Kəndli tövlə tikmək üçün də icazı almalıdır … Samir ƏSƏDLİ yazdı

Kəndli tövlə tikmək üçün də icazı almalıdır … Samir ƏSƏDLİ yazdı
Milli Məclisin müzakirəsinə çıxarılan yeni qanun layihəsi kənd reallığı ilə açıq ziddiyyət təşkil edir və ciddi ictimai narahatlıq doğurur.
Layihəyə əsasən, vətəndaş hətta ən sadə kənd təsərrüfatı məqsədilə bir neçə inək və ya qoyun saxlamaq üçün tövlə tikmək istədikdə belə, əvvəlcə İcra Hakimiyyətinə müraciət etməli, ardınca məsələ Arxitektura və Şəhərsalma Komitəsinin razılığına çıxarılmalı, yalnız bundan sonra icazə ala bilməlidir. Bu cür tələblər kənd təsərrüfatının mahiyyətinə zidd olmaqla yanaşı, qanunu yazanların kənd həyatından tam xəbərsiz olduğunu göstərir.
Bu yanaşma kağız üzərində “nəzarət” kimi təqdim oluna bilər, lakin real həyatda kənd insanının ayağına vurulan yeni bir zəncirdir. Ucqar dağ kəndində yaşayan, dolanışığını mal-qara hesabına quran bir vətəndaşın bir tövlə tikmək üçün aylarla idarə qapılarında vaxt itirməsi nə qədər məntiqlidir? Onsuz da kəndlər boşalır, iş yerləri yox dərəcəsindədir, dolanışıq getdikcə çətinləşir. Belə bir şəraitdə süni və ağır bürokratik mexanizmlər kənd təsərrüfatını stimullaşdırmır, əksinə, onu boğur. Görünən odur ki, qanunu hazırlayanlar kəndin real problemlərini deyil, yalnız kabinetlərdə qurulmuş sxemləri əsas götürüblər.
Ortaya haqlı sual çıxır: bu qanunu hazırlayanlar kənddə bir gün belə yaşayıblarmı? Qanun layihəsi açıq şəkildə kənd həyatının spesifikasını nəzərə almır. Şəhərsalma və tikinti normalarının çoxmərtəbəli binalar, iri komplekslər və planlı yaşayış zonaları üçün nəzərdə tutulduğu hər kəsə məlumdur. Bu normaların eyni formada kənddə bir ailənin şəxsi təsərrüfat tövləsinə tətbiq edilməsi idarəçilik səriştəsizliyinin açıq göstəricisidir. Bu yanaşma ya bilərəkdən kəndlinin mənafeyinə zidd hazırlanıb, ya da qanunu yazanlar hansı ölkənin təcrübəsini köçürdüklərini belə dərk etməyiblər.
Daha təhlükəli məqam isə ondan ibarətdir ki, bu mexanizm korrupsiya üçün geniş imkanlar yaradır. “İcazə”, “razılıq”, “rəy” kimi anlayışlar kənd insanını məmur iradəsindən birbaşa asılı vəziyyətə salır. Kağız üzərində hər şey qanuni görünə bilər, lakin praktikada bu proseslərin vaxtında, şəffaf və rüşvətsiz həll olunacağına inanmaq sadəlövhlük olardı. Əslində, bu cür qaydalar problemi aradan qaldırmır, sadəcə onu məmur masasına daşıyır.
Bu tip qanunlar regionların inkişafına yox, kəndin mərhələli şəkildə sıradan çıxarılmasına xidmət edir. Bir tərəfdən kənd təsərrüfatına dəstəkdən danışılır, digər tərəfdən kənddə yaşayıb heyvandarlıqla dolanmaq istəyən insanların minimal ehtiyacına tövləyə belə “problem” kimi baxılır. Nəticədə, “icazəsiz tikili” adı altında tövlələrin sökülməsi üçün yeni əsaslar yaranacaq və bu da kəndlinin son ümidini əlindən alacaq. Bunun məsuliyyəti isə tam şəkildə həmin qanunu masa arxasında hazırlayanların üzərində qalacaq.
Əgər məqsəd həqiqətən regionların inkişafı və kənddə əhalinin saxlanılmasıdırsa, bu qanun layihəsi dərhal yenidən işlənməli, kənd təsərrüfatı təyinatlı sadə tikililər ümumi bürokratik prosedurlardan tamamilə azad edilməlidir. Əks halda, bu qanun kəndi qorumaq üçün deyil, onu tədricən xəritədən silmək üçün atılmış addım kimi tarixə düşəcək. Və bu tarixdə kəndin boşalmasının hüquqi əsasını yaradanlar kimi məhz həmin qanun müəlliflərinin adları xatırlanacaq.
Share: