Lənkəran teatrı haqqında… – Leyla Məcidova yazır

Lənkəran teatrı haqqında… – Leyla Məcidova yazır

Lənkəran şəhərinin Qala xiyabanında bir ünvan var.Bu ünvan gediş-gəlişin , sıx olduğu xüsusilə piyadaların daha çox hərəkət etdiyi yerdədir.

Təbii ki, insanlar bu yerdən keçəndə binanın qarşısında nümayiş etdirilən afişaları görəndə istər-istəməz ayaq saxlayır, hansı əsərə səhnə həyatı veriləcəyi ilə maraqlanırlar.Bura Azərbaycan klassik ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan yazıçı drammaturq Nəcəf Bəy Vəzirovun adını daşıyan Lənkəran Dövlət Dram Teatrıdır.
Azərbaycan milli teatrının inkişafında , eləcə də Cənub zonasının mədəni həyatında mühüm rol oynayan Lənkəran Dövlət Dram Teatrı müxtəlif tarixi inkişaf mərhələlərindən keçib.Teatrın əsası XIX əsrin sonuncu ongünlüyündə qoyulub.
Demək olar ki, hələ əsrin əvvəllərində də Lənkəranda teatr mühiti olub.Təsadüfi deyil ki, Həqiqət Rzayeva , Münəvvər Kələntərli , Haşım Kələntərli , İsmayıl Talışınski, Cahan xanım Talışinskaya kimi məşhur sənətkarlar məhz Lənkəran teatrının yetirmələridir.
Əgər tarixi keçmişə nəzər salsaq, görərik ki, XIX əsrin ortalarından başlayaraq Lənkəranda Rus və Azərbaycan dillərində məktəblar açılıb.Əsrin sonlarında isə Lənkəranda mütərəqqi fikirli ziyalılar yetişmiş , onlar maarrifin , ədəbiyyatın və xüsusilə teatr sənətinin inkişafında mühüm rol oynamışlar.Belə ki, Mirzə Əziz Əliyevin , Teymur bəy Bayraməlibəyovun , Mir İbrahim bəy Talışınskinin bu sahədə böyük xidmətləri olub.Qeyd edək ki, Mirzə Əziz Əliyevə oğlu Mirzə Ağəli Əliyev öz müstəsna , səmərəli fəaliyyətləri ilə daha çox fərqləniblər .Onlar Bakıda , Naxçıvanda , Şamaxıda yaşayıb yaradan ziyalı dostları ilə sıx əlaqə saxlayır, Lənkəranda yeniliyin , mütərəqqi meyllərin carçısı , tərəfdarı kimi çıxış edirdilər.Hələ 1884-cü ildə Lənkəranda Teymur Bəy Bayraməlibəyovun təşəbbüsü və təşkilatçılığı ilə müəllimlərin və şagirdlərin iştirakı ilə böyük rus yazıçısı M.V.Qoqolun “Evlənmə” komediyasaı tamaşaya qoyulub.Moskva vilayətindən olan teatrşünas A.İvanov bu münasibətlə “119 il əvvəl Lənkəranda Teatr tamaşası” məqalə yazıb və bu məqalə yerli “Leninçi” qəzetinin 29 noyabr 1960-cı il tarixli nömrəsində dərc olunub.Məqalədə deyilir:Lənkəranda ilk teatr tamaşası Lənəran ziyalıları tərəfindən hazırlanıb.Bu tamaşa A.S.Qriboyedovun rus dilində hazırlanmış “Ağıldan bəla” komediyasından bir parça olub.Baxmayaraq ki, bu əsrin Rusiya şəhərlərində oynanılmasına qadağa qoyulmuşdu…Qeyd edək ki, Lənkəranda A.S.Qriboyedovun “Ağıldan bəla” komediyasının tamaşasında vaxtilə Sankt-Peterburqda təhsil almış bir neçə ziyalı da iştirak etmişdir.Bu haqqda Sankt-Peterburqda çıxan “ Severnaya pçela” nın 91-ci nömrəsində lənkəranlı müxbirin yazısı dərc olunub.
Azərbaycan mədəniyyətinə misilsiz töhfə verən bir çox sənətkarların fəaliyyətinin mühüm məqamları lənkəranla bağlı olub.Təbii ki, bu da lənkəranda işləmək, burada maarif və mədəniyyət toxumunu yaymaqdan ötrü onların həyat amalından irəli gəlib.
Görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayev 1905-ci ilin sentyabrından burada müəllimlik fəaliyyətinə başlayaraq dörd sinifli məktəbdə təbiət, coğrafiya fənlərini tədris edib.Bununla yanaşı Lənkəran şəhərində dram, xor və nəfəsli orkestr dərnəkləri yaradılıb, oğlanlarla yanaşı məktəbli qızları da bu dərnəklərə cəlb edib.
1906-cı ildə Bakıdan Lənkərana görkəmli aktyorlarımız Hüseyn Ərəblinski , Hüseynqulu Sarabski və Əbülfət Vəlinin tərkibinə daxil olduğu teatr truppası gəlib.Onlar Lənkəran səhnəsində Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin “ faciəsinin tamaşasını oynayaraq lənkəranlıların yaddaşında bu gün də xoş xatirə kimi yaşayırlar.
Lənkəranda teatrın əsaslı fəaliyyəti 1891-ci ilin 18 yanvarına təsadüf edir.Həmin il Lənkəranda N.B.Vəzirovun “ Oddan alova” ( Yağışdan çıxıb yağmura düşdük” komediyası oynanılıb.Bundan 41 il fasilədən sonra , yəni 1930-cu ildən teatr H.Ərəblinski adına Lənkəran Musiqili Dövlət Dram Teatrı kimi fəaliyyətini davam etdirib.Bu teatra uzun illər Respublikanın Əməkdar artisti Süleyman Səlimbəyov rəhbərlik edib.1949-cu ildən teatr dövlət statusunu dəyişərək 25 il H.Ərəblinski adına Lənkəran xalq teatrı kimi fəaliyyət göstərib.1973-cü ilin dekabr ayının 6-dan Lənkəran teatrı xalq yazıçısı Mirzə İbrahimovun “ Yaxşı adam “ komediyası ilə yenidən dövlət teatrı kimi fəaliyyətə başlayıb.1973-cü ildən N.B.Vəzirovun adını daşıyan Lənkəran Dövlət Dram Teatrına Respublikanın Əməkdar incəsənət xadimi Məbud İsmayılzadə rəhbərlik edib.1976-cı ildə gənclərin estetik tərbiyyəsi işi sahəsində fəaliyyəti və M.Musiyenkonun “Nəsillər eşidin” əsərinin tamaşasına görə “Respublikanın gənclər mükafatı” na layiq görülüb.
Teatr son 37 ildə 200-dən artıq əsərə səhnə həyatı verib.Repertuarında Azərbaycan və dünya dramaturgiyasının klassik və müasir nümunələrə geniş yer ayırır.Ümumiyyətlə teatr fəaliyyəti dövründə nəinki Azərbaycanda , eyni zamanda bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub və Beynəlxalq Teatr Festifallarında uğurla iştirak edib.
Qeyd etdiyimiz kimi , Lənkəran Dövlət Dram Teatrının repertuarı həm Azərbaycan , həm də xarici ölkə dramaturqlarının əsərləri hesabına çox zəngindir.Səməd Vurğunun “Vaqif” , M.F.Axundovun “Lənkəran xanının vəziri” , “Molla İbrahimxəlil kimyagər “ ,V.Şekspirin “ Qış nağılı “, A.Ostrovskinin “Tufan” , N.Hikmətin “ Bayramın birinci günü”, İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” , “Mahnı dağlarda qaldı” , M.Hüseynin “Alov”, S.Rəhmanın “ Xöşbəxtlər” , R.İbrahimovun “ Yaşıl qapı arxasındakı qadın”, H.Cavidin “Topal Teymur” , C.Məmmədquluzadənin “Ölülər”, Ə.Nesinin “ İntihar” , Elçin Əfəndiyevin “Mahmud və Məryəm” əsərlərinin tamaşalarını bu gün də Lənkəranlılar yaxşı xatırlayırlar.
Lakin teatrın tamaşaları bununla məhdudlaşmır.Repertuarda yerli Lənkəran müəlliflərinin əsərlərinə də yer ayrılır.Belə ki, Şəkər Aslanın 1982-ci ildə “Sən kimsən ata?” ,1987-ci ildə “Birtərəfli hərəkət”, Camal Yusifzadənin , Vaqif Hüseynovun , Əməkdar İncəsənət xadimi yazıçı –dramaturq Məmmədhüseyn Əliyevin “ Prokuror” əsərləri müxtəlif illərdə müvəffəqiyyətlə tamaşaya qoyulub.Lənkəranlılar bu ildə isə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri , yazıçı-dramaturq Qafar Cəfərlinin “Şəhid Bayrağı” tamaşasını maraqla izləmişlər.
