(Felyeton)
İl başa çatdığından kimdənsə yazıb qan qaraltmaq istəmirəm. Onsuz da bəzi vəzifədə olanların qanı it qanından qaradır. Vəzifədə olmayanlar isə əllərini göyə qaldırıb dua edirlər ki, Allah, bu Tarif Şurasına bir az insaf ver qiymətlər qalxmasın. Heç olmazsa bayram günlərində.
İndi mən durum yanan ocağın üstünə nöyüt töküm fış eləsin, olmaz belə, olmaz. Dinclik istəyirsənsə, odun üstünə su tök ki, qışın bu günündə soyuq ürəyinə sərinlik gəlsin. O gün mətbuatda oxuyuram ki, biri icra başçısına qarğış etdiyi üçün məhkəmə onu yüz manat cərimə edib, yaxşı eləyib. Ə, sən kimsən ki, qarğış dualarını yığmısan sinədaşına, gələnə də, gedənə də qarğış daşı atırsan? Arada bir alqış duası da atsan, dilin quruyacaq? Hər yeri qara daş kimi görürsən. Tanrı bir qara daş yaradıb, o da Kəbədədir.
Bir gün bir kişi avtobusa minir. Mənzil başına çatanda yol pulunu verməyib maşından düşür.
Sürücü bunun dalınca qışqırır:
-Ay kişi, hara gedirsən, yol pulunu verməmisən.
-Borcum nə qədərdi?
-Otuz qəpik.
Bu çıxardıb bir manat verib deyir:
-Qalığı lazım deyil.
-Niyə, dəli olmusan?
Kişi cavab verir:
-Yox, dəli olmamışam. Sadəcə olaraq, bu kənddə indiyə qədər mənə kişi deyən olmamışdı.
İndi durub sən də qarğış edirsən.
Qara daş dedim yadıma bir əhvalat düşdü.
Molla namazdan sonra məsciddə üzünü camaata tutub deyir:
-Ey cümlə, aramızda bir nəfər var, vaxtilə oğru, qumarbaz, içki içən, türmədə yatanın biri olub və nəhayət tövbə edib, dinə-imana gəlib. İndi qoy gəlib özü danışsın. Həmin adam başını qaldırmadan qabağa çıxır.
-Bəli, mömin qardaşlarım, molla düz deyir. Tövbə etmişəm, amma etdiyim əməllərə görə Allah məni bir dəfə də utandırmayıb. Ancaq, mən tövbə etdikdən sonra bu şərəfsiz məni hər dəfə bura -camaatın qarşısına çıxarıb biabır edir.
Molla baxır ki, bu kişi ona şərəfsiz dedi, atmaca atır:
-Allah elə səni mənim dilimlə utandırır də.
Bu kişi qanıqara durub gəlir evinə. Baxır ki, külfət “Möhtəşəm yüz il”ə baxır. Serialdan sonra uşaq anasına deyir:
-Ana, mən də padişah olmaq istəyirəm, həm də yeddi cariyəm olsun. Biri məni geyindirsin, biri çimizdirsin, biri yedizdirsin, biri nağıl danışsın…
Anası soruşur:
-Bəs kiminlə yatacaqsan?
Uşaq cavab verir:
-Ana, səni çox istəyirəm, ancaq səninlə yatacam.
-Bəs cariyələr harda yatacaq?
-Qoy onlar atamla yatsınlar.
Məsciddən qanıqara qayıdan atanın gözləri yaşarmış halda deyir:
-Padişahım, çox yaşa.
Deyirəm qəribə millətik. Bizimkilər heç nədən hər şey düzəldirlər.
Avropada salat düzəltdilər adını “Sezar”, bizimkilər “Çoban” qoydular.
Soruşuram ki, niyə məhz “Çoban salatı”? Axı çoban çölün düzündə pomidor, xiyar, soğan əkməyib. Bəs niyə belə?
Müdrik görkəm alıb cavab verir:
-Çünki, peyğəmbərlərin əksəriyyəti çoban olub.
