Kəramət – şərqdə yaşayıb, qərblilər kimi düşünən yazar

Kəramət – şərqdə yaşayıb, qərblilər kimi düşünən yazar

Yaratdığı əsərlər barədə heç nə söyləyə bilmərəm. Çünki roman və hekayələrindən xəbərsizəm. Bir də ki, hələ vaxtı yetişməyib. Kim də söyləsə, obyektiv olmayacaq. Bunu yalnız XXII əsrdə yaşayacaq oxucuları təhlil edə bilər. Amma onu bilirəm ki, əsl yazıçı həyatı yaşayır. Bir az təmkinli, bir az çılğın, bir az da əhlikeyf…

…Uşaq vaxtlarımda, yəni sovet dövründə, Sumqayıtda Məstəli adında bir kişi vardı. Onun hərəkətləri, eləcə də söylədikləri şəhər əhalisi arasında lətifələrə çevrilmişdi. Heç də Molla Nəsrəddinin lətifələrindən geri qalmırdı. Onlardan birini sizinlə bölüşmək istəyirəm. Bir gün Məstəli sovet taksisinə minib Sumqayıtı fırlanır. Düşəndə görür ki, taksidəki ödəniş sayğacı iki manat, səksən qəpik pul yazıb. Sürücüdən nə qədər borclu olduğunu soruşur. Sürücü ona uç manat verməsini söyləyir. Niyə üç manat, deyə Məstəli sual verir. Sürücü- İki manat səksən qəpiyini dövlətə, iyirmi qəpiyini isə balalarına xərcləyəcəyini bildirir. Məstəli nə desə yaxşıdır: “Götür bu iyirmi qəpiyi, apar balalarına xərclə, o ki qaldı- iki manat, səksən qəpiyə dövlətin mənim puluma ehtiyacı yoxdur!..”
Nə isə, bu gün sizə Azərbaycanda birmənalı qarşılanmayan, hələ də bir sıra adamların qınadığı yazıçı Kəramət Böyükçöldən danışmaq istəyirəm. O Kəramətdən ki, şərqdə yaşayıb, qərblilər kimi düşünür…
İki il öncə verdiyi müsahibələrinin birində deyir ki:- “Kirayə ev tutmuşam özümə. Atamdan, anamdan ayrı qalıram. Özümü məişət, xırda-xırda parazit problemlərdən xilas edib, kirayə tutduğum evdə mütaliə ilə, ciddi şəkildə yaradıcılıqla məşğul olmağa özümü hazırlayıram. Çünki fikirləşirəm ki, bu yaşımda enerji, güc daha heç vaxt olmayacaq. Ona görə də bu enerjini çayxanalara, kafelərə, mənasız, nadan adamlarla sərf etməyə dəyməz. Mühitdə, ictimai hadisələrdə olduğuma görə adamlar elə bilir ki, yaşım çoxdur. Hətta bir dəfə biri mənə dedi ki, neçə yaşın var, dedim, 37. O da vurğuladı ki, mən elə bilirəm, 60 yaşın var. Belə baxanda 37 yaşım var, nəyə gecikmişəm? Bir tərəfdən də ölüm cavana, qocaya baxmır. İtirdiyim zamana çox heyfim gəlir…”
Kəramət Böyükçöl 1987-ci ilin oktayabr ayının 17-də İmişli rayonunun Əliqulular kəndində dünyaya gəlib. Orta təhsilini Səbail rayonu 51 saylı məktəbdə başa vurub. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsilə yiyələnib. “Çöl”, “Bakı”, “Səkkizinci gün”, “Məni kim tapa bilər?”, “Əlqəmə”, “Elçibəyin sirri”, “Səs”, “Fərarinin həyat sevgisi”, “Pozğun” adlı kitabların müəllifidir. Uzun müddətdir ki, səyyar kitab satışı ilə məşğul olur…
Hər dəfə qərar verməkdə çətinlik çəkir. Amma çox sosial insandır və əylənməyi xoşlayır. Ürəyigeniş, qayğıkeşdir, necə deyərlər, son tikəsini bölüşməyə hazırdır. Onun üçün heç bir senzura yoxdur, istədiyini istədiyi yerdə söyləyə bilir və dediklərində məntiq olur. Elə ona görə də olduğu mühitdə hörmət qazanmağı bacarır. Həm cazibədar, həm də emosionaldır. Yaxşı həmsöhbətdir. Xeyirxah insandır, ədalət hissi ilə hər şeyə bərabər yanaşır. Nəzakətlidir, diplomatikdir, yumoru əla başa düşür…
“Həmişə istəmişəm ki, sakit ailəm olsun. Məni başa düşən bir qadın arzulamışam. Biz bir yerdə yaşayaq və xoşbəxt olaq. Alınmayıbsa bu o demək deyil ki, özümü məhv etməliyəm, ailə həyatı qurmamalıyam. Deyirlər, bu iki qadından boşanıbsa üçüncünü də atar. Bu kimi fikirlər vecimə deyil. Yenə ailə qura bilərəm, hətta ondan da ayrıla bilərəm, dördüncü ilə də evlənərəm, ondan da ayrıla bilərəm. Bilirsiz, onsuzda evləndin ya da evlənmədin, hamının həyatında yüzlərlə qadın olur. Vətəndaş nikahı edirlər, siğə edirlər, yorulanda da ayrılırlar. Heç kimin də xəbəri olmur. Mənim məsələlərimi qabardan uşaqdır. Uşaq olubsa, deməli, mən ciddi olmuşam da. Müvəqqəti bir həyat düşünməmişəm. Arzularım, planlarım olub. Əgər ötəri bir münasibət olsaydı, uşaq nəyə gərək olardı? Doğurdan da Azərbaycan cəmiyyətində uşaq nəyə lazımdı? Özün nə etdin, neylədin ki, utanmaz-utanmaz uşaq da dünyaya gətirirsən?”- söyləyir.
…Dəyişkən əhval-ruhiyyəli adamdır. Harada, kimlərlə olmasından asılı olmayaraq hər an keyfi dəyişə bilər. Bununla yanaşı, mükəmməl sevgilidir. O, daim sevgi axtarışındadır. Onun üçün sevgi maddiyyatdan daha çox motivasiyadır. İş həyatına gəldikdə isə çox istedadlıdır. Narahat və stresli mühitlərdə işləməyi sevmir. Yürütdüyü fikirlər həqiqətdən güc alır…
Deyir ki:- “Mənə deyirlər, köşə yaz, qonorar verəcəyik, tutaq ki, mövzu muğamdır. Tərifləyim muğamı? İçimdə muğam haqda heç bir müsbət bir şey yoxdur. Muğam adamı yatızdırmaq üçündür. Cəmiyyətdə açıq fikirlərim üçün aqressiya qazanmışam. Adamlar məni vurmaq üçün yerlər axtarır. Saza qulaq asanla roka qulaq asanları müqayisə etsək yerlə-göy qədər fərq olar aralarında. Yaxud da meyxana deyənlərlə reperləri. Allah heç kəsi lağ elədiyi mahnıların umuduna qoymasın. Elə olur ki, çox bayağı musiqilər dinləyirəm. Bunu da bir sirr kimi saxlayıram ki, feysbukda bilinməsin. Demirəm, ancaq bayağı mahnılar dinləyirəm. Ovqatdan asıldı. Hətta deyim, meyxanaya qulaq asmaq da olar. Mənim problemim deyil. Meyxana düşüncəmə, mənəviyyatıma, həyatıma təsir edə bilməz…”
İntuitiv olaraq həyat tələlərini hiss edə bilir, buna görə də hər hansı bir tələdən məharətlə yan keçir. Onun hərəkətləri nadir hallarda kobud və ya aqressiv olur. Həmişə zərif və nəcib görünməyə çalışır. Kobud və həyasız adamların qarşısında gücsüzdür. Onun fitri zəkası və incəliyi kobud hərəkətlərə yol verməyə imkan vermir. Çünki çaxnaşma vəziyyətində olanda çoxlu səhvlərə yol verir…
“Adam nə vaxt yalan danışır? Cəmiyyət səni məcbur edəndə yalan danışırsan. Ümumiyyətlə, həqiqətlə yaşamaq mümkün deyil. Dünya həqiqətlə idarə oluna bilməz, ölkə həqiqətlə idarə oluna bilməz, insanlar həqiqətlə idarə oluna bilməz. Yalana daha çox ehtiyac var. Bizim cəmiyyət yalan danışanı yox, həqiqəti deyəni cəzalandırır. Heç kim yalan danışır deyə peşman olmur, amma həqiqəti dediyimiz üçün peşman oluruq. Mən də özümü insanlara yazıçı kimi təqdim eləməliyəm. Adamları yazıçı olduğuma inandırmışam, amma görürəm ki, bu yalanımın arxasında dayanmağa potensial məndə yoxdur.”- söyləyir.
…Bəli, onun əsərlərinin əsl dəyərini əlahəzrət zaman verəcək. Bəlkə də Azərbaycanda yeganə yazıçıdır ki, heç bir kompleksi yoxdur. Olduğu kimi görünməyi, göründüyü kimi olmağı bacarır. Onun üçün səmimiyyət ən böyük mədəniyyətdir. Bəzilərinə cılız görünsə də, əslində böyük adamlardandır. Gələcəkdə onun qədrini daha çox biləcəklər. Bəlkə də indiki xalq yazıçıları bitib tükənəndən- daha doğrusu, Əzrayıl babaya qoşulub “oppalara” gedəndən sonra, Azərbaycan Yazıçılar Birliyinin dəhlizindəki xalq yazıçılarının şəkilləri sırasında, onun da şəkili asılacaq…
…Lap unutmuşdum, o vaxt Məstəli bir də deyirdi ki: “Qəzetlərdə ayın tarixindən başqa hər şey yalandır…”
Hörmətlə, Elman Eldaroğlu
Share: