Çağdaş ədəbiyyatımızda barmaqla sayılacaq bir neçə qızılsözlü şair var ki, klassiklərimizin ruhu, nəfəsi hopub əsərlərinə. Oxuduqca iç dünyasını, daxili aləmini, narahat ruhunu, lal harayını, səssiz fəryadını duyur, heyrət edirsən.
Belə qələm sahiblərindən biri də, özünün bir qəzəlində dediyi kimi, başıında dağlar qarı gəzdirən qəzəl ustadı, könüllər ovsunlayan şeirlərin, romanların müəllifi Səxavət Talıblıdır. Şeirlərinə vurduğu naxışlardan memarlığını, rəngarənglikdən rəssamlığını sübut edən, varlığıyla, dostluğuyla qürur duyduğum, rəğbət bəslədiyim, bütünlüklə qəzəl adam.
Mən Səxavət Talıblını bir bənd şeirlə tanıdım. Izlədim və yardıcılığı ilə yaxından tanış oldum. Həmin bir bənd şeiri şair öz atasına həsr etmişdi və mənim də həmin günlərdə atam dünyasını dəyişmişdi deyə misralardakı istilik məni çəkdi:
Elə şux durardı, şax yeriyərdi,
Sanki dağ gələrdi, atam gələndə.
Mən onu ilk dəfə aciz görmüşəm,
Yazıq bükülmüşdü anam öləndə.
Və yaxud:
Sən əkən tut ağacın kəsdik ipəkqurdu üçün,
Kim deyərdi, nə zamansa dönəcəkmiş kəfənə.
Tanıdığım gündən hər yaratdığı əsərdə, dediyi sözdə orjinallığı ilə seçilən, irfani qəzəllərində Allaha aşiqliyi, sevgisi ilə diqqətimi çəkən şair, bir insan olaraq da hər xoş sözün fövqündədir. Fərqli üslubu, dilinin sadəliyi, məcazların bənzərsizliyi, beytlər arasındakı bağlılıq bu qəzəlləri oxucuya sevdirir. Şairin qəzəlləri inikas olunan gerçəklik və bu gerçəkliyin özəl təqdimolunma forması olan bədiilik dilində danışır:
Getmiş gözümün qarəsi, ağlar səni ağlar,
Kiprikləri tək-tək qara bağlar, səni ağlar.
Gəl, gəl gözümün nuru ki, rahətcə ölüm mən,
Dağ çəkmə sinəm üstünə, dağlar səni ağlar.
Deyim ki, insanlara dəyər verməyi, onları kənardan izləməyi, kəşf etməyi çox vaxt həddindən artıq vaxt sərf edirəm. Səxavət müəllimi də belə kəşf etdim. Adət-ənənsinə, hətta dil açdığı dialektinə belə sadiqdi və bir beyti də diqqət çəkir bu baxımdan:
Tellərüy uc-uca bağla, məni dart, çək quyudan,
Qoy Züleyxa da baxıb, Yusifi azad eləsin.
Ağılagəlməz kəlamlarla ovsunlayır oxucusunu:
Bəxtəvər başına o darağın ki
Əlimi çəkdiyim saçı darayır.
Başqa bir beytə nəzər salaq:
Qəlbimə nə qədər dağlar çəkmisən,
Qəlbimi indi də dağlara get, çək.
Mən şairin əvvəl “Yorğun kölgələr” sonra isə “Adəmin övladları “ romanını oxuduqdan sonra onun böyük yazıçı olduğunu qət etdim və kitabımın redaktor olmasını xahiş etdim. Redaktə zamanı onun xasiyyətini gah əsəbi, gah tələbkar, gah həssas, bəzən də uşaq kimi kövrək olduğunu görüb heyrət edirdim. Peşakar əruz bilicisi, hekayələr, romanlar müəllifi olan bu ali insanın ən çox nəzər çəkən həyat silqəti; ətrafdakılara bacardığı yaxşılığı, köməyi etməkdir. Əsl insanlara xas olan bu xasiyyətinə heyran olmamaq mümkün deyil. Səxavət Talıblı sözün əsl mənasında seçilmişlərdəndir.
Tanrının lütfüdür belə istedadın bir adamda cəmlənməsi; rəssam, memar, qəzəlxan və yazıçı. Əvvəl dediyim kimi şair, yurduna-yuvasına bağlılığı, adət-ənənsinə sadiqliyi əksər şeirlərində diqqət çəkir:
Arandan gəlmişəm, Arana gedim,
Axı, kim istəməz öz obasını?
Yuxuda görürəm nənəm yandırıb,
Yenə hisli, paslı o sobasını…
Bəzən də bədbinliklə dolu misralarla qarşılaşırıq. Şair geriyə boylandıqca öz dediyi kimi, gəncliyinin uçuq daxmanın divarlarıtək töküldüyünü görür və ürəyindən bir nida qopur;- “Qolumun üstündə ölən gəncliyim” və ya “Gözümün önündə ölən gözlərim”:
Yatır kiprik atda canından doyan,
Həyatın qədrini bilən gözlərim.
Bir vaxt gözəlliyə meydan oxuyan,
Ağlar için-için gülən gözlərim.
Həmişə pak, təmiz, saf əzizlənib,
Gözü kölgəlinin gözü bizlənib,
İndi kiprik altda özü gizlənib,
Düşmənin gözünü dələn gözlərim.
Bir saray ucaltdı ağı, qəhərdən,
Heç korluq çəkmədi dərddən, kədərdən,
Doğulan günündən ta son səfərdən,
Yığdığı gözündən gələn gözlərim.
Səxavət Talıblı zəngin söz ehtiyatına malık şair-qəzəlxandı. Qəvvas kimi söz dəryasına baş vurub elə incilər tapıb sapa düzür ki, insan qəlbinin ən incə, zərif, kövrək duyğularına təsir edən bir əsər yaranır və insanı düşünməyə vadar edir.
Beytlərin bir-birini tamamlamasında vahid sujet xətti asanlıqla hiss olunur. Ahəng və ritm də oxucunu cəlb edir və uzun zaman qəzəlin təsiri altından çıxa bilmirsən. Təbiilik, şablon ifadələrdən uzaq olmaq qəzəlin bədii məziyyətini müəyyən edir. Səxavət Talıblının qəzəlləri bu baxımdan xüsusi olaraq seçilir: Fərqli üslubu, dilinin sadəliyi, məcazların bənzərsizliyi, beytlər arasındakı bağlılıq bu qəzəlləri oxucuya sevdirir. Şairin qəzəlləri, (şeirləri də) inikas olunan gerçəklik və bu gerçəkliyin özəl təqdimolunma forması olan bədiilik dilində danışır:
Soracaqsan, o gözəllik, o camalım necə oldu?
Gözlərim üstə çətirtək, cüt hilalım necə oldu?
– deyə, sanki oxucusuna qəlbinin harayını, yanğısını təqdim edir. Hər hansı bir qəzəldəmi, yaxud şeirdəmi, yazarın, şairin yazdığı oxucuya izah və şərh verməlidir. Bu baxımdan Səxavət Talıblının qələminin kəsəri yetərincə fərqlidir, obrazlıdır.
Bu otuz ildə Səxavət, sən özün də qocalıbsan,
Heç özüm sormuram, o şux, o Talıblım, necə oldu?
Özünəməxsus təhkiyələrin, təşbehlərin gözəlliyinin sehrinə düşməmək mümkün deyil:
Çıxma canım, çıxma ki, canımla cananım çıxar,
Can mənim, canan mənim, canan çıxar, canım çıxar.
Oxucu sanki şairin Allaha uzanan əllərini görür və fərqli bir istəyin-yalvarışın şahidi olur:
Al, canım çıxsın Xüdaya, mən də qoy, xoş gün görüm,
Qurxuram ki, hər nəfəs aldıqca, imanım çıxar.
Dərinliyə vardıqca heyrətlənməmək mümkün deyil.
Ruhum uçmuş göylərə, ey can, demə canan hanı?
Gəl, qopar, hər ulduzun altından ünvanım çıxar…
Ulduzda ünvanı olan bir yazıçının “Əli dağı” və “Bədirlənmiş Ay” kitablarımın redaktoru olduğu üçün qürur duyuram.
Amma onu da bildirmək istəyirəm ki, ədib öz əsərlərinin taleyindən narazı görünür. Bir dəfə söhbətarası bir söz dedi:- “ İnsan taleyini O GÖZƏGÖRÜNMƏZ yazır. Kaş yazıçıya öz əsərlərinin “alın yazısını” yazmağı Xüdavəndi-aləm yazıçının özünə buraxaydı. “Adəmin övladları” özümə oxşadı, ƏN GÜCLÜ UĞURSUZ …”
Bəlkə də özlüyündə haqlıdır, bilmirəm. Amma elə bu yazımla dəyərli ədibə bildirmək istəyirəm ki, heç də elə deyil. Əsərlərinizin uğuru dostların qələmindən bəlli olur. Siz və əsərləriniz dünya durduqca yaşayacaqsınız. Qəzəllərinizin hər beytində bir əsər yatır və əlbət oyanan vaxtı olacaq!
Mən bu baxımdan Səxavət Talıblının 65-illik yubleyi ərəfəsində, şaxlı-budaqlı külliyatından bir neçə yarpaq – qəzəl, şeir və onun yaradıcılığı haqqında deyilən, yazılan fikirləri bir yerə toplayaraq, nigaran yazıçını fikirindən daşındırmağa çalışdım. Bacardımmı? Onu da sonra bilərik. Və sonda hörmətli söz ustadına can sağlığı, uzun ömür arzulayıram. Qəlbindəki nisgilin, işlərindəki müşkülün ömrün müdrik çağında, yeni yaşında uğurla həll olmasını arzulayıram.
Allah sizə yar olsun, Səxavət Talıblı!!!
Əfşan Yusifqızı
Yazıçı-şair
Azərbaycan Yazıçılar Birliyinin üzvü
















