Jurnalistlər Prezident Administrasiyasında qəbul edildilər-FOTO

Jurnalistlər Prezident Administrasiyasında qəbul edildilər-FOTO

Asif Mərzili: «Administrasiyanın sektor müdiri cənab Elmir Vəlizadəyə «Azərbaycan» nəşriyyatında redaksiyalara yaradılmış problemlər barədə ətraflı məlumat verdik…»

 

Müstəqil.Az Yenixeber.org-a istinad edərək xəbər verildiyi kimi, Prezident Administrasiyasının tabeliyində olan «Azərbaycan» nəşriyyatının əsaslı təmirə dayandırılması ilə bağlı burada uzun illərdir fəaliyyət göstərmiş redaksiyaların peşə fəaliyyətinə ciddi problemlər yaranmışdır. Belə ki, alternativ yer təklif edilmədiyindən əsaslı təmirlə bağlı bütün redaksiyalara təcili olaraq iş otaqlarını boşaltmaq göstərişi verilmişdir və bununla da uzun illərdir nəşriyyatın icarəçisi olmuş media subyektləri pərən-pərən düşmüş, bəziləri isə uyğun yer tapa bilmədiklərindən hələ də, nəşriyyatdakı avadanlıqlarını daşıyıb apara bilmirlər.

Heç bir yerə köçə bilməyən redaksiyaların seçilmiş nümayəndələri isə bir neçə gün əvvəl Prezidentin köməkçisi cənab Hikmət Hacıyevin qəbulunda olaraq problemdən çıxış yolu tapılması və kömək edilməsi məqsədilə Administrasiyaya müraciət etmişdilər. Bu gün onlar Administrasiyanın Vətəndaş Qəbulu Mərkəzində qəbul edildilər.

“Təzadlar”ın baş redaktoru Asif Mərzili görüş barədə bunları dedi:

-Bu gün “Yenixeber.org” portalının rəhbəri İlqar Salmanov və “Gundemxeber.org” saytının baş redaktoru Şirin Cəfəri olmaqla, üçümüz qəbulda olduq. Əvvəlcədən Administrasiyadan bizə məlumat verilmişdi ki, dövlət tədbirləri və rəsmi qəbullarla əlaqədar olaraq Hikmət Hacıyev qəbulda iştirak edə bilməsə də, rəhbəri olduğu şöbənin sektor müdiri Elmir Vəlizadə onu əvəz edəcək… Beləliklə, bu gün hörmətli Elmir müəllim və şöbənin adını unutduğum daha bir əməkdaşı bizi səmimi qəbul etdi. Cənab Elmir Vəlizadəni jurnalistlər yaxşı tanıyır, media tədbirlərində də görüşürük, təmaslarımız olur. Bu xüsusda, Elmir müəllim bizi xüsusi diqqətlə dinlədi, qeydlərini apardı. Hər üçümüz problemləri söylədik və təkliflərimizi çatdırdıq, eləcə də yaranmış problemin məğzi ifadə edilən və cənab Hikmət Hacıyevə ünvanlı məktubumuzu da təqdim etdik… Elmir müəllimin peşəkarlığına və mediaya xüsusi diqqət və sayğısını bildiyimizdən, inanırıq ki, məlum problem tezliklə həllini tapacaq…».

Xatırladırıq ki, «Azərbaycan» nəşriyyatının əsaslı təmirə dayandırılması ilə bağlı bir sıra redaksiyalar alternativ sahə tapmaqda ciddi çətinliklərlə qarşılaşıblar. Bu səbəbdən də jurnalistlər peşə fəaliyyətini davam etdirə, eləcə də qapıları bağlanmış nəşriyyatdan əşyalarını, avadanlıqlarını və kompüterlərini götürə bilmirlər.

Share: