
.
Heydər Əliyev- 102
Heç kim göydən yerə zənbillə enmir, hamı anadan olur. Lider adlandırdığımız adamlar da. Dünyada dahi liderlər çox olub, bu gün də var. Bu dəfə sizə onlardan biri- uzun müddət Azərbaycana rəhbərlik edən Heydər Əliyevdən söhbət açamaq istəyirəm. Axı, mayın 10-u Onun 102 illiyidir…
Yaxşı yadımdadır, 1976-cı ilin yayı idi. Onda mənim on yaşım vardı. Sumqayıt şəhərində 9 nömrəli orta məktəbin 3-cü sinfini təzə bitirmişdim. Ara-sıra şeir yazıb özümü dahi hesab edirdim. İnşaatşılar qəsəbəsindəki “barak” evin birotaqlı mənzilində altı nəfərdən ibarət ailəmizlə kirayədə qalırdıq. Bir gün, “kirayə” sözünün mənasını anamdan soruşub anlayanda, məyus oldum. Allahdan gəlibmiş kimi, atama dedim ki, bizə mənzil verilməsindən ötrü Heydər Əliyevə məktub yazacağam. O, mənim bu sözlərimi bir uşaq şıltaqlığı sanıb, gülümsədi. Və bir neçə gün sonra on bir ildir kirayədə qaldığımızı anamdan öyrənib gizlində məktubu yazdım. On yaşında uşağın düşündüyü, arzuladığı, bildiyi kimi. Xülasə, ölkə rəhbərindən ev istədim. Zərfin üstünə “Azərbaycan SSR Mərkəzi Komitənin birinci katibi yoldaş Heydər Əliyevə” sözlərini yazıb, qonşuluqda yaşayan sinif yoldaşım Lətiflə birlikdə qəsəbənin mərkəzinə getdik və “Trest” adlandırılan yerdə, onun köməyi ilə zərfi poçt qutusuna atdım. Unutmuşam, bu hadisədən 15, ya da 25 gün keçmişdi ki, atam növbəti nahar fasiləsində evə gəlib məni yanına çağırdı. Səsinin tonundan hiss etdim ki, danlayacaq. Amma, həmin gün danlandığım qədər də əzizləndim. Sən demə, işlədiyi müəssisənin rəhbəri atamı yanına çağıraraq MK-dan gələn rəsmi göstərişə əsasən, bizə ikiotaqlı mənzil verildiyini söyləyib. Heç vaxt unutmaram, həmin mənzilə köçəndə, özümü dünyanın ən xoşbəxti sanırdım…
…1920-ci ildən üzübəri Azərbaycan tarixini araşdırarkən, bu ölkəyə gürcü, rus, ukranyalı, yəhudi millətlərindən olan insanlar və hatta erməninin də rəhbərlik etdiyi məlum olur. Yalnız Mir Cəfər Bağrovdan sonra ardıcıl olaraq, Azərbaycana azərbaycanlılar rəhbər təyin olunublar. Gəlin onların siyahısına ardıcıllıqla nəzər yetirək:
Mir Teymur Yaqubov- 6 aprel 1953-cü ildən 17 fevral 1954-cü ilədək,
İmam Mustafayev- 17 fevral 1954-cü ildən 10 iyul 1959-cu ilədək,
Vəli Axundov- 10 iyul 1959-cu ildən 14 iyul 1969-cu ilədək,
Heydər Əliyev- 14 iyul 1969-cu ildən 3 dekabr 1982-ci ilədək,
Kamran Bağırov- 3 dekabr 1982-ci ildən 21 may 1988-ci ilədək,
Əbdülrəhman Vəzirov- 21 may 1988-ci ildən 25 yanvar 1990-cı ilədək,
Ayaz Mütəllibov- 25 yanvar 1990-cı ildən 6 mart 1992-ci ilədək,
Yaqub Məmmədov- 6 mart 1992-ci ildən 14 may 1992-ci ilədək,
Ayaz Mütəllibov- 14 may 1992-ci ildən 18 may 1992-ci ilədək
İsa Qənbər- 19 may 1992-ci ildən 16 iyun 1992-ci ilədək,
Əbülfəz Elçibəy- 16 iyun 1992-ci ildən 1 sentyabr 1993-cü ilədək və
Heydər Əliyev- 3 oktyabr 1993-cü ildən 15 oktyabr 2003-cü ilədək…
