Hüseyn Cavid və Türkiyə ədəbi mühiti
Dahi Azərbaycan dramaturqu Hüseyn Cavid romantizm cərəyanının müəllifi kimi Azərbaycan ədəbiyyatında yeni tarixi mərhələni yaratdı.XIX əsrin sonlarına doğru “maarifçi idealların süqutu maarifçiliyə qarşı kəskin ideya-fəlsəfi müxalifətə – klassik Avropa romantizminin meydana çıxmasına səbəb oldu” ki, bu da Azərbaycan romantizminin yüksəlişinə rəvac verdi. Bu dalğa Abbas Səhhət, Abdulla Şaiq və başqaları ilə bir arada Hüseyn Cavidin ədəbi müstəvidəki özünəməxsus yerini birmənalı olaraq müəyyənləşdirdi. “Cavid və Hadi təkcə dünya və Avropa romantizminin Şərqdə davamı deyildi, hər iki şair həm də Füzulinin, orta əsrlər poeziyasının qanadları üzərində yüksəlmişdi”.

Artıq XX əsrin lap əvvəllərindən etibarən klassik romantik ənənələr tarixi-estetik məna daşımaqdan daha çox ədəbi prosesin iştirakçısına çevrilmişdi. Təbii ki, bu yeni proses Hüseyn Cavidin estetik, xüsusilə də ədəbi görüşlərinin formalaşmasında müstəsna rol oynamışdır. Eyni zamanda lap gənc yaşlarından qaynar, yetkin, digər tərəfdən ziddiyyətlərlə dolu olan Türkiyə ədəbi mühiti ilə yaxından tanış ola bilmək fürsəti də Hüseyn Cavidin ədəbi taleyinin yönünü birdəfəlik müəyyənləşdirmişdir.
Cavidin Türkiyəyə gəlişi elə bir dövrə təsadüf edirdi ki, məhz həmin dövrdə böyük türk şairi Tofiq Fikrət türk ədəbiyyatının istiqamətini dəyişdirmək və inkişaf etdirmək uğrunda dönməz mücadiləyə qoşulmuşdu. 1896-1901-ci illərdə Tofiq Fikrətin redaktorluğu ilə İstanbulda nəşr edilən “Sərvəti- fünun” jurnalı ətrafında toplaşan ədəbiyyatçılar bu jurnalı yeni ədəbiyyatın mərkəzinə çevirməyə çalışırdılar. Həmin dövrdə Türkiyənin ziyalı təbəqələri həyatdan uzaq, yuxulayan, Avropadan geri qalan ədəbi həyatı “bu ağır vəziyyətdən qurtarmaq, heç olmasa, hakim sinfə yeni, Avropaya meyilli bədii əsərlər vermək üçün türk ədəbiyyatında da islahatlar aparmaq, Avropa mütərəqqi ədəbiyyatından, o cümlədən rus ədəbiyyatından istifadə etmək məsələsini ortaya atmışdılar. Bu islahat müxtəlif yollar və vasitələrlə aparılırdı”.
Cavid İstanbula gələndə (20 aprel 1906) “artıq “Sərvəti-fünun” məcmuəsi öz məşhur dövrünü yaşamırdı. Amma sərvətifünunçuların – Tofiq Fikrətin, Xalid Ziya Uşaqlıgilin, Nigar xanımın, Cənab Şəhabəddinin, Süleyman Nazifin, Mehmet Raufun, Hüseyn Cavid Yalçının, Hüseyn Suat Yalçının… təmsil etdiyi ədəbiyyati-sədidə yeni ədəbiyyat yaranıb inkişaf etməkdəydi”.
Cavid 1906-cı ilin aprel ayında gözlərini müalicə etdirmək üçün Türkiyəyə gedir. İstanbulda əslən gəncəli olan Abdulla Sur (Məmmədzadə) onu şair Rza Tofiqlə tanış edir.
Beləliklə, o, Rza Tofiqdən ev şəraitində dərs almağa başlayır, az sonra onun zəmanəti ilə tarix-ədəbiyyat fakültəsinə daxil olur. Burada Rza Tofiqlə yanaşı, Cənab Şəhabəddinin, Xalid Ziyanın və Mehmet Akifin mühazirələrini dinləyir.