80-ci illərdə Lənkəran Dövlət Dram Teatrının truppasında əsasən əməkdar artistlər B.Əliyeva, Q.Quliyev, K.Nəcəfov, artistlər E.Zeynalov, Ş.Mehdiyeva və başqaları fəaliyyət göstərmişlər.
N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Tetrı səmərəli fəaliyyətinə , qazandığı səhnə uğurlarına görə Respublika Komsomolu Mükafatına layiq görülüb.Eyni zamanda teatr bir çox görkəmli aktyorları ortaya çıxarıb.Xalq artistləri Qabil Quliyev , Təvəkkül Əliyev,Böyükxanım Əliyeva, Əməkdar artist Sücəddin Mirzəyev , aktyorlardan Şahrud Mehdiyeva, Qızılgül Mehdiyeva, Aynur Əhmədova , Hikmət Cəfərov, Miraslan Ağayev ,Təvəkkül Həsənov və başqaları məhz belələrindəndir.
Lənkəran Dövlət Dram Teatrında yuxarıda qeyd etdiyimiz kimi Respublikanın Əməkdar artisti Süleyman Səlimbəyov , Respublikanın Əməkdar İncəsənət xadimi Məbud İsmayılzadə uzun illər direktor işləmişlər.Sonralar estafet gənclərə keçib.Onlardan biri də gənc mütəxəssis Tofiq Heydərov idi.O, teatra rəhbərliyi dövründə öz təşkilatçılıq və yaradıcılıq dəst-xətti ilə seçilirdi .T.Heydərov teatrın fəaliyyətini təkcə Lənkəranla məhdudlaşdırmayıb, Respublikanın rayonlarına , bir çox xarici ölkələrə qastrol səfərlərinə xüsusi diqqət ayırıb.
10 may 2022 ci il tarixində Azərbaycanlı rejissor,senarist, prodüser, “Memuar Films” prodakşının həmdirektoru, Sinema məktəbinin rəhbəri İntiqam Hacılı Teatrın direktor müavini təyin olunub.O, “Cənubda şimal küləyi”, “Atam, anam, bir də mən”, “Göllərin arasında” və “Karvan” filmlərinin rejissoru, “Qaranlıqdan reportaj”, “Biləsuvar” filmlərinin prodüseri olub.
Kinoprodüser kimi 2018-ci ildə Marsel Beynəlxalq Film Festivalının, 2021-ci ildə isə “Moskovskaya premyera” Kino Festivalının iştirakçısı olub.
Onun fəaliyyəti dövründə də Lənkəran Dram Teatrında əsaslı kadır dəyişiklikləri aparılıb. Bir çox yeni dram əsərləri səhnələşdirilib.
Hazırda Lənkəran Dövlət Dram Teatrına Laləzər Hüseynova rəhbərlik edir.Laləzər xanımın gəlişi ilə teatra yeni yaradıcılıq ab-havası gəlib.Qeyd edək ki, əvvəlki dövrlərdə teatrın tamaşaları əsasən yaşlılar, gənclər üçün nəzərdə tutulardı.Yeni direktor isə repertuarda uşaqlara da diqqət ayırır və onlar üçün nağıl tamaşaları səhnələşdirilir.
Eyni zamanda teatrın repertuarında Qarabağ mövzusu xüsusi yer tutur.Bu mövzuda hazırlanmış tamaşalar maraqla qarşılanır.Qarabağa həsr olunmuş digər müəlliflərin əsərləri ilə yanaşı yerli müəlliflərin pyeslərinə də səhnə həyatı bəxş edilir.Yerli müəllif Qafar Cəfərlinin “Şəhid Bayrağı “ tamaşasının teatr həvəskarlarına təqdim olunması fikrimizi bir daha təsdiqləyir.
Teatrda həm də ayrı-ayrı aktyorların , müğənnilərin , yazıçıı-dramaturqların , yubileylərinin keçirilməsi də ənənəyə çevrilib.Tanınmış aktyor müğənni İmamverdi Ağayevin və digər sənətkarların yubileylərini diqqətə çatdırmaq olar.
Bəli, Lənkəran Dövlət Dram Teatrı bu gün də fəaliyyətdədir.Azərbaycan , dünya , habelə yerli müəlliflərin əsərlərinə uğurlu səhnə həyatı bəxş edir.Lənkəran Dram Teatrının yeni 135 mövsümündə uğurlarınız bol olsun doğma insanlar.

 

Leyla Qadir qızı Məcidova

Lənkəran Dövlət Universitetinin
dosenti, tarix üzrə fəlsəfə doktoru.
Lənkəran Tarix Diyarşünaslıq Muzeyi nin
Direktoru 

Share: