Ləyaqətli kişinin yadigarı… -Elman Eldaroğlu yazdı

Ləyaqətli kişinin yadigarı… -Elman Eldaroğlu yazdı

Sumqayıt şəhərində doğulub böyüsəm də, etiraf edirəm ki, sümyüklərimə, iliyimə kimi həm də ata-baba yurdum Yardımlıya bağlı adamam.

Bu bağlılığın tarixçəsi ötən əsrin yetmişinci illərinə gedib çıxır. Şəhərdə ayaq tutub yeriməyimdən, dil açıb danışmağımdan asılı olmayaraq məndə Yardımlıya bu bağlılığı ana babam, rəhmətlik Ağadin Nəsirov yaradıb. Orta məktəbin səkkizinci sinfini bitirənədək hər il yay tətilini Yardımlıda, babamgildə keçirmişəm. Odur ki, o bölgənin hər qarışı mənə əziz, hər bir sakini və hətta orayla bağlı olan hər bir şəxs mənə doğmadır…
İndiki Yardımlı 1929-cü ildə müstəqil inzibati ərazi vahidi kimi təşkil olunandan bu günədək, bu rayona otuza yaxın rəhbər başçılıq edib. Onların arasında qınaqla xatırlananları da var, ehtiramla yad edilənləri də. Ehtiramla yad edilənlər arasında ən çox xatırlanan 1962-1973-cü illərdə rayon partiya komitəsinin birinci katibi işləyən Səfər Verdiyevdir. Yardımlılar onu ləyaqətli kişi, işgüzar bir rəhbər kimi bu gün də xatırlayır, ruhuna rəhmət diləyirlər. Bəli, bu gün sizə onun yadigarlarından biri- Məhəmməd Verdizadə haqqında söhbət açmaq istəyirəm. Bu həm Səfər Verdiyevin xatirəsinə ehtiramım və həm də Məhəmməd Verdizadəyə bir diqqətim olar…
Müsahibələrindən birində deyir ki:- “Atam uzun illər birinci katib vəzifəsində çalışıb. Ailədə 7 uşaq olmuşuq. Atam mənim aktyor olmağıma razı deyildi. Bizim nəslimizdə incəsənət adamı olmayıb. Heç ağlına da gəlmirdi ki, mən məhz bu sahəni, aktyorluğu seçəcəyəm. Orta məktəbi bitirdikdən sonra atamın arzusu ilə o zamanlar “narxoz” deyilən Xalq Təsərrüfatı İnsitutuna daxil oldum. Amma orada oxumaq istəyim yox idi. Sonra atam dedi ki, gəl, səni Hüquq fakültəsinə göndərək. Atamın xətrinə dəymədim, razılaşdım. Qulu Xəlilov atamın dostu idi. Məni imtahanlara hazırlaşdırmağa başladı. Atam məzuniyyətə getdi və mən dərslərdən “qaçdım”. Axı, qərarım aktyor olmaq, İnsəcənət İnstitutuna daxil olmaq idi. Atam gördü ki, onun istədiyi sahələrə marağım yoxdur. Mənə dedi ki, sən nə istəyirsən? Dedim ki, aktyor olmaq istəyirəm. Atam da dedi ki, mən səndən əlimi üzdüm. Hara istəyirsən get. Sənədlərimi İncəsənət İnstitutuna verdim. İmtahanı Adil İsgəndərov götürürdü. Mənim səsimi bəyənmişdi. Xüsusi heç nə soruşmadı. Adil müəllimdən 5 aldım. Beləliklə, aktyor olmaq arzuma çatdım…”
