Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ali məqamlı insan o kəsdir ki, xalq üçün xeyirxahlıq yolunda hamıdan daha əvvəl addım atar”.
Xeyirxahlıq insan ruhunun ən saf və ən işıqlı təzahürlərindən biridir. İnsanlar çox vaxt xoşbəxtliyi böyük uğurlarda, maddi zənginlikdə və şöhrətdə axtarırlar. Lakin həyatın ən səmimi sevincinin çox zaman sadə bir yaxşılıqdan doğduğu danılmaz həqiqətdir.
Həyatda insanı ucaldan yalnız tutduğu vəzifələr və qazandığı nailiyyətlər deyil. Əsl dəyər insanın arxasında qoyduğu iz, etdiyi yaxşılıqlar və qazandığı hörmətdir. Elə insanlar var ki, onların ömür yolu zəhmət, xeyirxahlıq və insanlara bağlılıqla yadda qalır. Belə insanların həyatı yalnız öz taleyinin deyil, həm də mənəvi dəyərlərin ifadəsinə çevrilir.
Yardımlı insanı tarixən mərdliyi, alicənablığı və dostluğa sədaqəti ilə tanınıb. Bu torpağın adamları üçün söz namus sayılıb, dost əmanət kimi qorunub, el qeyrəti isə hər şeydən uca tutulub. Çətin gündə geri çəkilməmək, dara düşənə əl uzatmaq, haqqın yanında dayanmaq Yardımlı insanının dəyişməz xarakteridir. Onlar üçün var dövlət keçicidir, insan etibarı isə ən böyük sərvət hesab olunur. Məhz belə bir mühitdə formalaşan insanlar harada yaşamasından asılı olmayaraq doğulduqları torpağın mənəvi möhürünü ömür boyu daşıyırlar. Belə insanlardan biri də Fuad Bədirovdur.
Fuad Bədirov haqqında danışarkən ilk növbədə onun insanlığı yada düşür. O, xeyirdə də, şərdə də öndə olan, ehtiyacı olanın yanında görünən, yorulmadan çalışan yardımsevər və fədakar insan kimi tanınır. Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, Fuad bəy üçün kiməsə dayaq olmaq sadəcə bir xüsusiyyət deyil. Bu, onun həyat amalına çevrilmiş bir dəyərdir.
Səmimiyyəti, sadəliyi, təvazökarlığı və ürəyiaçıqlığı onu hər kəsə doğma edib. Süni davranış onun təbiətinə yaddır. Ürəyində nə varsa dilində də o olub. İnsan ömrünün müəyyən bir məqamında geriyə boylanır və keçdiyi yolu dəyərləndirir. Bu hesabat hər kəs üçün eyni olmur. Bəziləri zamanın sürətinə heyifsilənir, bəziləri isə vicdan rahatlığı ilə ötən illərə baxırlar. Fuad Bədirov üçün isə həyatın bu mərhələsi mənəvi məmnunluq hissi ilə müşayiət olunur. Çünki o, ömrünü zəhmətə, insanlara fayda verməyə, dostluğa və sədaqətə həsr edib. Onun üçün ən böyük qazanc insanların etimadı, ən qiymətli mükafat isə xeyir duadır.
1966-cı ildə Yardımlı qəsəbəsində dünyaya göz açan Fuad Bədirov zəhmətkeş ailə mühitində böyüyüb. Uşaqlıqdan aldığı tərbiyə onun xarakterinin formalaşmasında mühüm rol oynayıb. 1982 və 1983-cü illərdə Vəli Məmmədov adına iki saylı orta məktəbi bitirib. Elmə və zəhmətə bağlılığı onu ali təhsil almağa sövq edib. İnşaat Mühəndisləri İnstitutunda iqtisadçı mühəndis ixtisasına yiyələnməsi təsadüfi seçim deyildi. O, qurmağı, yaratmağı və faydalı olmağı sevən insan idi. 1984 və 1986-cı illərdə Moskva vilayətində hərbi xidmət keçməsi onun xarakterini daha da möhkəmləndirdi. Hərbi xidmət illəri nizam intizam, məsuliyyət və dözümlülük kimi keyfiyyətləri daha da gücləndirdi. Sonrakı əmək fəaliyyətində bu xüsusiyyətlər onun üçün etibarlı dayaq oldu.
Onun əmək yolu geniş və çoxşaxəlidir. Bakı şəhərində bir saylı Mebel Fabrikində başlayan fəaliyyəti Yardımlı Təsərrüfatlararası Tikinti Sahəsində davam edib. Yardımlı Aqropromda texniki nəzarət mühəndisi kimi məsuliyyətli layihələrdə çalışıb. Yardımlı rayonu Vergilər İdarəsində işlədiyi dövrdə prinsipiallığı və ədalətə bağlılığı ilə seçilib. Müxtəlif kommersiya qurumlarında rəhbər vəzifələrdə fəaliyyət göstərərək təşkilatçılıq bacarığını nümayiş etdirib. Daha sonra Milli Aerokosmik Agentliyin Elmi Tədqiqat İnstitutunda məsul vəzifələrdə çalışaraq bilik və təcrübəsini dövlət əhəmiyyətli sahələrdə tətbiq edib.
Harada işləməsindən asılı olmayaraq onun üçün əsas meyar insanlıq olub. O, vəzifəni üstünlük vasitəsi kimi deyil, xidmət imkanı kimi qəbul edib. İş yoldaşları onu tələbkar, eyni zamanda qayğıkeş rəhbər kimi xatırlayırlar. Çətinlikdən çəkinməyən, məsuliyyətdən yayınmayan və hər kəsin sözünü dinləməyi bacaran bir insan kimi yadda qalıb. Fuad Bədirovun həyatında ailə xüsusi yer tutur. Üç oğul atası və üç nəvə babası kimi ailə dəyərlərini hər şeydən üstün hesab edir. Övladlarına dürüstlük, zəhmətsevərlik və insanlara hörmət kimi keyfiyyətləri aşılayıb. Onun üçün ailə yalnız məişət anlayışı deyil, həm də möhkəm mənəvi dayaqdır.
Bu gün o, Bakı şəhərində yaşayır. Lakin harada olmasından asılı olmayaraq doğulduğu torpağa bağlılığı dəyişməyib. Yardımlının mərd, alicənab və dostluğa sədaqətli insan ənənəsi onun xarakterində yaşayır. Onu tanıyanlar tutduğu vəzifələri deyil, etdiyi yaxşılıqları xatırlayırlar. Çünki insanı ucaldan tutduğu vəzifə deyil, qoyduğu izdir.
Bu gün Fuad Bədirov ömrünün müdriklik və kamillik zirvəsi sayılan 60 illik yubileyini qeyd edir. Bu, zəhmətlə yoğrulmuş, insanlara xidmətlə bəzənmiş, dostluğa sədaqət və ailəyə bağlılıqla mənalandırılmış bir ömür yoludur. 60 yaş həm də bir hesabat məqamıdır. Arxaya baxanda görülən işlər, qazanılan dostlar və edilən yaxşılıqlar insanın ən böyük sərvətinə çevrilir. Fuad bəyin qazancı da məhz budur. İnsanların hörməti, dostların sədaqəti, ailəsinin sevgisi və aldığı xeyir dualar.
Fuad bəyə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və yeni uğurlar arzulayırıq. Qoy ömrünün bundan sonrakı illəri də keçən illər kimi mənalı və xeyirxah əməllərlə zəngin olsun.
60 yaşınız mübarək olsun, Fuad bəy.
Hörmətlə, Samir Əsədli



