Bu rəhbərlərin hər birinin hakimiyyəti dövründə Azərbaycanda baş verən hadisələri sadalayıb vaxtınızı almaq istəmirəm, bu tarixçilərin işidir. Amma sadaladığım insanlar arasında Heydər Əliyev qədər dahi rəhbər olmayıb. Burada professor Şahlar Əsgərovun dediklərini sizə də təqdim etmək istəyirəm: “Bəli, müstəqil Azərbaycan dövləti qurmaq ideyasının müəllifi Məhəmməd Əmin Rəsulzadədir. Ancaq onun qurduğu dövlət cəmi 23 ay ömür sürdü. Onun yerinə sosialist əsaslı başqa bir dövlət yaradıldı və bu dövlət 70 il yaşadı. Bu gün yaşadığımız dövlətin isə həm banisi və həm də qurucusu Heydər Əlirza oglu Əliyevdir. Bunu bütün dünya bilir. Heydər Əliyevin bu xidmətinə Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri Bülənt Ecevitin verdiyi qiymət çox doğrudur: “Heydər Əlirza oğlu min ildə bir doğulan dahilərdəndir. O, Azərbaycanın Mustafa Kamal Atatürkdür…”
Bəlkə də, dahilik arzusunda olanların heç biri bilmir ki, dahiləri Allah seçir. Bütün bunları söyləməkdə məqsədim, özümü nəsə yeni bir söz deyirmiş kimi göstərməkdən ibarət deyil, professor Şahlar Əsgərovun sözü olmasın, bütün dünya bilir ki, Heydər Əliyev dahi şəxsiyyət olub…
Azərbaycan dünya xəritəsində “noxud” boyda görünən bir ölkədir. Uzun müddət Rusiyanın müstəmləkəsi kimi tanınıb. Müstəqilliyini əldə etdikdən sonra isə daha ağır illər yaşayıb.
Azərbaycanı sarsıtmaq, ərazisinə sahiblənmək, sərvətlərini talamq bir sıra dövlətlərin əsas arzularından biridir. Məhz Heydər Əliyev siyasətinin nəticəsidir ki, Azərbaycan hələ də ayaqüstə, ayaqdadır…
…Onu ilk dəfə canlı 1984-cü ildə, Sumqayıt Politexnik Texnikumundan Volqaqrad Traktor zavoduna göndərildiyim diplomqabağı istehsalat təcrübəsində olarkən gördüm. Səhv etmirəmsə, hansısa xarici dövlətin rəsmilərilə birlikdə sexləri gəzirdilər. İçimdən bir istək keçdi ki, ona yaxınlaşıb minnətdarlıq edim. Amma, onlara bələdçilik edən zavod rəhbərliyindən ehtiyat etdiyimdən istəyim baş tutmadı. İllər keçdi. 1990-cı il yanvar günlərində biz, eyni binada yaşayan gənclər, hər gün piyada Bakı şəhərinə gedirdik. Axşamlar qayıdan kimi həyətimizdə təzə inşa olunmuş xeyir-şər evində yaşlı, cavan qonşuları başımıza yığıb, ölkədə baş verən hadisələrdən danışırdıq. Yaxşı yadımdadır, dostum, bu gün öllkənin ən yaxşı yazıçılarından biri- Varis Yolçuyev haradansa Heydər Əliyevin Bakıda baş verən hadisələrə münasibətini əks etdirən, Moskvadakı çıxışının videolentini əldə etmişdi. Və biz, lazımi avadınlıqları tapıb həmin videolenti dəfələrlə nümaiş etdirir, qonşulara ümid verirdik. Heç vaxt unutmaram, o vaxt hamı nicatı Heydər Əliyevdə görürdü. Ulu Öndər 1993-cü ildə ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda, Azərbaycan od tutub yanırdı. Bir yandan müharibə, bir yandan anarxiya, özbaşınalıq ölkəni ağuşuna almışdı. Çox keçmədi ki, onun müdrik siyasəti və yüksək idarəçilik qabliyyəti nəticəsində Azərbaycanda əminamanlıq bərqərar oldu. Sonrakı illər isə göz qabağındadır. Məhz, onun siyasətini davam etdirən oğlu, ölkəmizin rəhbəri cənab İlham Əliyev atasının çatdırıb gerçəkləşdirə bilmədiyi arzusunu- Azərbaycan Respublikasının suverenliyini bərpa etdi…
…Bəli, Heydər Əliyev dahi şəxsiyyət idi. Heç şübhəsiz ki, xalqın-millətin əzəmətli oğullarından biri kimi, aradan yüz il də ötsə, min il də keçsə Azərbaycan tarixinin bir parçası kimi daim xatırlanacaq və bir dahi olaraq ruhuna Allahdan rəhmət dilənəcəkdir…
Dərin hüznlə, Elman Eldaroğlu