Əxlaq alimlərinin fikrincə, şeytani sifət sayılan təkəbbürdən fərqli olaraq, təvazökarlıq elə bir ali məqamdır ki, insan bütün varlığı ilə insanlıq zirvəsinə yüksələrək başqaları ilə həm ədalətlə rəftar edir, həm də onların hüquqlarına riayət edir. Bəs bu uca məqam kimlərə nəsib olur? O kəslərə ki, öz mənafelərini deyil, başqalarına fayda verməyi üstün tuturlar, insanların çətin anlarında onların haqqını müdafiə edirlər. Belə yüksək mənəvi dəyərlərə xidmət etmək isə, əlbəttə, hər kəsə qismət olmur.
Lakin bir insan var ki, onun yüksək mənəvi ali məqamlara xidməti uzaq Sibirdə belə xoş xatirələrlə yad edilir. Bu böyük şəxsiyyət İlyas İsmayılovdur. Yaxın günlərdə – 17 fevral tarixində onun həyata əbədi göz yummasının ildönümüdür. Mən heç bir zaman rəhmətlik İlyas İsmayılovu görməmişəm. Onunla heç bir ünsiyyətim olmayıb. Lakin uzaq Sibirdə jurnalistlik fəaliyyətimlə əlaqədar bu insan barəsində tez-tez xatırlanan söhbətlərin şahidi olurdum. Həmişə də rəhmətliyin haqsızlığın qurbanı olan insanların haqlarını necə müdafiə etdiyindən, onların həbsxana həyatından xilas olunmasından, ailələrindən ayrı düşməmələri üçün gördüyü işlərdən, körpələrin ata həsrətinin ağrı-acısını yaşamamaları üçün onların müdafiələrində dayanmasından söz açılardı.
Bir gün barəsində məqalə yazmaq üçün ona xəbər göndərdim. O isə tanıdığı şəxslə mənə yalnız iki foto göndərmişdi. Və bildirmişdi ki, məqaləyə ehtiyac yoxdur. İndi ki, nəsə yazmaq istəyirsən, orada eşitdiklərdən qısaca yaz, yetər. Təəccüb içində qaldım, bir insan nə qədər təvazökar ola bilərmiş?
Kimdir İlyas Abbas oğlu İsmayılov?
İlyas İsmayılov Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, Azərbaycan SSR Prokuroru və Azərbaycan Respublikasının sabiq Ədliyyə naziri, hüquq elmləri doktoru, professor, eks-millət vəkili, həmin dövrdə Azərbaycan-AFR, Azərbaycan-ABŞ, Azərbaycan-Latviya, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının və Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü və Ədalət Partiyasının sədri olub. Maraqlıdır: O yaratdığı partiyanın adını da ƏDALƏT qoyub. Bu bir daha təsdiq edir ki, bu böyük insanın amalı, dünya həyatındakı missiyası ƏDALƏT uğrunda mübarizə və ƏDALƏTƏ xidmət olub. Başqa bir insan olsaydı, bu qədər vəzifə daşımasının çılğınlığını yaşayardı. Lakin insanların onun barəsində söylədikləri xatirələrindən görünən odur ki, hansı mövqedə, vəzifədə olsa da, həyatını həsr etdiyi xidmət əxlaqi və insani dəyər olan ədələtçilik və qanuna, hüquqa xidmət olub. Bu xidmət yolu isə insandan böyük cəsarət, bilik, elmilik, yüksək mənəvi keyfiyyətlər tələb edir. Haqqını tələb edən, kömək və yardım üçün insanlar onun kabineti qarşısında saatlarca gözləməzmiş. Gördüyü hər bir şikayətçinin həmən şikayətinə baxılmasını və haqqının ədalətlə təmin edilməsini tapşırardı. Ona insanların bir “sağ ol”u və Allahın ondan razı qalması yetərli idi.
Deyilənə görə, İlyas İsmayılov həm çox ciddi, həm də çox mülayim insan olub. Onun mülayimliyi əsasən sadə, köməksiz, haqqı tapdanan insanlara qarşı yönəlib. Bu da bir daha təsdiq edir ki, İlyas İsmayılov qanuna xidmət edib. O, ayrı-ayrı vəzifəli və vəzifəsindən süni istifadə edib, təkəbbürlənən, hökmlü, zabitəli şəxslərin qanunu saya salmamalarını qəbul edən bir hüquq müdafiəçisi olmayıb. Bu səbəbdən yəqin ki, yüksək çinlilərin qəzəbinə gəlməsi qaçılmaz olacaqdı. O da maraq yaradır ki, İlyas İsmayılov, ona qarşı aparılan əks kampaniyaya heç bir zaman cavab verməyib. Necə deyərlər, özünü müdafiə, deyilənlərin yalan olmasını, gördüyü əməli saleh, xeyirxah işlərin dilə gətirilməsi mövqeyində dayanmayıb.
Vaxtilə onunla bərabər çalışan hüquq müdafiəçiləri, iş yoldaşları da İlyas İsmayılovun obyektiv, uzaqgörən, vətənpərvər və millətsevər olduğunu, öz işçilərini və ziyalıları necə represiyalardan xilas etdiyini qeyd edirlər.
Sözümü tamamlamaq üçün, sabiq prokuror, təqüddə olan baş ədliyyə müşaviri Ələmdar Məmmədovun İlyas İsmayılova həsr etdiyi “Ədaləti həyat kredosuna çevirən adam” sərlövhəli yazısından bir parçanı təqdim edirəm. Bu bir parça yazı böyük insanın bütün insani məziyyətlərini, onun necə bir dəyərli insan olduğunu tam olaraq açıqlayır. “Onun cəsarətinin və vətənpərvərliyinin göstəricisi kimi 1994-2000-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru olmuş Eldar Həsənovun İlyas müəllim haqqında 80 illik yubileyi ilə əlaqədar qələmə aldığı səmimi və tarixi faktlara söykənən yazısından bir parçanı təqdim edirəm: “1988-ci ildə Azərbaycan rəhbərliyinin xahişi və Mixail Qorbaçovun göstərişi ilə Azərbaycana “əliyevçilər”lə bağlı 162 nəfərlik əməliyyat istintaq qrupu göndərilmişdi. Məqsəd hansı yolla olursa-olsun Heydər Əliyevə və onun ən yaxın ətrafına qarşı ifadələr almaq, təqsirləndirici materiallar toplamaq idi. Həbs olunanlar hamısı Şüvəlanda yerləşən istintaq təcridxanasında ayrıca korpusda saxlanılırdılar və onlara qarşı əməliyyat-istintaq qrupu tərəfindən hər cür işgəncə və amansızlıq tətbiq edilirdi. O zaman bu özbaşınalığın və qanunsuzluğun qarşısını almaq üçün, ilk dəfə olaraq, öz rəsmi etirazını bildirən şəxs Azərbaycan SSR prokuroru İlyas İsmayılov oldu. İlk dəfə İlyas müəllim açıq və cəsarətli şəkildə öz mövqeyini ortaya qoydu və bu qanunsuzluğun qarşısının alınmasını tələb etdi. Bu addım həmin dövrdə SSRİ miqyasında bir məmurun sərgilədiyi görünməmiş bir cəsarət idi. Onu da qeyd etməliyəm ki, istintaq qrupunun Heydər Əliyevə qarşı ifadələri qanunsuz üsullarla toplamasını ilk dəfə sənədləşdirən və bu barədə İlyas İsmayılovu məlumatlandıran, ona müraciət edən o zaman İslah Əmək Müəssisələrinin Baş idarəsinin rəisi olan peşəkar əməliyyatçı, cəsarətli polkovnik Əzim Piriyev olmuşdur. İlyas İsmayılov bu məlumatı alan kimi, dərhal həmin təhqiqat materiallarını tələb etmiş və 1989-cu ilin mayında öz imzası ilə SSRİ əməliyyat-istintaq qrupunun qanunsuz əməllərinə qarşı cinayət işi başlamışdır.”
Allah unudulmaz İlyas İsmayılovun ruhunu şad eləsin. Allah rəhmət eləsin.
Esmira ŞÜKÜROVA




.jpg)
















