“İnqilab şeytanı”nın qətli: xain mühafizəçi, baltalı qonaq…

“İnqilab şeytanı”nın qətli: xain mühafizəçi, baltalı qonaq…

Dünya kommunistlərini ayağa qaldıran mühacirin külləri həyətində basdırıldı

Leninin 1924-cü ildə ölümündən sonrakı hakimiyyət mübarizəsi Stalinin tam qələbəsi ilə başa çatdı. Stalin əvvəlcə Zinovyev və Kamenevlə birləşərək Trotskiyə, sonra Buxarin və Rıkovla birləşərək Trotski, Zinovyev və Kamenevə qalib gəldi. Sonrakı illərdə isə özünün şəriksiz hakimiyyətini qurdu.

Trotski və tərəfdarları hələ bir müddət vəziyyəti dəyişdirməyə və sonuncu vaqona sıçramağa ümid edirdilər. 1927-ci ildə XV qurultayda məğlub olduqdan sonra daha fəal, hətta aqressiv addımlar atmağa başladılar. Doğrudur, həmin vaxt müxalifət partiyadan çıxarılan bir neçə min nəfəri itirmişdi. Amma bu, trotskiçiləri yalnız daha da həvəsləndirdi.

Onlar gizli vərəqələr yaymağa, müxtəlif müəssisələrdə çıxış etməyə, təbliğat aparmağa başladılar. Bu fəaliyyət nəticə verdi — hakim rejimdən məyus olmuş radikal gənclər trotskiçilərə qoşulmağa başladı. Stalin buna göz yuma bilməzdi. Bəli, müxalifət darmadağın edilmişdi, hakimiyyət institutları onun tam nəzarətində idi, amma Trotski yenə də təhlükəli idi. O, partiyanı içəridən sarsıdaraq, “zərərli fəaliyyət” göstərə bilərdi. Deməli, ondan qurtulmaq lazım idi. 1920-ci illərin sonlarında Stalin rəqibinin fiziki ləğvini özünə rəva görə bilməzdi. Bu səbəbdən də Trotskinin sürgün olunmasına qərar verildi.

Trotskinin sürgünü

1928-ci il yanvarın 18-də Trotskinin evinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəldi. QPU (Baş Siyasi İdarə) işçiləri müxalifətçiyə və ailəsinə əşyalarını yığmaq üçün azca vaxt verdilər, çünki qatarın yola düşməsinə bir-iki saat qalırdı. Onlara hara sürgün olunacaqları barədə heç nə demədilər. Lev Davidoviç məsələni aydınlaşdırmağa çalışdı, lakin nə Menjinski, nə də Yaqoda onun zənglərinə cavab verdi. Müxalifətçi mənzili tərk etməkdən imtina edərək müqavimət göstərməyə çalışdı. Bundan sonra QPU əməkdaşları onu güclə vağzala apardılar. Oğlu Lev Sedov xatırlayırdı ki, atası aparılarkən qışqıraraq dedi: “Yoldaş fəhlələr, baxın, yoldaş Trotskini necə aparırlar”.

“İnqilab şeytanı”nın sürgün həyatı belə başladı. Əvvəlcə onu ailəsi ilə birlikdə Moskvaətrafı Faustovoya apardılar. Sonra Daşkəndə gedən qatara mindirdilər. Amma son məntəqə başqa oldu — Trotskini ailəsi ilə birlikdə Almatıya gətirdilər. Əvvəlcə oteldə yerləşdirdilər, bir neçə həftə sonra kiçik bir mənzil verdilər. Şərait ağır idi: mebel yox idi, plitə işləmirdi. Amma Trotski və ailəsi ruhdan düşmədi. O, Asiyanın tarixi və coğrafiyasını öyrənməyə başladı. Hüquq-mühafizə orqanlarının nəzarətinə baxmayaraq, müxalifətçiyə Moskvada qalan tərəfdarları ilə yazışmağa icazə verildi. Lakin payızda bu imtiyazdan məhrum edildi və demək olar ki, tam informasiya blokadasına düşdü. O, uşaqlarının taleyi haqqında da heç nə bilmirdi. Bu da ona ciddi psixoloji təsir göstərirdi.

