Kəpənək buludlar Hz.İsanı xatırladırdı… – Banu Muharrem yazdı

Kəpənək buludlar Hz.İsanı xatırladırdı… – Banu Muharrem yazdı

”Yazıstan”

Balaca ikən qonşuluqda iki qız dostum var idi.İki bacı,bir qardaş idilər.Onlar ilə iki qat, daşdan olan evlərimizi bir-birindən bircə divar ayırırdı.

Divarın onlar tərəfinə düşən hissəsindəki daşların arası doldurulmuş, suvanmış, bizimkisi isə yarımçıq buraxılmışdı.O divarın isə evlərin arxa tərəfinə bitişik bir hissəsi vardı. Azca hörülüb yarım buraxılmış həmin divarın üstündən hoppanıb qonşu-qonşu oynayırdıq.Axşamçağı cansıxıcı olanda isə küçəyə çıxmağa gərək qalmazdı,o yolla qadınlar bir-birinin evinə gedər, yumaq iplərdən nəsə toxuyar, söhbətləşər,biz isə evcik-evcik oynayardıq.
Ev içində ev qura-qura evə sığmamaq da bir ayrı hekayə.
Bir axşam o divardan atlananda dizlərim üstündə yıxıldım.Şalvarımın dizləri qan,iki dizim parçalanmış halda idim.Ağrı çəkirdim.”Evə dönək,getməyək,qayıdaq” desələr də, “heç nəyim yoxdur” -deyib getmişdim. Dizimin əzilən yerinə həmin o hamının dadına çatan qırmızı rəngli Bayram kremini yaraya nə qədər çəkmək istəsələr də qəti qoymamışdım.
Şəkilin açıqlaması yoxdur.
O gecə oynamadım,oturmadım, qaçmadım,qürurumdan ağlaya da bilmədim.Sonralar da yaralarım tez sağalmamışdı heç.Sağalma dönəmi uzun, çox uzun çəkmişdi.Yaxşı yadımdadır.
Bilirsiz?Hər uşağın dizləri o qanı ,qanın istisini və rəngini hardan desən yaxşı tanıyır.Hələ hündürdən hoppanmaqdan deşilən corabların ucunu neçə dəfə tikib,söküb,yenidən tikərdilər. Özü də neçə dəfə.
Qürurlu idi o corablar, hələm-hələm* asan yenilməzdi dövrün aclığına.Gözləmədiyimiz anda ucu cırılsa barmağımızın arasında gizlədər, “əsas odur boynu təptəzədir” – deyərdik. Bəlkə də özümüzü yenidən bərpa etməyi,toparlamağı həmin corablardan öyrəndik.
Biz böyüdük. Dizlərimizdəki yaralar toplanıb ürəyimizə qədər gəlib çıxdı. Ona da şükür,yaralardan da əskiyimiz olmadı, payımıza düşəni aldıq. Corablarımızı da tikdik,dizlərimizin yarasını da.Amma qəlbi-yaralarımıza uyğun rəngdə bir sap tapmadıq.Eləcə dedilər: “sapı özümüzdədir” . Hələ də o sapı özümüzdə axtarırıq, amma tapa bilmirik. (Bağışlayın, əlavə sapınız olmaz???)
O vaxt balaca olanda hər şeyə marağı olan biri idim.Güman edirəm ki,bu mənim üçün cəza deyildi. Bəlkə də bacarıq idi, bilmirəm. Həmin qızlarla alanəm çəmənliyin üzərinə kürəyiüstə uzanıb göydəki buludları müxtəlif şeylərə bənzədirdik. Bir dəfə qızlardan biri “ora bax, o bulud kəpənəkdi,qanadlarını açıb, görürsüz?” -deyəndə bacısı təsdiqləmiş, mən isə bənzədə bilməmişdim. “Korsan?görmürsən” deyib gülmüşdülər mənə. Bu da davaya bir bəhanə idi ki, bizim bağçadan qovmuşdum onları . (Onlara nəzakətli davranmağı öyrətməyə çalışmışdım) .İki gün sonraya kimi özü də.
Amma onda deyə bilməmişdim ki, kəpənəklər mənə çarmıxa çəkilmiş Hz.İsanı xatırladır.
Mən onlar kimi deyə bilməmişdim ki, “ora baxın, korsuz?O, adamdır, qollarını göyə açıb ,ovuclarından taxtaya mismarlayıblar.”
Deyə bilərsiz -” sən o yaşda İsanı hardan bilirdin?”. Nənəm həmişə mənə İsadan danışardı. Çox kiçik idim deyə yadımda kəpənəklər qalıb.
Uzun zaman keçdi, hər şey beləcə davam etdi. Susmamağı,dilə gətirməyi,içinə atmağı xasiyyətə çevirdim. Sözlər ürəyimə toplandıqca qan topaları xıncını dilimdən çıxdı. Başladım bir-bir içimdəki pislikləri də,gözəlliklərlə birgə çölə tökməyə.
Hər şey bir yana, mən o buludu Hz.İsaya çox oxşatmışdım.
Banu Muharrem.
Share: