Azərbaycanın müasir mədəniyyət və media mühitində elə simalar var ki, onların fəaliyyəti peşəkar karyera anlayışını çoxdan aşır.
Onlar sadəcə veriliş hazırlamır, film çəkmir, məqalə yazmır, düşüncə ilə məsuliyyət arasında körpü qururlar. İdris Heydərlı məhz bu nadir simalardandır. Onun televiziya, sənədli kino və publisistik fəaliyyəti bir mərkəzdə cəmlənir: yaddaş itərsə, kimlik də itər.
Azərbaycanın müasir intellektual mühitində İdris Heydərlı adı yalnız televiziya və sənədli kino ilə assosiasiya olunmur. O, daha çox sual verən, rahat cavablardan imtina edən və “biz kimik?” sualını israrla gündəmdə saxlayan düşüncə adamıdır. Onun publisistikası və ekran işi eyni nöqtədə birləşir: kimlik, yaddaş və düşüncə suverenliyi.
Yardımlı rayonunun Yolocaq kəndində doğulan İdris Heydərlı üçün bölgə yalnız coğrafi başlanğıc deyil, düşüncə qaynağıdır. Kənd mühiti, folklor yaddaşı, tarixlə birbaşa təmas onun dünyagörüşündə dərin iz buraxıb. Bu ilkin qat sonradan akademik təhsillə möhkəmlənib. Teatrşünaslıq və mədəniyyət fəlsəfəsi üzrə təhsil onun mediaya sırf texniki deyil, məna yönlü yanaşmasını formalaşdırıb. O, televiziya və kinonu düşüncə meydanı kimi qəbul edir.
İdris Heydərlının yaradıcılığında “körpü” anlayışı təsadüfi metafora və ya sadəcə yaşanılan məkan deyil, keçid yeridir. Amma Azərbaycan tarixən bu körpüdə qalıb Şərqlə Qərb arasında, kimliklə təqlid arasında, özlə özgə arasında. Onun publisist yazılarında bu vəziyyət ağrılı dəqiqliklə təsvir olunur. Biz Qərbin baxışlarında özgəyik, düşünə bilməyənlərik. Düşüncəni istehsal edən mərkəzlər başqalarına məxsusdur, biz isə hazır qəliblərin istifadəçiləriyik. Xəmirin mayasını bilmədən çörəyi yeyənlər kimi.
Bu asılılıq İdris Heydərlıya görə yalnız ideoloji məsələ deyil, həm də yaşam tərzi problemidir. Geyimdən yeməyə, davranışdan zövqə qədər ikili yaşam artıq normaya çevrilib və bu norma “dəyər” adı ilə təqdim olunur. Dolma yeyib caz ifa etmək mümkündür, amma hamburger yeyib muğamı anlamaq olmur. Çünki məsələ mətbəxdə deyil, Ağıl və Can əlaqəsindədir. Yaşam tərzi ilə mədəniyyət kodları üst-üstə düşməyəndə bu bağ qırılır.
Onun yazılarında tez-tez vurğulanan əsas fikir budur: Azərbaycan düşüncə olaraq zədələnmiş ola bilər, amma dərin genetik yaddaşda qorunan bir cövhər mövcuddur. Bu cövhər tarix boyu baş verən kataklizmlərə baxmayaraq mədəniyyət qatında özünü qoruyub. Problem ondadır ki, biz bu cövhəri yad düşüncə qəlibləri ilə ifadə etməyə çalışırıq. Nəticədə bütöv kimlik yarımçıq xammal halında qalır.
İdris Heydərlının publisistik düşüncəsi tarixi nümunələrlə daha da sərtləşir. Mirzə Fətəli Avropanı görmədən ideyalarla qidalandı, öz mədəni dünyasının içində düşüncə istehsal etdi. Amma Avropaya gedən oğlu Rəşid bəy Axundov oldu. Avropanın içində yaşadı və intihar etdi. Ata ideyaları imza kimi qoydu, oğul isə ömrünü itirdi. Bu fakt İdris Heydərlı üçün təkcə ailə faciəsi deyil, mədəni parçalanmanın simvoludur. Biz uzun müddətdir imzaları ideyaların yanında saxlayır, ömürləri isə itiririk.
Brüssel təsviri də bu düşüncənin davamıdır. Qərb şəhəri möhtəşəm daşlardan ibarət bir kilsəyə bənzəyir. Rəsmlər var, heykəllər var, amma insan nəfəsi soyuqdur. İnsan nəfəsi soyuduqca əyləncə artır, qarın doyur, göz böyüyür. İnsan isə azalır. Bu mənzərə İdris Heydərlının Qərb düşüncəsinə romantik yox, ayıq baxışının göstəricisidir.
Bu düşüncə xətti onun televiziya və kino fəaliyyətində də aydın görünür. “Ev sizin, sirr bizim”, “Ay, ev yiyəsi”, “Gizli və aşkar Azərbaycan” kimi proqramlar tamaşaçıya cavab vermir, sual verir. Televiziya hökm edən yox, dinləyən tərəfə çevrilir. Bu yanaşma Azərbaycan televiziyası üçün ciddi fərqlilik yaradır.
Onun sənədli filmləri də eyni missiyanı daşıyır. “Sarı gəlin”, “Udinlər”, “Şirvanşahlar”, “Avropanın oğurlanması”, “Zəfər Meydanı”, “Axtamar Teatrı”, “Türklər”, “And içirəm”, “H.Z. Tağıyev” faktların sadalanması deyil, yaddaşın oyadılması cəhdidir. Burada tarix arxivdən çıxarılır və düşüncə obyektinə çevrilir. Müəllif cavab vermir, sual qoyur. Çünki onun düşüncəsində problem cavabsızlıqda yox, sualsızlıqda başlayır.
“Yaddaş ağrısı” kitabı isə bu düşüncənin yazılı manifestidir. Burada Qərbin Ellin və xristian mədəniyyəti üzərindən formalaşmış düşüncə sisteminin necə “universal dəyər” kimi təqdim edildiyi göstərilir. Biz bu sistemi mayasını bilmədən qəbul edirik. Nə yoğururuq, nə bişiririk sadəcə istifadə edirik. Və bu istifadə bizi kimlik sahibi etmir.
İdris Heydərlı Azərbaycan intellektual mühitində rahat izahlar verən adam deyil. O, narahat edən suallar qoyur. Onun yazıları asan həzm edilmir, çünki oxucuya komfort hissi təklif etmir. Amma bu yazılar oxucunu öz kimliyi ilə üz-üzə qoyur. Və bəlkə də onun ən böyük xidməti məhz budur: bizi körpüdə yaşamağın tale olmadığını xatırlatmaq.
Körpüdə yaşamaq olmaz.
Ya keçməlisən, ya da özünə qayıtmalısan.






