Hətta Qazaxıstanda da Trotski təhlükə sayılırdı. 1929-cu ilin əvvəlində onun SSRİ hüdudlarından çıxarılması məsələsi qaldırıldı. O, buna qəzəblə reaksiya verərək, ölkədən zorla çıxarıla bilməyəcəyini dedi. Əvvəlcə Almaniyaya göndərilməsi müzakirə olundu, amma almanlar onu qəbul etməkdən imtina etdilər. Digər Avropa dövlətləri də eyni cavabı verdilər. Yalnız Türkiyə razılaşdı və Trotski həyat yoldaşı Natalya Sedova ilə birlikdə “İliç” paroxodu ilə ora göndərildi.

Onlar İstanbul yaxınlığındakı Prinkipo (Büyükada) adasında məskunlaşdılar. Trotski burada bir neçə il yaşadı. Telefon, kino, teatr və digər əyləncələr yox idi. O, Prinkiponu “sükut və unudulma adası” adlandırırdı. Amma yazışmağa icazəsi vardı və xüsusilə Amerikadan çoxlu məktublar alırdı. 1932-ci ildə Trotskinin sovet vətəndaşlığı əlindən alındı, bundan sonra ona və arvadına Fransa vizası verildi. Siyasətçi yoluna davam etdi.

Fransada Trotski, demək olar ki, ev dustaqlığında yaşayırdı. Evin qapısından çıxmaq belə problem idi. Amma o, yeddi yaşlı nəvəsi Vsevolodu yanına gətirməyə icazə aldı. SSRİ-də repressiyalar artıq vüsət almışdı — birinci həyat yoldaşı Sibirə sürgünə göndərildi, uşaqlarının aqibəti isə məlum deyildi. Çoxsaylı sınaqlar onu basırdı. Yaş da öz sözünü deyirdi. Gündəlikdə belə yazmışdı: “Qocalıq — insanın başına gələ biləcək ən gözlənilməz şeydir”.

Fransada uzun müddət qala bilmədilər. Trotski həyat yoldaşı və nəvəsi ilə Norveçə köçməyə məcbur oldu. Bura haqqında belə yazdı: “Kiçik ölkə. Böyük yoldan kənarda, naməlum dil… Amma yenə də Madaqaskardan qat-qat yaxşıdır” deyə yazmışdı. Təxminən eyni vaxtlarda Lev Davidoviç öyrəndi ki, [SSRİ-də qalan] oğlu Sergey həbs edilib.

Elə həmin 1935-ci ildə Trotskilər nəvələri ilə birlikdə uzaq Norveç kəndində məskunlaşdılar. Elə bil, həyatlarında yeni bir mərhələ başlanmışdı. Lakin Norveç “qastrolu” cəmi dörd ay davam etdi. Meksikadan təklif gəldi — hökumət yaşlı inqilabçıya sığınacaq verməyə hazır idi. Ancaq bir şərt qoyuldu — siyasi fəaliyyətlə məşğul olmamaq. Amma məqalələr yaza və dərc etdirə bilərdi. Təbii ki, Lev Davidoviç razılaşdı. O, ruhlanmışdı, gələcəyə dair planlar qururdu. İspan dilini öyrənməyə yenidən başlamaq, Leninin bioqrafiyasını tamamlamaq, Latın Amerikasının mədəniyyəti və tarixi ilə tanış olmaq istəyirdi.

1937-ci ilin əvvəllərində Trotski ailəsi Meksikaya gəlib, Mexiko şəhəri yaxınlığında Koyoakan adlı yerdə məskunlaşdı. İnqilabçı iki il ərzində rəssam Dieqo Rivera və onun həyat yoldaşı Frida Kalo ilə eyni villada yaşadı. Sonra Lev Davidoviç arvadı və nəvəsi ilə birlikdə ayrı bir evə köçdü.

Trotskinin öldürülməsinin tarixçəsi

Sürgündə olduğu bütün illər ərzində Trotski Stalinin əsas rəqibi olaraq qalırdı. Xaricdə yaşayan Lev Davidoviç müxalif fəaliyyətindən əl çəkmirdi. 1930-cu illərin əvvəlində o, Komintern daxilində beynəlxalq sol müxalifət təşkil etmək istəyirdi. Bu təşkilata müxtəlif ölkələrdən sosialist nümayəndələri daxil olmalı idi. Lakin bunu həyata keçirmək mümkün olmadı, çünki Kominternin boş qalmış yerini beynəlxalq kommunist müxalifəti tutdu. Bu qurum Ümumrusiya Kommunist (bolşeviklər) Partiyasının sağ müxalifətinin analoquna çevrildi.

1935-ci ildə Trotskinin dördüncü İnternasionalı yaratmaq ideyası yarandı. Bu qurum üçüncü İnternasionalın alternativi olmalı idi. Lev Davidoviç istəyinə 1938-ci ildə nail oldu. Təsis konqresində Avropanın, Latın Amerikasının, Asiyanın müxtəlif ölkələrindən onlarla sol hərəkatın nümayəndələri iştirak edirdi. ABŞ-ın Sosialist Fəhlə Partiyası da iclasa qatıldı. Beləliklə, Trotski Moskvaya meydan oxuya biləcək yeni kommunist hərəkatı mərkəzinin yaradılmasının bir addımlığında idi.  Onun əsas silahdaşı isə oğlu Lev Sedov idi.

Gərginlik artırdı. Stalin başa düşürdü ki, tez və qətiyyətli hərəkət etmək lazımdır. Amma opponenti Meksikada idi və ona çatmaq asan deyildi. Çətinliklərə baxmayaraq, İosif Vissarionoviç hərəkətə keçmək əmri verdi. Bu vaxt Trotski Frida Kalo ilə eşq macərası yaşadı və bir müddət həyat yoldaşından ayrıldı, lakin sonra münasibətlər bərpa olundu. Lev Davidoviç Meksikanın siyasi həyatına qarışmamaq vədini tutmağa çalışırdı. Amma ehtimallara görə, o, bu mövzuda bəzi məqalələr yazıb, təxəllüslə dərc etdirmişdi.

Trotskiyə sui-qəsd

1938-ci il fevralın 6-da Lev Sedov dünyasını dəyişdi. Onun ölümünün müəmmalı şəraiti Lev Davidoviçi NKVD əməkdaşlarını ittiham etməyə vadar etdi. Doğrudur, bunun heç bir sübutu yox idi. O zaman Trotski qəti əmin oldu ki, tezliklə onun da növbəsi çatacaq.

O, yanılmadı. Trotskinin ortadan qaldırılmasına cavabdeh təyin olunan Pavel Sudoplatov bu işi Naum Eytinqona tapşırdı. Eytinqon isə “Ördək” adlı əməliyyata start verdi. Onun qərarı ilə əməliyyata bir-birindən xəbərsiz iki qrup göndərildi. Hər ikisi Stalinə sadiq ispan kommunistlərindən ibarət idi. “Ana” qrupuna Merkader, “At” qrupuna isə Sikeyros rəhbərlik edirdi. Sonradan Sudoplatovun dediyinə görə, ehtiyat kimi üçüncü qrup da vardı.

İlk olaraq Sikeyrosun adamları hərəkətə keçdi. Onlar sovet agenti Qriquleviçlə sıx əməkdaşlıq edirdilər. 24 may 1940-cı il gecəsi iyirmiyə yaxın adam, Meksika polisinin və ordusunun geyimində, Trotskinin evinə yaxınlaşdı. Lev Davidoviçin mühafizəçiləri arasında xəyanətkar vardı — NKVD tərəfindən ələ alınmış Robert Şeldon Hart. Onun köməyi ilə qrup daxili həyətə daxil oldu. Sikeyrosun adamları həyətdən evə atəş açdılar. Əsas zərbə Trotskinin yataq otağına yönəldi. Bir neçə dəqiqə sonra onlar geri çəkildilər.

Sikeyros tapşırığı yerinə yetirə bilmədi. İlk güllə səsləri eşidilər-eşidilməz, Trotski həyat yoldaşı ilə birlikdə yerə uzandı və tərpənmədi. Yalnız 14 yaşlı nəvəsi Vsevolod yüngül yara aldı. Yeganə qurban mühafizəçi Hart oldu. Onu əvvəlcə qaçırdılar, sonra isə lazımsız şahid kimi yox etdilər.

Sudoplatov “At” qrupunun uğursuzluğunu zəif hazırlığa bağladı. Onun fikrincə, Sikeyrosun adamları İspaniyada müharibə təcrübəsi keçmiş yaxşı döyüşçülər idi, amma xüsusi əməliyyat təcrübələri yox idi. Buna görə onlar əlavə kəşfiyyata və evin axtarışına kifayət qədər vaxt ayırmamışdılar.

Bu basqından sonra Trotski əmin idi ki, yenidən onun həyatına qəsd ediləcək. Buna görə ev qalaya çevrildi: pəncərələrə dəmir barmaqlıqlar və polad pəncərələr quraşdırıldı, divarların yanına qum kisələri düzüldü, əlavə kərpic hörgü çəkildi. Mühafizəçilərin sayı artırıldı. Ev ətrafında daimi polis patrulları növbə çəkməyə başladı.

Tezliklə “Ana” qrupu hərəkətə keçdi. Tapşırığın icrasına Ramón Merkader daha ciddi və “yaradıcı” şəkildə yanaşdı.

Trotskinin qətlini kim təşkil etdi

İspaniya Vətəndaş müharibəsində iştirak etmiş Naum Eytinqon orada Mariya Karidad Merkader ilə tanış oldu. Qadın tamamilə stalinçi bir kommunist idi və ali məqsədə çatmaq üçün hər şeyindən keçməyə hazır idi. Agent də məhz bundan istifadə etdi. Mariya vasitəsilə o, onun oğlu Ramonla əlaqə qurdu.

1938-ci ildə Ramona tapşırıq verildi: Trotskinin ətrafına daxil olmaq. Əslində bu, inqilabçıya yaxınlaşmağın yeganə yolu idi. Artıq silahlı basqın təşkil etmək fikri yox idi. Qərara alındı ki, daha incə metodlardan istifadə edilsin.

Ramon Parisə gəldi və özünü belçikalı Jak Mornar kimi təqdim etdi. Əfsanəyə görə, o, Tehrandakı Belçika konsulunun oğlu idi. Jak guya sol hərəkatı dəstəkləyirdi, çünki bu, onun dünyagörüşünə yaxın idi. Tezliklə o, “təsadüfən” Silviya Ageloff ilə tanış oldu. Silviya isə Trotskinin katibliyində işləyən Rut Ageloffun bacısı idi. Agent rolunu mükəmməl oynadı. Roman o qədər sürətlə inkişaf etdi ki, artıq evlənmək barədə söhbətlər başladı. Lakin Silviya ABŞ-da yaşayırdı və geri qayıtdı. Ramon isə Frenk Cekson adına Kanada pasportu ilə onun arxasınca getdi. Sevgilisinə bunu hərbi xidmətdən yayınmaq istədiyini izah etdi, qadın da bunu normal qarşıladı.

Ramon özünü sakit aparırdı, hadisələri sürətləndirmirdi. O, səbirlə pusquda gözləyirdi. 1939-cu ilin oktyabrında Merkader Meksikada idi, amma Trotskiyə maraq göstərmirdi.

Növbəti ilin əvvəlində Silviya da Meksikaya köçdü və bacısının köməyi ilə inqilabçının katibliyində işə düzəldi. Bundan sonra Ramon ehtiyatlı və planlı şəkildə hərəkətə başladı. O, Koyoakanda tez-tez görünməyə başladı, yerli sakinlərlə ünsiyyət qurdu. Tezliklə Trotskinin evinə sərbəst girişi olan Rosmer ailəsi ilə dostlaşdı.