Elə həmin 1908-ci ildə Türkiyədə baş verən burjua inqilabi xalqa azadlıq gətirmədi.
1908-ci ildə Türkiyədə baş verən burjua inqilabının xalqın istəyincə nəticə verməyəcəyini yaxşı başa düşən böyük Azərbaycan şairi M.Ə.Sabir “Yatmayın, Allahı sevərsiz” şeirində yazırdı:
…Şad olmayın, ey sevgili millət bükaləsi!
Osmanlıda cari olan qanuni-əsasi!
…Əvvəlcə verirlər sizə hürriyyəti-əfkar,
Vəqta ki danışdız, vüzəra oldu xəbərdar,
Mütləq görəcəylər ki, cibişdanə zərər var.
Hər fəndlə olsa qovacaqlar sizi naçar,
Çünki bu yığıncaqda olur həqqiniz inkar.
(“Sərvəti-fünun”)
Şübhəsiz ki, həmin dövrdə M.Ə.Sabirin bu şeiri boyunca “nəqarət şəklində təkrar edilən və müəllifin əsas ideyası kimi meydana çıxan “aldanmayın”, “yatmayın” çağırışları ciddi inqilabi əhəmiyyətə malik idi”. Eyni zamanda, bu dönəmin canlı şahidlərindən olan Hüseyn Cavid də öz böyük həmyerlisi, soydaşı M.Ə.Sabir kimi aydın görürdü ki, Türkiyədə 1908-ci il inqilabından sonra xalq yenə də ciddi çətinlik və ehtiyac içində yaşamaqdadır. Bu o zaman idi ki, Tofiq Fikrət öz millətinin taleyinə uzanan qara əllərə, niyyətlərə qarşı dönməz mübarizəyə səsləyərək yazırdı:
Düşsün sənə meyyali-təhəkküm əyilən sər,
Qopsun səni bir haqq deyə alqışlayan əllər.

Həmin illərdə Türkiyədə olan böyük Azərbaycan şairi Məhəmməd Hadi T.Fikrəti müdafiə edən, “Sərvəti-fünun”da çap etdirdiyi şeirində yazırdı:
Ey dəsti-hünər, dəsti-ədəb, dəsti-rehatsaz!
Alqışlayan əllər səni, əlbəttə, qırılmaz!
İctimai-siyasi, sosial ab-havanın, ədəbi-mədəni mühitin belə bir durumda olduğu həmin o illərdə H.Cavid Türkiyədə, ictimai-siyasi, ədəbi-mədəni həyatın ən qaynar mühitində yaşayırdı; dövrünün ən görkəmli, ziyalı insanlarının əhatəsindəydi. “Əbdülhamid taxtdan endirildikdən sonra ölkəni hakimiyyətə gələn Sultan Rəşad deyil, əsasən “İttihad və Tərəqqi” mənsubları – konstitusiyalı parlament idarə edirdi. 1908-ci ilin 17 dekabrında II Məşrutiyyət Məclisi açılmış, 1909-cu ilin 27 aprelində Əbdülhamid taxtdan endirilmişdi və 1909-cu ilin iyun ayında Cavid yazırdı: “İdareyi-ürfiyyə qalxmış, sükunət və əmniyyət hökm-fərma, ciddiyyət və fəaliyyət azacıq görünməyə başlıyor”.
Bundan bir il əvvəl – 1908-ci ildə Qurbanəli Şərifzadənin məclisi-məbusanın açılışı münasibətilə təbrikinə Cavid belə cavab verirdi: “Bəndənizi məsud Türkiyənin böyük bayramı ilə, məclisi-məbusan güşadı ilə təbrik ediyorsunuz. Filhəqiqə məsud kibiyim, bəlkə də məsudum”.
