NOSTALJİ
(ötənlərdən)
A köhnə yurd yeri, ocaq daşları,
Ötürdüm nənəmin köçünü bu il.
Babamın sazında dinir “Ovşarı”,
Gecikib talada biçini bu il.
.
Ləngidi, a yurd yeri, bu köç ləngidi,
Həsrətdən kövrəlib ürək təngidi.
Təbiət cəngidi, dönüş cəngidi,
Gələcəm tutmağa mərcimi bu il.
.
Bilmirəm, köksündə adım hardadı,
Dördnala çapdığım atım hardadı?
Yaxınım hardadı, yadım hardadı?
O qız da gözləsin elçimi bu il.
.
A yurd yeri, bu köç bir yazın payı,
Bir qismətin payı, bir nazın payı.
Bəndə düşən oğlan bir qızın payı,
Çəkər iki cəmin gücünü bu il.
.
Bir bulaq başında şahlıq çələngi,
Uzanar..axırda bitər bu cəngi.
Boşalar səhəngi, dolar səhəngi-
Gecikməz o qızın seçimi bu il.
















