Əxlaq insanın içindəki görünməz bir çıraqdır. O çıraq sönəndə, bəşəriyyətin ən böyük qaranlığı başlanır. İnsanlar çox vaxt düşünürlər ki, bir kiçik yalan, bir kiçik haqsızlıq, bir kiçik xəyanət heç nə dəyişmir.
Amma həqiqət budur ki, bütün böyük fəlakətlərin toxumu elə bu cür kiçik əxlaqsızlıqlardan cücərir. Tarix boyu cəmiyyətlər dağları aşan gücləri ilə deyil, içlərindəki əxlaqın çürüməsi ilə çökmüşlər. Ədalətin yerini saxtakarlıq, səmimiyyətin yerini riyakarlıq, vicdanın yerini laqeydlik tutanda, artıq uçurum başlanmış olur. Kiçik əxlaqsızlıq — bir anlıq zəiflik, bir məqamda susmaq, bir dəfə yalan danışmaq — insanın mənəvi bədənində görünməz yara açır. O yara sağalmır, əksinə, böyüyür, içdən-içə qan axır və zamanla insanın şəxsiyyətini, inamını, dəyərlərini məhv edir. İnsan bir dəfə yalanla qurtulacağını düşünür, amma yalanla başlayıb, rüsvayçılıqla bitir. Bir dəfə ədalətsizliyə göz yuman, sabah öz haqqının tapdanmasına da dözməli olur. Bu, həyatın qanunudur, kim əxlaqın sərhədini pozursa, o, gec-tez fəlakətin sərhədinə çatır.
Əxlaq təkcə fərdin deyil, bütöv bir cəmiyyətin sütunudur. Əgər o sütun qırılırsa, heç bir qanun, heç bir idarəçilik, heç bir güc bu binanı ayaqda saxlaya bilmir. Əxlaqsızlıq bulaq suyuna düşən bir damcı zəhər kimidir — əvvəlcə görünmür, amma bütün təmizliyi, bütün saflığı məhv edir. Müəllim haqsız qiymət yazırsa, valideyn övladına yalan danışırsa, məmur vəzifəsindən sui-istifadə edirsə, ticarətçi alıcıya saxta mal satırsa — bunlar kiçik əxlaqsızlıqlar deyil, böyük fəlakətin başlanğıcıdır. Çünki bu hadisələr cəmiyyətin etibarını öldürür. Etibar olmayan yerdə isə birlik, sevgi və inam da yaşamaz.
İnsan nə qədər savadlı, varlı, güclü olsa da, əgər əxlaqı yoxdursa, o, əslində, bir boş qabdır. Əxlaq insanın içindəki səssiz hakimdir. Hər addımımızda, hər niyyətimizdə o bizi dinləyir, dəyərləndirir. O susanda, biz insanlıqdan bir addım uzaqlaşırıq. Əxlaqsız insan əvvəlcə başqasına xəyanət edir, sonra özünə. Əxlaqsızlıq ruhun xəstəliyidir, onu müalicə edən tək dərman isə vicdandır. Vicdan səsini itirən insan hər gün daha çox batır, daha çox yanlışın içində boğulur.
Kiçik əxlaqsızlıq, əslində, böyük fəlakətə aparan ilk qığılcımdır. O, əvvəlcə bir nəfərin ürəyində yanır, sonra ailəyə keçir, sonra cəmiyyətə sirayət edir. Elə bu səbəbdəndir ki, bir xalqın gələcəyi onun elminə, sərvətinə deyil, əxlaqına bağlıdır. Əgər bir millətin insanları kiçik yalanı böyük günah saymağı unudursa, o millət yavaş-yavaş mənəvi məhvinə doğru gedir.
Nəticə etibarilə, kiçik əxlaqsızlıq dediyimiz şey, sadəcə, fərdi bir səhv deyil, o, gələcəyin təməlinə vurulan zərbədir. Cəmiyyətin sabahı bu günün dürüstlüyü ilə qurulur. İnsan öz vicdanına sədaqətli qalmağı bacaranda, dünyada heç bir fəlakət onu sarsıda bilməz. Amma əgər hər kəs bir az susur, bir az görmür, bir az yalan danışırsa, artıq uçurum başlanmış deməkdir. Böyük fəlakət elə o anda doğulur. Ona görə də hər birimiz kiçik əxlaqsızlığa qarşı böyük mübarizə aparmalıyıq, çünki ən böyük fəlakətlər kiçik xəyanətlərin içindən boy verir. Əxlaqı qorumaq, insanlığı qorumaq deməkdir və kim əxlaqını itirirsə, o, artıq öz fəlakətinin başlanğıcını yazır.
✍ Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlil-tənqidçi. Şair- publisist.
19.10.2025
