Hürriyyətin baş ideoloqlarından biri H.Cavidin İstanbuldakı müəllimi Rza Tofiq idi. İstanbuldakı təhsil illəri onun dünyagörüşünün, düşüncəsinin formalaşmasında xüsusi rol oynamışdı. Onun estetik baxışlarının, əsiri olduğu həqiqət və məhəbbət anlayışının sabitləşməsində İstanbul həyatının xüsusi yeri var. Bu illərdə H.Cavid modern türk nəsrinin ən böyük nümayəndəsi olan qələmdaşlarının heç bir şeyə yaramayan, qeyri-adi olaylar anladan əsərləri çevirmələrinə qarşı olan etirazıyla həmrəy idi; türkiyəli tərcüməçilərin fransızların az-çox ciddi və məharətli ədəbiyyatını yox, gərəksiz və çürük əsərlərinin türk dilinə çevrilməsinin yolverilməz olduğunu qeyd edirdi. Bu illərin Türkiyə həyatı H.Cavid yaradıcılığı ilə Tofiq Fikrət dünyasının oxşar cəhətlərinin təməlini qoymaqdaydı, eyni zamanda da Cavidin bənzərsiz istedadı Şərq və Qərb ədəbiyyatının elə böyük ədəbi simalarının aurasında formalaşmaqda idi ki, bu inkişaf onun ədəbi məkanının sınırlarını, coğrafi əhatəsini daha çox genişliyə götürürdü. Türkiyə ədəbi ictimai-siyasi həyatının başlıca fiqurlarından olan N.Kamal, Z.Paşa, Ş.Sami, R.M.Əkrəm kimi sənətkarların yaradıcılığı və həyata baxışları, şübhəsiz ki, H.Cavidə təsir edib. Eyni zamanda H.Cavid həmin dövrdə “Sıratı-müstəqim” dərgisində birgə çap olunduğu Yusuf Akçura, Əhməd Ağaoğlu, Süleyman Nazif, Ayaz İshaqi, Vələd Çələbi, Əhməd Midhət və başqalarının forma və məzmun axtarışlarını diqqətlə izləyirdi. Bu təmasdan hasilə gələn düşüncə, milli məfkurə, zövq təzəliyi gələcək yaradıcılığında Cavidin dünya ədəbiyyatındakı cərəyanlara bələd olmasına, türkçülük məfkurəsini yazdığı əsərlərin və mövzuların əsas ideyasına paralel şəkildə uzlaşdırmasına bir milli ideoloq kimi yetişməsinə vəsilə oldu. Bu səbəblərdəndir ki, Cavid yaradıcılığı hər bir məqamı ilə haradasa Tofiq Fikrət, Mehmet Akif dünyagörüşünün (baxmayaraq ki, zamanında Tofiq Fikrətlə Mehmet Akif arasında müəyyən fikir, münasibət ayrılığı yaşanmışdı) xələfi, növbəti, ancaq bu dəfə daha mükəmməl və genişmiqyaslı gəlişməsi kimi öyrənilir.
Tarixin silinib-pozulmaz salnamə-müstəvisində, 1926-cı ilin qənimət kinoxronika yaddaşında H.Cavidi türkçülüyümüzün fikir babalarından olan bir çox görkəmli ziyalılarla yanaşı, ortaq ədəbi türkcənin böyük yaradıcılarından olan Mehmet Fuad Köprülü ilə bir arada I Türkoloji qurultayda iştirak edən görürük. Fuad Köprülü H.Cavid haqqında Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından biri kimi bəhs edir: “…Azərbaycan ədəbiyyatında ilk mənzum pyesləri yazması, səhnədə İstanbul türkcəsini kullanması… təmiz və işlənmiş bir üsluba malik olması, əsərləri üzərində həqiqi bir sənətkar titizliyi ilə çalışması Azərbaycan şeirinin təkamülü tarixində ona mühüm bir mövqe təmin etmişdir”.

İstanbulda təhsil aldığı illərdə H.Caviddə formalaşan türkçülük anlayışının qaynağında Ziya Göyalpın, İsmayıl bəy Qaspıralının, Əli bəy Hüseynzadənin, Şeyx Cəmaləddin Əfqaninin, Mehmet Akifin, Yurdaqulun və başqalarının fikir, düşüncə aydınlığı bütün qapsamıyla dayanmaqdadır. Bu düşüncə Cavid təəssübkeşliyinin əsasında dayanan nüvə kimidir. Böyük şairin başlıca qürur mənbəyi, qalibiyyət və qəhrəmanlıq öygüləri bu səbəbdən həmişə böyük Turan dünyası, eyni zamanda türk varlığı ilə bağlı olmuşdur:
Həp krallar, prenslər, xanlar,
Ulu şahlar, kibirli xaqanlar,
Papalar, həp xəlifələr hər gün
Diz çökərdi türkə qarşı bütün…
Ziya Göyalpın “Millətin şahlanmış imanı” deyə təqdir etdiyi, Atatürkün “ədəbiyyat və şeirdə ilk örnəyi” olan Ömər Naci bəyi İstanbulda ziyarət edəndə də, Cənubi Azərbaycan məşrutə fədailəri olan, “gənc İran əhrarının ən həmiyyətpərvərləri”ilə İstanbulda görüşəndə də, “yalnız mədəniyyət” deyə “Turana qılıncdan daha kəskin, ulu qüvvət” diləyəndə də H.Cavid öz böyük müəllimlərinin parlaq düşüncə və məfkurələrindən əxz etdiyi dəyərlərə istinad etmişdi.
“Türkiyənin istiqlal şairi, ümmət və milliyyət düşüncəsinin parlaq təmsilçisi Mehmet Akif Ersoy H.Cavidin böyük gələcəyinə inamını onun şeirlərinin baş yazarı olduğu “Sıratı-müstəqim” dərgisində nəşrinə imkan yaratmasıyla ifadə etmişdi. Bu dərgidə Cavidin “Yadi-mazi”, “Son bahar”, “Elmi-bəşər” və s. adlı şeirləri dərc edilmişdir.
İstər göz ağrıları səbəbindən, istərsə də ikmalı-təhsil üçün Bakı müsəlmanlarının ezam etmələri səbəbindən olsun, hər iki halda bilinən odur ki, H.Cavid 1906-cı ilin 20 aprel günündə sübh tezdən İstanbula yetişmişdir. 24 yaşının içindəydi; İstanbulda tarixi bir məhəllədə, XVI yüzildə IV Muradın anası tərəfindən inşa etdirilmiş Validəxanda yaşayıb-yaratmışdır. Bu dönəmdə o, İstanbulda yaşayıb-yaradan bir çox görkəmli söz ustalarının aşkar təsiri altında yazıb-yaratmışdır. O, türk yenilikçi ədəbiyyatının havasını daha erkən fəhm edə bilmişdi. Bununla belə, onun bütün sonrakı yaradıcılığına, sənət kredosunun müəyyənləşməsinə əsas təsir, cavidşünas alim Azər Turanın qeyd etdiyi kimi, Tofiq Fikrətdən və Əbülhəq Hamiddən oldu. Bu fikri böyük türkoloq-alim Fuad Köprülü də 1942-ci ildə yazdığı bir məqaləsində xüsusi olaraq vurğulamışdır: “Hüseyn Cavidin yaradıcılığı yalnız dil baxımından deyil, ümumiyyətlə, fikir və sənət baxımından da Hamid və Fikrət təsirlərinin bir halitəsi kibi tələqqi oluna bilər”.
Bu gün Azərbaycan ədəbi ictimaiyyətinin Cavidə verdiyi dəyər də, əslində, bir millətin soy-kök, milli ədəbi-mədəni, tarixi ənənəyə bağlı məfkurənin təsdiqindən irəli gəlir. Cavidin istənilən əsərindən alınan bədii və fəlsəfi təəssürat böyük və unudulmaz övliya nəsihəti kimi yaddaşın dərinliyinə çökür, insanın düşüncələrinin təmizlənib arınmasına səbəb olur. Belə olan halda milli yaddaşın uzun yolları elə işıqlanır ki, hər şey ovuc içi kimi görünür. Ulu türkün özünədönüş çağırış səsi də Cavid romantikasına qarışaraq daha real olanı təlqin edir: “Özünə qayıt, türk, sən özünə qayıdanda böyük olursan”.
