Bir müddət sonra Ramon özü də Trotskinin evinə gəlməyə başladı. Lev Davidoviç və onun xanımı ilə söhbətlər edir, sakit davranır, heç bir şübhə yaratmırdı. Sadəcə Silviyanın əri kimi görünürdü.

Ramon Merkader — Trotskinin qatili

1940-cı il avqustun 20-si axşamüstü Ramon inqilabçının evinə gəldi. Hava isti idi, amma onun əynində plaş var idi. Trotski bu geyimə təəccübləndi, lakin Merkader xəstə olduğunu dedi. Sonra isə Lev Davidoviçdən trotskist hərəkat barədə yazdığı məqaləyə baxmağı xahiş etdi. Ev sahibi razılaşdı və onu iş otağına dəvət etdi.

Trotski oxumağa başlayanda, Ramon plaşın altından buz baltası çıxarıb inqilabçının başına vurdu. Tiyə təxminən yeddi santimetr dərinliyə girsə də, Trotski dərhal ölmədi. O, qışqıraraq aləti tutdu. Merkader belə reaksiyanı gözləmirdi, çaşqınlıqdan işini bitirə bilmədi. Otağa girən mühafizəçilər qatili dərhal yaxaladılar. Özünə gələn Ramon isə əfsanəsini davam etdirərək, fransızca qışqırmağa başladı: “Məni bunu etməyə məcbur etdilər… Onlar anamı həbsdə saxlayırlar. Onu öldürəcəklər… Zəhmət olmasa məni öldürün! Mən ölmək istəyirəm!”

Sudoplatovun xatirəsinə görə, plana əsasən Merkader evdən çıxıb onu gözləyən maşına minməli idi. Amma bu baş vermədi, çünki onu polis apardı. Bundan sonra Merkaderin anası və Eytinqon Kubaya keçdilər — Meksikada qalmaq təhlükəli idi.

Trotski 21 avqust səhəri dünyasını dəyişdi. Ölüm səbəbi buz baltası ilə yetirilmiş kəllə-beyin travması oldu. İnqilabçının cəsədi yandırılaraq, evinin həyətində basdırıldı.

Merkader isə sonadək öz əfsanəsinə sadiq qaldı. O, Mornar adından məktub yazaraq, motivləri izah etdi: guya Trotskinin ölümü zəruri imiş, çünki özü cinayətlər törətməyə hazırlaşırdı, Qərb agentləri ilə əlbir olub SSRİ-yə qayıdaraq Stalin başda olmaqla əsas partiya rəhbərlərini öldürmək istədiyini iddia etdi. İlk növbədə İosif Stalini. Sonradan əlavə etdi ki, Trotski Meksika prezidentinin siyasi rəqiblərini aradan qaldırmağı planlaşdırırdı. Silviyanın isə bu işlərlə əlaqəsi yox idi. Onu bir neçə dəfə dindirdilər, üzləşmələr etdilər, amma günahını sübut edə bilmədilər. ABŞ-nin müdaxiləsi də rol oynadı. 1940-cı ilin dekabrında Silviya Nyu-Yorka qayıtdı.

Merkader 20 il həbs cəzasına məhkum edildi və tam müddəti çəkdi. 1960-cı ilin mayında azadlığa çıxandan sonra əvvəlcə Kubaya göndərildi. Qısa müddət sonra isə onu gizlicə SSRİ-yə gətirdilər. Həmin il Merkader SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sovet İttifaqı Qəhrəmanı oldu və “Qızıl Ulduz” medalı aldı.. Sonra Ramon İvanoviç Lopez adı ilə Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutunda işə başladı. Ona mənzil və dövlət bağ evi verildi. Onun sirri ciddi-cəhdlə qorunurdu, tanışları üçün o, sadəcə müharibə veteranı idi.

1970-ci illərin ortalarında Merkader Fidel Kastronun şəxsi dəvəti ilə Kubaya köçdü. Burada Xarici İşlər Nazirliyində müşavir vəzifəsi tutdu. Agent 1978-ci ildə vəfat etdi. Külləri Moskvaya gətirilərək, Kunsevo qəbiristanlığında dəfn olundu.

Hazırladı: Yadigar Sadıqlı
Press-klub

Share: