Vətəndə uzaqda – qürbətdə keçən ömür deyəndə, şübhəsiz ki, bir çoxlarının yadına Almas İldırım düşür.
Ömrünün bahar çağında ürəyinə daş bağlayıb Azərbaycan həsrəti çəkən, doğma eli, obası üçün içdən-içə yanan, alovlanıb tüstü kimi göylərə sovrulan Almas İldırım… Onun əsl adı Əbülhəsən olub. Lakin uşaqlıqdan babasının adı ilə – Almas çağırdıqları üçün atasının ona qoyduğu isim zamanla unudulub…
Almas İldırım 1907-ci il martın 24-də Bakı yaxınlığındakı Qala kəndində anadan olub. Atası, əkinçi Hacı Əbdülməhəmməd kişinin Qalada kiçik torpaq sahəsi, Ləpədöyəndə isə bir-iki balıqçı qayığı var idi. O, bu gəlirlər hesabına ailəsinin dolanışığını çətinliklə də olsa təmin edirdi. Almasın anası Nisə xanım isə evdarlıqla məşğul olurdu.
1913-cü ildə Almas altı yaşında olarkən ailəsi Şüvəlana, 1920-ci ildə isə Çəmbərəkəndə köçür. Kiçik Almas 1914-1915-ci tədris ilindən etibarən Cənubi Azərbaycandan Bakı neft mədənlərində işləməyə gəlmiş fəhlələrin uşaqları üçün İran hökuməti tərəfindən açılmış “İttihad” məktəbində təhsil almağa başlayır. Bu məktəbdə dərslər Azərbaycan dilində aparılır, eyni zamanda fars dilinə də geniş yer verilirdi. Buna görə də Almas İldırım “İttihad” məktəbini bitirərkən fars dilində mükəmməl yazı və danışıq bacarığı qazanmışdı.
1925-ci ildə “İttihad” məktəbini bitirən 18 yaşlı Almas təhsilini Abdulla Şaiqin nümunə məktəbində davam etdirir. Bu məktəbdə Abdulla Şaiq, Seyid Hüseyn, Q.Əfəndiyev (Qantəmir) kimi görkəmli ziyalıların dərs deməsi gənc Almasın intellektual inkişafına və bədii yaradıcılıq istedadının üzə çıxmasına mühüm təsir göstərir.
Abdulla Şaiqin nümunə məktəbində Almas İldırımla birgə oxumuş və onunla dostluq etmiş buzovnalı Abbasqulu Əlihüseyn oğlu Abdullayev (Nafi) (1905-1993) xatirələrində tələbələr arasındakı dostluq, səmimiyyət və mehribanlığı xüsusi vurğulayır, Almas İldırımın adını xüsusilə qeyd edir. Onun sözlərinə görə, Almas ağır təbiətli, təvazökar bir insan idi və müəllimlərindən daha çox Seyid Hüseyn və Abdulla Şaiqlə yaxın ünsiyyətdə olurdu, onları daha çox sevir və şəxsiyyətlərinə hörmətlə yanaşırdı.
















