Rejissor Kənan Mahmudov sosial şəbəkə hesabında yazıçı Orxan Saffarinin ünvanına təhqiramiz ifadələr işlədib.
Buna səbəb Orxan Saffarinin onun haqqında yazdığı tənqidi yazı olub.
Bundan sonra yazıçı Kənan MM-in təhqirləri haqqında açıqlama yayıb.
Rejissor da mətbuata açıqlamasında dünəndən səhhətinin pisləşdiyini, üstünə təcili yardım gəldiyini deyib.
Hadisə sosial mediada müzakirələrə səbəb olub.
Müstəqil.az Babək Məmmədlinin hadisəyə münasibətini təqdim edir.
Orxan Saffarinin adına “tənqid” dediyi mətnlərindəki ritorikanı bəyənmirəm. Profanlığı mizahlarının ilk abzasındaca özünü ələ verir. Orxan tükü-tükdən ayırmağın fəlsəfəsini bilmir. Keçməli olduğu bu ibtidai mərhələni aşa bilməyib. Sənət-sənətkar münasibətlərində xeyli naşıdır. Məsələn, aktyorlar Telman Adıgözəlovla Arif Quliyevin, Vidadi Həsənovla Kənan M.M.-in sərhədlərini ayıra bilmir.
Hər ikisinə eyni “cəza”nı kəsir. Sonuncunun haqqında yazdıqlarını mən də oxudum. Bu psevdo-aktyor, psevdo-rejissor haqqında qənaətlərində yanılmasa da bunları aid olduğu jurnalistika dilində ifadə edə bilmir, sənət qatına qaldıra bilmir. Bəzən etik olmayan müdaxilələr edir, sənət-sənətkar münasibətlərini “qaqaş” meyarları ilə, kustar üsulla sorğulayır deyə hədəfi nişangahdan yayınır. Yazdığı bir-iki eksperimental “dost şarjı”na aldanıb özünü tələyə-labirintə salıb.
Yəni, Kənan M.M-i tənqid edibsə, sosial sifariş indi ondan Kamil Zeynallını tənqid etməyini istəyəcək, necə ki, istəyir də. Buna getsə, Kamil onu söyəcək, getməsə, həmin publikanın özü.
Və bu yolu Orxan özü seçib. Mənim nə bu yöndə ona verə biləcək tövsiyələrim var, nə də özümü ona öyüd verəcək statusda görürəm.
Ancaq bütün bunların heç biri Kənan MM-in diletantlığına, vizyonsuzluğuna, bayağılığına fürsət verməməlidir.
Bir vaxt müğənni Röyanın əlini qasığına qoyub elə həmin Kənanın atasına salam göndərmə üslubunu iqnor etməsək, bu leksikonun mədəni kanonda normaya çevrilməyəcəyinə zəmanət yoxdur. Yəni Kənan M.M-in ağız boşluğunda yuva salmış bu üfunət bir az da azğınlaşıb daha geniş meydan istəyəcək.
Sonda isə demək istəyirəm, Orxan elə də pis adam deyil. Onun “Mərcan xala və polipləri” hekayəsini oxusanız, onu lap yaxından tanımış olacaqsınız. Elə təkcə bu hekayənin özü Kənan M.M.-in bütün yaradıcılığının (buna yaradıcılıq demək olarsa) fövqündə durur.




