Belə çıxır ki, xalq qoyun olub. Yox, əstəfurullah belə deyil. Bizdə xüsusi, heç bir xalqda olmayan özünəməxsusluq var, hətta danışığımızda da.
Məsələn:
Xaricdə:
-Həyatım, zəhmət olmazsa televizorun səsini bir az al, mənə işləməyə mane olur…
Bizdə:
-Azz, söndür bu televizoru! Baş-beynim getdi, xarabada işləmək olmur e…
Xaricdə:
-Canım, sən mənə üzüntülü görünürsən.
Bizdə:
-Nədi az…z…z, yenə sir-sifətindən zəhrimar yağır.
Xaricdə:
-Salam dostum, işlər necə gedir?
Bizdə:
-Salam, alə yetim, nə var, nə yox?
Xaricdə:
-Dostum, məncə bu köynək sənə yaraşmır.
Bizdə:
-Nə gündəsən e…e…e, get dəyiş bu köynəyi, lap bambılıya oxşayırsan.
Xarisdə:
-Oğlum, heç nə olmaz, olan işdir. Kişi döyər də, döyülər də. İdmanla çox məşğul ol.
Bizdə:
-Kül sənin başıva, köpək oğlu. Daşı götürüb nallaya bilmirdin alnının ortasından?
Mən də deyirəm lay divarım var.
İndi bildiniz onlarda salata niyə “Sezar”, bizdə niyə çoban salatı deyirlər?
Qocalarımız da az aşın duzu deyillər, az aşın da duzu olmaq istəmirlər.
Qulaqları zəif eşidən səksən yaşlı bir kişi həkimə gəlir. Ona ən yaxşı eşitmə aparatı verirlər. O əvvəlki tək yaxşı eşitməyə başlayır. Bir necə müddətdən sonra qoca müayinəyə gəlir. Həkim soruşur:
-Yəqin eşidə bildiyiniz üçün evdə hamı sevinir.
Qoca:
-Yox, yaxşı eşitdiyimi hələ evdəkilərə deməmişəm, oturub qulaq asıram. Artıq vəsiyyətnaməmdə üç dəfə dəyişiklik etmişəm.
Adama deyərlər, hec sənə yaraşır? Bir ayağın burdadır, bir ayağın gorda. Ölməmiş gorunu niyə söydürürsən?
Bu həkimlər də yamandırlar, ha… Sənə lazım idi? Görünür həkimlər bəstələdiyi mahnıları yaxşı eşitmək üçün belə edirlər.
Mənə elə gəlir ki, bəzi mahnıların ərsəyə gəlməsində ayrı-ayrı ixtisas həkimlərinin rolu vardır. Başqa cürə də ola bilməz!
Baxın:
Kardioloq:
-Ömür deyir qocalmışam, ürək deyir yaşa hələ.
-Can həkimi, terapevt:
-Belin ağrıyır? Belinə qurban.
Göz həkimi, oftalmoloq:
Elə baxma gözlərinə göz dəyər.
Sanitar həkimi:
Küçələrə su səpmişəm
Yar gələndə toz olmasın.
Stomatoloq:
Dişlərin incidəndir
Dürdəndir, incidəndir.
Həkim kosmetoloq:
Saçın ucun hörməzlər.
Həkim dietoloq:
Meyvələrdən üç meyvə var
Üçü də balam yeməli.
Növbətçi həkim:
Gəlmişəm otağına
Oyadım səni, qaragiləm.
Bütün bunları acı bağırsaq kimi uzatmaq da olardı. Tənqid deyil ki, hıqqana-hıqqana yazasan. Tənqid yiyələri iki hərfin arasında məna axtarırlar ki, görüm burda nə demək istəyirdi. Tənqid ağır məsələdir, inciklik, hədə, küsmək, təhdid və sairə, sairə.
Sən də gedib kiməsə qarğış edirsən, alqış et, savabını qazan.
Ən önəmlisi isə, hansı zibilin içində olmağına baxmayaraq, xoşbəxtsənsə səsini çıxartma. Yoxsa sərçənin gününə düşərsən.
Bayramınız mübarək!
25.12.25
