O, 1959-cu ilin yanvar ayının 30-da Kəlbəcər rayonunda dünyaya gəlib. Üç yaşında ikən ailəvi Laçına, oradan da Yardımlıya köçüblər və 8-ci sinfə qədər Yardımlıda oxuyub. 10-cu sinfi isə Şamaxıda başa vurub. Əvvəlcə Xalq Təsərrüfatı İnsitutunda təhsilini davam etdirsə də, sonradan təhsilini yarımçıq qoyaraq indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alaraq aktyor ixtisasına yiyələnib. Hələ II kursda oxuyarkən “Babək” filminin foto sınağında iştirak edib. III kursda oxuyarkən isə, həmin filimdə Babəkin oğlu- Buğday roluna çəkilib. Ali təhsilini bitirdikdən sonbra bir müddət ADMİU-da dərs deyib və Tədris Teatrında çalışıb. Sonra 20 il Rusiyanın Tver vilayətində məskunlaşıb. 2016-cı ildən isə yenidən Azərbaycanda yaşayır. Ümumiyyətlə, o, indiyədək ona yaxın filim və serialda rol alıb…
“Mənim Azərbaycandan gedişim çətin illərə təsadüf etdi. Artıq kino, teatr, sənətlə maraqlanan az idi. Belə illərdə getməyə məcbur oldum. 20 il Azərbaycandan kənarda yaşadım. Ağır günlərim çox oldu. Amma ailəmi, balalarımı saxlamalıydım. Ona görə də getməliydim. İki qızım var. Şükür Allaha, bu gün hər şey yaxşıdır. Qızlarım böyüyüb, ailə qurublar, nəvəm var. Vətəndən uzaqda, sənə yad olan adamların arasında yaşamaq, karyera qurmaq çox çətindir. 20 il Rusiyanın Tver vilayətində yaşadım. Rusiyada bir neçə seriala da çəkildim. Amma günlərin birində bezdim və qayıtmaq qərarına gəldim. Odur ki, həmişəlik vətənə qayıtdım…”- söyləyir.
…Bəzən aktyor olduğuna peşman da olub. Amma hər zaman düşünüb ki, bu sənəti özü seçib, özü sevib. Və özünü bu sənətdə tam azad insan kimi hiss edir…
Deyir ki:- “Mənim fikrimdə bir ssenari var. Onu həyata keçirmək istəyərdim. Boz, mənasız həyat tərzi keçirən adamın həyatını göstərmək, yaratmaq istəyərdim. Robot kimi həyat yaşayan bir adam günlərin birində necə dəyişib, pambıq kimi insana çevrildiyini nümayiş etdirərdim. Onu nə dəyişir? Bax, bunu göstərmək istəyərdim. Eləcə də “Müfəttiş”də Xlestakovu oynamaq istəyərdim. Amma artıq gecdir, yaş keçib…”
Ona xarakterik xüsusiyyətlərə gəldikdə isə, ümumilikdə ağıllı və sistemli insandır. Əsas xüsusiyyətlərindən biri də, onun azadlığı sevməsi və fərqli düşüncəyə sahib olmasıdır. Duyğularını, hisslərini elə də bildirən adam deyil. Buna görə də, onu başa düşmək biraz çətindir. Ancaq şən, səmimi adam olduğuna görə ətrafdakılar tərəfindən çox sevilir. Onun ən müsbət xarakteri isə, xeyirxah və nəzakətli olmasıdır. Hər zaman başqalarına kömək etmək və bildiklərini öyrətmək üçün hazırdır. O, həm də inadkarlığı ilə seçilir. İradəli və əzmkardır. Məntiqlə hərəkət etdiyinə görə, çox vaxt uğur qazanır. Gözəl zövqü var. Yaxşılara dəyər verməyi, çəkilən zəhməti qiymətləndirməyi bacarır…
…Bəli, 1962-1973-cü illərdə Yardımlı rayon partiya komitəsinin birinci katibi işləyən Səfər Verdiyevi yardımlılar bu gün də ləyaqətli kişi, işgüzar bir rəhbər kimi xatırlayır, ruhuna rəhmət diləyirlər…
Deyirlər ki, ot kökü üstə bitər. Haqqında söhbət açdığım Məhəmməd Verdizadə də öz kökünə bağlı adamdır və ləyaqətli bir kişinin yadigarıdır…
Hörmətlə, Elman Eldaroğlu
Share: