Heydər Əliyev irsini Qırğızıstanda təbliğ edən azərbaycanlı…

Heydər Əliyev irsini Qırğızıstanda təbliğ edən azərbaycanlı…
Heydər Əliyev- 102

Mayın 10-nu unudulmaz şəxsiyyət, dahi siyasətçi, uzun illər Azərbaycana rəhbərlik edən, ulu öndər Heydər Əliyevin 102 illiyidir. Bu ərəfədə sizə Heydər Əliyev ideyalarına bu gün də sadiq qalan, onun siyasətini xalq arasında dəstəkləyən insanlar haqqında məlumat vermək istəyirəm. Bu dəfə sizə onlardan biri barədə danışmağa səy göstərəcəm…

O, 1957-ci ilin may ayının 9-da Şəki rayonunun Cumakənd kəndində anadan olub. Orta təhsilini orada başa vurduqdan sonra iki il hərbi xidmətdə olub. Hərbi xidmətini keçdikdən sonra, 1977-1980-cı illərdə Qazaxıstanın Çimkənd vilayətində, sonralar isə Qırğızıstanda müxtəlif təsərrüfat sahələrində çalışıb. 1980-1985-ci illərdə Qırğızıstan Rus dili və Ədəbiyyatı Pedaqogikası İnstitutun filologiya fakültəsində, 1990-1996-cı illərdə isə Qırğızıstan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Xidmətlərinə görə Azərbaycanda “Tərəqqi” medalı, Qırğızıstanda isə “Dostluq” ordeni ilə təltif olunub…
Xeyirxahlıq İlahi əməllərdəndir. Bunu hər kəs bacara bilməz. O qədər imkanlı iş adamları, kifayət qədər zəngin vəzifə sahibləri tanıyırıq ki, heç vaxt bir yetimi sevindirməyiblər. Ona görə yox ki, onlar bunu bacarmırlar, ona görə ki, bunun üçün Yaradanın izni olmayıb. Və heç bir zaman bu izni Allahdan diləməyiblər…
Haqqında söhbət açmaq istədiyim insan uzun yol keçib. Ac qalıb, çətinliklər görüb, min bir əzaba qatlaşıb, nəhayət qərib bir diyarda- Qırğızıstanda var-dövlət, nüfuz sahibi olub. İki ali təhsilə yiyələnib. Vətəndən uzaqda yaşasa da ürəyi həmişə Azərbaycanla döyünüb, Azərbaycanla nəfəs alıb. Elə buna görədir ki, indiyədək həyata keçirdiyi xeyirxah layihələrin böyük əksəriyyəti Azərbaycanla, Heydər Əliyevlə bağlıdır…
Onun nə qədər kimsəsizi sevindirdiyi, xəstələrin şəfa tapmasından ötrü çəkdiyi xərclər, imkansızlara payladığı sovqatlar haqqında danışmayacam. Çünki yerin-göyün sahibinin bunlardan xəbəri varsa, kifayət edər. Mən ancaq onun həyata keçirdiyi rəsmi tədbirlərdən danışmaq istəyirəm. Yadınızdadırsa, 2008-ci ildə dünyaşöhrətli Qırğız yazıçısı Çingiz Aytmatov Bakıya gəlmişdi. Böyük Türk yazıçısını müşayət edən 31 nəfərdən ibarət heyətin Azərbaycana səfərinin bütün xərclərini, bu səfəri təşkil edən bir şəxs kimi, o, ödəyib. Həmin vaxt Azərbaycan prezidenti onları qəbul da edib…
2006-cı ildə “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” yaradaraq qeydiyyatdan keçirən bu soydaşımız 2006-2007-ci illərdə Bişkekdə, Almatada, Bakıda Azərbaycan Respublikasının rəsmi nümayəndələrinin iştirakı ilə I, II, III “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” adlı elmi-nəzəri konfranslar keçirib. Dediyinə görə, 2007- ci ildə Almatada keçirdiyi II elmi nəzəri konfrans Azərbaycanda ilin mühüm hadisəsi elan olunub…
2008- ci ildə Çingiz Aytmatovun ölümündən bir az əvvəl, Qırğızıstan dövlət filarmoniyasında Heydər Əliyevin 85, Mir Cəlal Paşayevin 100 illiyi ilə əlaqədar möhtəşəm tədbir təşkil edib. Çingiz Aytmatovun da iştirak etdiyi bu tədbirə Azərbaycandan rəsmi nümayəndələr, MM deputatları və bir sıra elm və mədəniyyət xadimləri iştirak ediblər…
2012- ci ilin fevral ayında Vahid Mustafayevin ərsəyə gətirdiyi “Xoca” filmini Qırğız dilinə dublyaj etdirərək Qırğızıstanın elm və mədəniyyət xadimlərinin iştirakı ilə təqdimatını keçirib. Tədbirdə demək olar ki, Qırğızıstanın bütün tanınmış adamları iştirak ediblər. Həmin filmi Qırğızıstanın bütün aparıcı telekanalları nümayiş etdirib. Sonra Qırğızıstanın tanınmış elm və mədəniyyət adamlarının Azərbaycana səfərini təşkil edib. Səfərin bütün xərclərini özü ödəyib…
2009- cu ildə Qırğızıstan Parlamentinin birinci vitse spikerinin başçılıq etdiyi 11 nərəlik nümayəndə heyətinin Azərbaycana səfərini təşkil edib. Həmin il mart ayının 13-də prezident İlham Əliyev bu heyəti qəbul edərkən, o da qonaqların arasında olub. Bu onun prezidentlə ikinci görüşü kimi əbədi yadında qalıb…
Deyir ki:- “Heydər Əliyevin Bişkekdə parkının salınması, heykəlinin qoyulması ən böyük arzum idi. Qırğızıstanın bütün dövlət orqanlarına müraciət ünvanladım. Bunu eşidən ermənilər mənə qarşı əks hücuma keçdilər. Məni qaralamaq, şərləmək istəyirdilər. Çox təzyiqlərlə məruz qaldım və nəhayət bütün sənədləri əldə etdim. Sənədlərdə yazılıb ki, “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun müraciəti əsasında Heydər Əliyev adına Parkın salınması üçün 5 hektar yarım torpaq sahəsi ayrılsın…”
2016- cı ildə tanınmış tarixçi yazıçı Yunus Oğuzun iki kitabını rus və qırğız dillərində çap etdirib. Kitabın təqdimatını Qırğızıstan prezidentinin birinci iqamətgahını kiraləyərək, orada keçirib. “Prezident İlham Əliyev” adlı hər biri təxminən 800 səhifəyə yaxın 3 cildlik kitabı ərsəyə gətirib. Heydər və İlham Əliyevlərdən bəhs edən “Dünya siyasətinin zirvəsini fəth edənlər” kitabını rus dilində çap etdirərək, Qırğızıstanın idarə və təşkilatlarına hədiyyə edib…
Heydər Əliyevin təbliği çərçivəsində 2004-cü ildə təsis etdiyi “Qırğızıstan Heydər Əliyev fondu”nun sifarişi ilə Bişkekdə “İki dahi Şəxsiyyət…” adlı film çəkdirib. Film Türk dünyasının iki böyük oğlu- Heydər Əliyev və Çingiz Aytmatovdan bəhs edir…
Bu günə kimi Azərbaycanla bağlı 200-ə yaxın kitabı müxtəlif dillərdə nəşr etdirib. Onun vəsaiti hesabına bir neçə Azərbaycan filmi Qırğız dilinə dublyaj olunub. Bir sözlə, haqqında söhbət açdığım Nüsrət Məmmədov Azərbaycanı, o cümlədən Heydər Əliyev irsini Qırğızıstanda ləyaqətlə təmsil edən soydaşımızdır…
Mayın 9-u 68 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir və “Heydər Əliyev-102” devizi altında başladığım silsilə yazıları yekunlaşdırıram…
Hörmətlə, Elman Eldaroğlu
Share: