Mən sənin kiminəm
Mən sənin kiminəm? Xəyali eşqin!
Nə dostun, yoldaşın, nə ərin mənəm.
Eşq ürək işidi, bəxt qədər işi
Əgər bəxtin varsa, qədərin mənəm…
30 il gec gələn Tanrı butası,
Bəlkə də Allahın zaman xatası…
Şəriki olmayan ay yer Xudası
Sənin tək şərikli əsərin mənəm.
Mənim hər parçamda sənin yerin var
Əfsus! Məndən xali bir qədərin var
Evin, eşiyin var, ailən, ərin var
Amma ki hər parçan, hər yerin mənəm.
Sənə kimim deyim? Mələyim desəm?
Ruhum, eşqim, canım, ürəyim desəm?
Qırsam zincirimi, gəlirəm desəm!
Nə ali, nə uca, nə dərin mənəm…
Bilirəm, mən sənin tənin deyiləm
Gecənəm! Sabahın, günün deyiləm
Nə bədbəxt adamam! Sənin deyiləm
Təkcə ağrın, acın, kədərin mənəm.
Yarıma dərd olub yarı sevməyim
Deyir yarımı sev, yarımı sevmə
Mən necə var olan varı sevməyim?
Sən ey nadir nüsxə, orijinal dəli,
Nətər yarı sevim, yarı sevməyim?
Bəs nətər sevməyim, bəs sevim necə?
İstərsən sərt sevim, istərsən incə…
Bir ay açıq sevdim, bir ay gizlicə
Nolacaq bir ay da barı sevməyim…
Mənə sevmə deyir, ay gədə, sevmə
Heç kimi, heç nəyi, heç vədə sevmə
Sevmə anlayırsan, məni də sevmə
Mən indi neyləyim Tanrı, sevməyim?
Məni daş mı sanır, nə sanır yarım?
Təkcə öz eşqinə inanır yarım.
Məni özünə də qısqanır yarım
Yarıma dərd olub yarı sevməyim.
Təcnisvari
Tünkədi sevincim, ləçək misalı…
Sevməsən tikandı, sevincə incə…
O sevilmək üçün gəlib dünyaya
Gülü çiçək açmaz sevilməyincə..
Gərək çox sevilə, çox sev, incidi
Bəxtimə düşməsi nə sevinc idi!
Bu fani həyatın tək sevincidi
Naşı, incə davran sevincə, incə…
Dünyada o təkdi, tək inci odu
Üçüncü, ikinci, birici odu!
Ömrümün ən dadlı sevinci odu
Dərdi incidəndi, sevinci incə.
Sev incə ürəyim, sev, inci sevdin!
Dərdi ağuşladın, sevinci sevdin.
Dünyada ən gözəl Sevinci sevdin
Sev incik ürəyim, sev incə-incə…
Deyirsən unudaq bir-birimizi
Deyirsən unudaq bir-birimizi
“Yaxşı gəl unudaq” – sözə bax Allah.
Üç-beş gün buraxıb dünya işini
Bizə bax, sən təkcə bizə bax, Allah.
Demişdin qaldırma telefonumu
Zəng etsəm götürmə, yazsam baxma heç.
Demişdin mən burda darıxacağam
Sən orda darıxma, heç darıxma heç.
Mənim günümə bax, indi neyləyim?
Bayaqdan qışqırır telefon səsi…
Îslamdan vaz keçim, dindənmi çıxım?
Möminə gəl deyir bu əzan səsi.
Elə bil unutmaq uşaq işidi
Sanki qərar verib unutmaq olar?
Başına haranın daşını töksün
Bəs onda qərarla unudulanlar?
De görüm mən səni necə unudum?
Yaxşı bəs sən necə unudacaqsan?
Yoxsa ki köksündən söküp qəlbini
Dəftər arasında qurudacaqsan?..
Mən sənin xoşuna gelməməliydim
Bağışla, bilirəm öz günahımı –
Mən sənin xoşuna gəlməməliydim.
Taleyin toruna düşməməliydim,
Bu sevda başıma gəlməməliydi…
Sən bahar, mən payız, qarşımda qışdır
Ortada dağ kimi zaman sədləri.
Göydə ulduzumuz sarmaş-dolaşdı
Yərdə kim aşacaq bu sərdədləri?
Qurduğum zindanın əsiriyəm mən
Məhkumam özümün əsarətində.
Mən yaxşı bilirəm öz günahımı
Mərhəmət ummuram ədalətindən.
Mən sənə bir dəfə demişdim axı:
Bu iş göy işidir, yer işi deyil.
Təkcə umudumuz Allaha qalıb
Yaxşılıq da Onun vərdişi deyil…
Bütün sevənləri qovuşdur, Ya Rəbb
Mən olum, ot olsun, qarışqa olsun.
Amin! Təki olsun! Qoy olsun, ya Rəbb
Əlim ətəyində… Ya… kaş ki olsun!
Bəlkə bir az sərtəm, yekəxanayam
Amma ortada da ruh var, bədən var.
Məni əff etməsən onu bağışla…
Məni məndən betər axı sevən var!
Bağışla, eşqinin toruna düşdüm
Bu sevda başıma gəlməməliydi.
Bağışla, bilirəm öz günahımı –
Sən mənim xoşuma gəlməməliydin.






















