İlləri əl-ələ verib gəlmişik Əlini əlimdən çəkmə, nə olur.

İlləri əl-ələ verib gəlmişik  Əlini əlimdən çəkmə, nə olur.

Başlığa çıxartdığım bu həzin misralar tanınmış şairə, filologiya elmləri doktoru, Əməkdar jurnalist Sona xanım Vəliyevaya məxsusdir.. Ömür gün yoldaşı, ictimai-siyasi xadim, tarix elmləri doktoru, professor Əli Həsənova həsr etdiyiyi şeirlər sırasındadır.

Sona xanımın ömür-gün yoldaşına yazdığı şeirlərdən birində deyilir:

Biz varlı deyildik, – qibtə yeriydik

Dövlətli  qonşuya, pullu dostlara,

Bu evdə heç nəyin olmayan vaxtı,

Sevgi bəxş edərdik pay umanlara.

Mən bu cütlüyün səmimiyyət və  mənəvi zənginliyini çox sonralar gördüm. Özlərini bir şair, elm adamı, jurnalist, siyasətçi, məmur kimi tanıdığım anlardan çox sonralar. Hərçənd Sona xanımla onun şeirlərinin oxucusu olmaqla, sözlərinə yazılan mahnıları dinləməkə daha əvvələllərdən “həmsöhbət” olduğumu əminlikl, demək olar.
Sona xanımın Əli müəllimə etdiyi etirafları necə də səmimidir, utancaqdır, mülayimdir:

Ömrün qonşuluq dastanını yazırsan…

Gəl yenə qayıdaq

ömrün güllü köynək fəslinə…

Utanıb o vaxt demədiyim

cavabı yazıram sənə…

 

Bun 65 yaşı tamam olur. Müstəqil.Az Ə.Həsənovun 65 illik yubileyi münasibəti ilə   Sona Vəliyevanın ona həsr etdiyi şeirlərini təqdim edir, yubiliyara uzun ömür, can sağlığı arzulayır.

BAŞIMIN TACI, BU GÜN SƏNİN 65 YAŞIN TAMAM OLUR.  SƏNİNLƏ BƏRABƏR HƏR GƏLƏN YENİ GÜN TANIŞ OLDUĞUMUZ GÜN KİMİ ƏZİZDİR. İNŞALLAH, 100 İLLİK YUBİLEYİNDƏ SƏNİN HAQQINDA DAHA GENİŞ SÖZ DEYƏCƏYƏM. HƏLƏ QARŞIMIZDA BİR ÖMÜR DURUR…

Sona VƏLİYEVA.
yUBLİYARIN ÖMÜR GÜN YOLDAŞI

 

 

İLLƏRİ ƏL-ƏLƏ VERİB GƏLMİŞİK

 

 

İlləri əl-ələ verib gəlmişik

Əlini əlimdən çəkmə, nə olur.

 

Beş dənə onluğun– sadə misalın…

Əzaba, zəhmətə bölünməyi var.

Vətəndaş ömründən alim ömrünə,

Hesaba gəlməyən qayğılar durar.

 

Bir ailə ömrünün ötən anları,

Yarı kitabxana, yarı yollarda.

Dünyanın çalışqan tələbəsi sən,

Nigaran qadını mən idim onda.

 

Soyuğu, istisi uzaq ellərin

Əlimə, üzümə gəlib çatardı.

Bir evin, ocağın əziz tikəsi,

Sən gələn zamana, vaxta qalardı.

 

Biz varlı deyildik, – qibtə yeriydik

Dövlətli  qonşuya, pullu dostlara,

Bu evdə heç nəyin olmayan vaxtı,

Sevgi bəxş edərdik pay umanlara.

 

Nə deyim, hərdən də küsdüm, incidim

Üzünə gəlmədim, qəlbə yük olar…

Bəzən qayğılara bələnən ömrün

İtmiş ayı,  günü bizi haraylar.

 

Bəzən də içimdən asılan giley

Ünvana yetişməz,  havada qalar…

Birtəhər yaşadım indiyə qədər,

Sənə bundan sonra ehtiyacım var.

 

Sən bildin, mən bildim, bir də dörd divar

Olub-olmayanı kimsə bilmədi.

Yarıya böldüyün papirosların

Kül yeri, köz yeri ürəyimdədi.

 

Neyləyim, izahı yoxdu bu sirrin

Haqq yazan, bəxt yazan sevgi payımsan.

Bəzən, uşaqların ən ərköyünü,

Ən əziz, ən sözə baxmayanısan.

 

Durmusan sevginin astanasında,

Hələ qarşımızda bir ömür durur.

İlləri əl-ələ verib gəlmişik

Əlimdən əlini çəkmə nə olur.

 

 

 

30 İL ƏVVƏLKİ SEVGİ MƏKTUBUNA CAVAB

(Həyat yoldaşıma…)

 

Otuz ildir tutarlı söz axtarıram

sənə cavab yazmağa…

Ömür evlilik çərçivəsindən boylanır geriyə…

Güllü köynəkli,

gur telli oğlanın

yazdıqlarını təzədən oxumağa çalışıramsənə

hər gün, qayğılarımla,

“yaxşı yol”, “xoş gəldin”lərimlə…

Cavabım övlad sevgisi,

ömür hərarətli,

ev-eşik,

gün-güzəran biçimli…

Otuz ildir

çay üstdən çiçəklər axan kimi

ömür ötüb-keçir…

Toplandıqca əlvan xatirələr çözələnir.

Hərdən umu-küsülərin əlindən səni

yenə güllü köynəkli oğlan xilas edir.

Ən gözəli o ki, sənin məktubların,

köynəyinin gülüylə,

könül gözüylə baxır olanlara.

Qoymur həyatımızı nimdaş olmağa…

Ömrümüz güllü köynək bükülü…

Qoruyur səni,

məni

min bəladan,

pislikdən.

Otuz ildir məktublarına cavab yazıram.

Yerdən Allahacan dastan-dastan

qayğılarımla,

dualı intizarımla,

bəzən də məktub şəkilli üsyanlarımla…

Hərdən elə lap yanımdaca,

xatirə ilğımında,

sevgi işığında

əynində güllü köynək,

əlində ürəkşəkilli sevgi məktubları

qarşımda durursan…

Ömrün qonşuluq dastanını yazırsan…

Gəl yenə qayıdaq

ömrün güllü köynək fəslinə…

Utanıb o vaxt demədiyim

cavabı yazıram sənə…

Bilirsənmi, səni yurd kimi,

Vətən kimi sevdim,

övlad kimi əzizlədim…

Otuz illik məktubuna indi

ömrümü qurban kimi –

cavab kimi göndərdim..

Share: