İran ətrafında gərginlik: risklər və fürsətlər

İran ətrafında gərginlik: risklər və fürsətlər

Ədalət partiyasının Humanitar məsələlər üzrə sədr müavini Rafiq Əsədov son günlər İran İslam Respublikası ətrafında yaranmış gərginliyin inkişaf dinamikasını şərh edib: “İranın parçalanma riski getdikcə artır.

ABŞ-nin bu prosesi yarımçıq qoymaq niyyətində olmadığı açıq görünür. Vaxtilə Çinə ucuz neft ixrac edən Venesuelanı ələ keçirən Vaşinqton indi də İran neftinin Çinə yolunu bağlamağa çalışır. Bunun üçün İranda hakimiyyət dəyişikliyi qaçılmaz görünür.
Belə düşünürəm ki, yaxın günlərdə Trampla Ərdoğan arasında görüş baş tutacaq. Görüşün əsas mövzularından biri İranın gələcəyi olacaq və ehtimal ki, Tramp Türkiyəyə birgə hərəkət təklifini irəli sürəcək. Türkiyənin milli maraqları nəzərə alınarsa, belə bir əməkdaşlıq reallaşa bilər. Çünki neft və qaz Türkiyə vasitəsilə Avropaya çatdırılacaq ki, bu da ölkəyə əlavə strateji üstünlüklər qazandıracaq.
Xatırladaq ki, əvvəllər Suriyada PKK-nın nəzarətində olan neft sahələrini ingilis şirkətləri idarə edirdi. Əsəd hakimiyyəti devrildikdən sonra əraziyə artıq Türkiyə nəzarət edir, burada fəaliyyət göstərən isə ABŞ-nin neft şirkətləridir. Vaşinqton Türkiyə ilə birgə hərəkət etməyi üstün tutur. Bunun səbəbi aydındır: hər iki tərəfin güclü ordusu, qətiyyəti və illərlə formalaşmış qarşılıqlı etimadı mövcuddur.
Avropa müasir dünya siyasətində fəal rol oynaya bilmir. Monolit bir gücə çevrilə bilmədiyi üçün hərbi potensialı yetərsizdir. ABŞ isə bu yükü öz üzərinə götürmək niyyətində deyil. Nəticədə Avropa Birliyi ABŞ, Rusiya və Çin arasında müstəqil oyunçu kimi mövqeyini qoruyacaq gücə malik deyil.
Hal-hazırda ABŞ Avropa ölkələrinə 10 faiz gömrük vergisi tətbiq edib və tərəflər arasındakı anlaşılmazlıq açıq görünür.
ABŞ-nin İsraillə münasibətləri də təsəvvür edildiyi qədər isti deyil. Netanyahu dəfələrlə Trampla görüşərək Türkiyənin Qəzzada sülhməramlı missiyaya gəlməməsini istəyib, lakin bu təşəbbüsü nəticəsiz qalıb. Tramp Netanyahuya Türkiyədən uzaq durmağı təklif edib. Əks halda, Türkiyə ordusunun iki saat sonra Tel-əvivə çata biləcəyini xatırladıb. Lakin Netanyahu hələ də ümidlərini itirməyib və davamlı olaraq istəyinə nail olmaq üçün ən müxtəlif yollara əl atır.
Əgər Türkiyə İran məsələsinin içərisində aktiv rol oynasa, hakimiyyət dəyişikliyi çox qan tökülmədən həyata keçə bilər.
Cənubi Azərbaycan ərazisində PJAK-la toqquşma riski ərazi iddiaları zəminində olduqca yüksəkdir. İraq PKK-sı, Suriya PYD-si və İran PJAK-ı kimi silahlı qüvvələrin cənubdakı qardaşlarımızla toqquşma riski yüksəkdir. Bu baş verərsə, milyonlarla soydaşımız Türkiyə və Azərbaycana üz tutacaq.
İranın parçalanması, xüsusilə, Tehran–Təbriz ticarət yolunun qırılması uzunmüddətli aclığa səbəb ola bilər. Bu isə təkcə İran üçün deyil, bütün region dövlətləri üçün son dərəcə təhlükəli bir ssenaridir.
İranda baş verən etirazlar və daxili gərginlik həm regional, həm də qlobal güclər üçün kritik mərhələyə daxil olub. Bu proseslərin gedişatı xüsusilə Azərbaycan və ümumilikdə Qafqaz regionu üçün ciddi risklər və eyni zamanda müəyyən fürsətlər yaradır.
Sabitliyin tam pozulacağı təqdirdə genişmiqyaslı insan köçü başlaya bilər ki, bu da sosial və iqtisadi baxımdan ağır yük deməkdir. Eyni zamanda, sərhədyanı bölgələrdə radikal qrupların aktivləşməsi və terror riskinin artması ehtimalı yüksəlir.
İran–Azərbaycan dəmir və quru yollarının, xüsusilə Naxçıvan marşrutunun kəsilməsi əlavə problemlər yaradar. Bununla belə, İranın zəifləməsi uzunmüddətli perspektivdə Azərbaycanın milli təhlükəsizliyi üçün müəyyən faydalar verə bilər. İlk növbədə ideoloji təzyiqlərin azalması bu baxımdan mühüm amildir. Eyni zamanda, İranın zəifləməsi Azərbaycanın enerji mərkəzi kimi rolunu daha da gücləndirə bilər.
Son etiraz dalğası əvvəlkilərdən daha güclü olub. Bunun əsas səbəbi pulun sürətlə dəyər itirməsi və enerji böhranının xalqı çıxılmaz vəziyyətə salmasıdır. Etirazlar artıq təkcə iqtisadi xarakter daşımır, birbaşa rejimi hədəf alır. Rejim hələlik dağılmaq üzrə olmasa da, 2026-cı ildə ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir.
Bu proseslər yalnız o halda real nəticə verə bilər ki, ordu və təhlükəsizlik qüvvələri xalqın tərəfinə keçsin. İnanmaq olar ki, onlar da xalqın nümayəndələri kimi molla rejimindən beziblər və uyğun məqamda addım atacaqlar.
İsrail İranın nüvə proqramına və xaricdə fəaliyyət göstərən proksi qüvvələrinə, xüsusilə Hizbullaha zərbələr endirməklə onun gücünü əhəmiyyətli dərəcədə zəiflədib.
Tramp administrasiyası isə maksimum təzyiq siyasətini davam etdirir, etirazlara açıq dəstək verir və hərbi müdaxilə qərarını daim gündəmdə saxlayır.
Qərb ölkələri prosesə açıq şəkildə qoşulmasalar da, sanksiyalar və kəşfiyyat dəstəyi vasitəsilə İranda daxili narazılığı maksimum həddə çatdırmağa çalışırlar.
Rejim faktiki olaraq idarəolunmaz vəziyyətə düşüb. Etirazlar sərt şəkildə yatırdılsa da, köhnə qaydalarla ölkəni idarə etmək artıq mümkün deyil.
Hakimiyyət daxilində ciddi çatlar yaranıb, mühafizəkarlarla islahatçılar arasındakı uçurum getdikcə dərinləşir. Xalqla dövlət arasında isə etimad qırılıb.
Bu şəraitdə rejimin qarşısında iki yol qalır: ya köklü islahatlara getmək, ya da repressiv hərbi diktaturaya çevrilmək. Hər iki halda bu proseslər mövcud rejimin son çırpınışları kimi qiymətləndirilə bilər”.

Kultur.az

 

Share: