22 sentyabr 2025-ci il tarixində Cəlilabad Rayon Heydər Əliyev Mərkəzi müqəddəs bir anın şahidi oldu. Burada yazıçı-publisist Natəvan Zahidqızının şəhid Hüseynov Hilal və şəhid Hüseynzadə Ramazan Həmdulla oğlunun əziz xatirəsinə həsr etdiyi “İki nəfəs – bir Vətən” adlı ikinci kitabının təqdimat mərasimi keçirildi.
Tədbir Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil olunmuş, özündə böyük bir mənəvi missiyanı ehtiva edirdi ki, şəhidlərin müqəddəs adını, onların qəhrəmanlıq dastanını yaşatsın və gələcək nəsillərə ötürsün.
Zalın ab-havası, tədbirin ruhu həm kədər, həm də qürurla dolu idi. Burada bir araya gələn ziyalılar, şəhid valideynləri, qazilər və yaradıcı insanlar bir amalın daşıyıcısı idilər. Vətən üçün canından keçmiş oğullarımızı yad etmək və onların müqəddəs yolunu yaşatmaq əsas məqsəd idi. Dövlət himninin sədaları altında başlayan mərasimdə hər kəs bir nəfər kimi ayağa qalxdı, şəhidlərin ruhuna ehtiramla baş əydi. Ardınca bir dəqiqəlik sükut zalda sanki zamanın dayanmasına səbəb oldu. O sükutun içində xalqımızın sonsuz kədəri, amma eyni zamanda sarsılmaz qüruru duyulurdu.

Tədbirin rəsmi hissəsi Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xudaverdiyev Qabilin çıxışı ilə başladı. Onun səmimi və qürurla dolu sözləri bir daha təsdiqlədi ki, bu gün Azərbaycanın hər bir guşəsində şəhidlərin adı daim uca tutulur, onların xatirəsi heç vaxt unudulmur. Qabil müəllim şəhidlərin təkcə ailələrinin deyil, bütün millətin övladları olduğunu vurğuladı və bu kitabın işıq üzü görməsini milli yaddaşımız üçün mühüm bir hadisə kimi qiymətləndirdi.
Daha sonra söz Cəlilabad Rayon Vətən Müharibəsi İştirakçılarının və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Füzuli Cəfərova verildi. Onun çıxışında isə həm dərin ehtiram, həm də minnətdarlıq vardı. Füzuli müəllim şəhidlərin həyat yolundan, onların mübariz və igid ruhundan danışaraq qeyd etdi ki, bu kimi tədbirlər sadəcə bir xatırlatma deyil, həm də gələcək nəsillərə ünvanlanmış mesajdır. Çünki Vətən sevgisi hər şeydən uca və dəyərlidir.
Kitabın təqdimatı adi bir ədəbi tədbirdən daha çox, mənəvi bir körpü idi. Və dünənlə bu gün, şəhidlərin ruhu ilə yaşayan insanların qəlbi arasında salınmış müqəddəs bir körpüdür. “İki nəfəs – bir Vətən” təkcə iki qəhrəmanın həyat yolunu işıqlandırmır, eyni zamanda bütöv bir xalqın azadlıq mübarizəsini, şəhidlik zirvəsinin ucalığını əks etdirir. Bu kitab həm qəlbi Vətən eşqi ilə döyünən hər bir insan üçün dərsdir, həm də bir öyüd. Azadlıq heç vaxt asan əldə edilmir, azadlıq şəhidlərin qanı ilə yazılır.

Zalda iştirak edən şəhid valideynlərinin üzlərində kədər və fəxr yanaşı idi. Onların baxışları bir növ susqun nitq idi: – “Övladlarımız canlarını Vətən üçün verdilər, biz isə onların xatirəsini qorumaqla yaşamalıyıq”. Qazilərimizin iştirakı isə bir daha göstərdi ki, mübarizə ruhu hələ də canlıdır, Vətən uğrunda döyüşənlərin iradəsi xalqın yaddaşında əbədi yaşayır.

Bu təqdimat mərasimi təkcə bir kitabın tanıdılması deyildi. Bu, həm də milli-mənəvi yaddaşımızın qorunması, şəhidlərin həyat yolunun gələcək nəsillərə ötürülməsi, onların qəhrəmanlığının ədəbiyyat vasitəsilə əbədiləşdirilməsi idi. Kitabın adı – “İki nəfəs – bir Vətən” – özü bir fəlsəfədir. Çünki bu iki nəfəs əslində bir millətin nəfəsinə çevrildi, onların həyatından süzülən qürur isə bütöv Azərbaycanın yaddaşına yazıldı.
Belə tədbirlər bir daha sübut edir ki, şəhidlər unudulmur və unudulmayacaq. Onların adı hər zaman işıqlı qalacaq, onların yolunu qələm sahibləri, ziyalılar və hər bir vətənpərvər insan yaşadacaq. Natəvan Zahidqızının qələmindən süzülən bu kitab, şəhidlərimizin müqəddəs xatirəsinə yazılmış bir salnamə, gələcək nəsillər üçün isə müqəddəs bir əmanətdir.
✍ Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq.
















