir.
Son dövrlərdə sosial şəbəkələrdə yayılan çıxışlar, xüsusilə də Samirə Yusifqızının qızı Fərəhin (Fərəh Samireqızı (?) istifadə etdiyi küçə leksikası, etik çərçivəni aşan ifadələr və nümayişkaranə davranış forması cəmiyyətdə ciddi narahatlıq doğurur. Burada söhbət təkcə sərt danışıqdan getmir. Söhbət açıq şəkildə sərhədsizlik nümayişindən gedir. Elə bir təəssürat yaranır ki, valideynin edə bilmədiyi və ya etmədiyi davranış sərhədləri övlad üzərindən daha radikal formada həyata keçirilir.
Bu, artıq fərdi ifadə azadlığı mövzusu deyil. Sosial media şəxsi otaq deyil. Orada deyilən hər söz minlərlə, bəzən milyonlarla insana çatır və xüsusilə gənc nəslin davranış modelinə çevrilir. İctimai nüfuz daşıyan şəxslərin ailə üzvləri də istər-istəməz ictimai məsuliyyət daşıyır. Əgər həmin platformalarda aqressiv üslub, hörmətsiz ifadələr və etik sərhədləri aşan davranışlar nümayiş olunursa, bu, artıq təkcə ailədaxili məsələ deyil.
Son illər başqa bir təhlükəli meyil də müşahidə olunur: sənətçi valideynlərin övladları arasında açıq rəqabət və qalmaqal üzərindən reytinq qazanmaq cəhdi. Sanki diqqət sənətlə deyil, sərhədsizliklə ölçülür. Əgər valideyn səhnədə müəyyən çərçivələri aşmayıbsa, bu o demək deyil ki, həmin çərçivələr övlad vasitəsilə dağıdılmalıdır. Ailə tərbiyəsi şöhrət layihəsi deyil, məsuliyyətdir.
Problem təkcə sosial şəbəkələrlə məhdudlaşmır. Bu gün bəzi televiziya kanalları da qalmaqal və etikadan uzaq davranış nümayiş etdirən şəxsləri efirə çıxarmaq üçün sanki növbəyə dayanıb. Reytinq naminə səviyyə qurban verilir. İctimai yayım məkanı maarifləndirmə platforması olmaq əvəzinə, sensasiya meydanına çevrilir. Bu davranışlar efir vasitəsilə legitimləşdirilir və normallaşdırılır.
Burada bir acı reallıq da var ki, cəmiyyət özü də bu prosesi qidalandırır. Qalmaqal və sərhədsiz davranışlarla gündəmə gələn şəxslər yüksək qonorarlarla məclislərə dəvət olunur, onlarla şəkil çəkdirmək üçün növbələr yaranır. Əgər alqış varsa, davamı da olacaq. Əgər səviyyəsizlik qazanc gətirirsə, o, modelə çevriləcək. Bu artıq təkcə ifaçının və ya televiziya kanalının deyil, sifarişçinin və tamaşaçının da məsuliyyətidir.
Mən uzun müddət qardaşım, dostum, sirdaşım, sənəti və əxlaqı ilə nümunə olan Baloğlan Əşrəfovun idarə etdiyi məclislərin aparıcısı olmuşam. O, etikadan kənar nə özü bir addım atardı, nə də ansambl üzvlərinə buna imkan verərdi. Bir dəfə məclislərin birində müğənni xanım bir qədər açıq geyimdə idi. O, dərhal müdaxilə etdi və bildirdi ki, ailə məclisində səhnəyə çıxan insan geyimi və davranışı ilə örnək olmalıdır. Çünki toy səhnəsi ailə ocağıdır. O, səhnəni qazanc mənbəyi yox, mənəvi məsuliyyət məkanı hesab edirdi.
Bu gün isə bəzi ifaçıların səhnə geyimlərinə və ictimai davranışlarına baxanda adam xəcalət çəkir. Estetika ilə nümayişçilik arasındakı sərhəd qəsdən silinir. Sənət adı altında diqqət aclığı təqdim olunur. Bu, azadlıq deyil, ictimai məkanın hörmətsiz istifadəsidir.
Sənət azaddır, lakin məsuliyyətsiz deyil. Azadlıq ictimai əxlaqı dağıtmaq hüququ vermir. Əgər məsuliyyətsizlik normaya çevrilərsə və alqışlanarsa, bu artıq təkcə bir ailənin və ya bir ifaçının problemi deyil. Bu, bütöv cəmiyyətin zövq və tələb səviyyəsinin göstəricisidir.
Bu mövqe şəxsi qarşıdurma deyil. Bu, prinsip məsələsidir. Məclisdə səhnə mədəniyyətini qorumaq necə vacibdirsə, ictimai məkanda etik sərhədlərin qorunması da bir o qədər vacibdir. Cəmiyyət sənət adamından yalnız istedad yox, həm də məsuliyyət gözləməkdə haqlıdır. Əks halda sənət adı altında təqdim olunan sərhədsizlik bizi mədəni inkişafdan yox, mənəvi aşınmaya doğru aparacaq.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı laureatı”.

Share: