“HƏKİMLİK BİR VERGİDİR, İSTEDADDIR…”

“HƏKİMLİK BİR VERGİDİR, İSTEDADDIR…”

Suallarımıza tanınmış həkim Alim Həmzə oğlu Şıxəliyev cavab verdi…

Tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvü, Əhmədli Tibb Mərkəzinin baş həkimi Alim Şıxəliyev kardioloq – həkim kimi maraqlı həmsöhbətdir. Xatırladım ki, bu mənim Alim doktorla ikinci müsahibəmdir. Birinci görüşümüz 2021-ci ilə təsadüf etmişdi.
Tibb Mərkəzinə gələrkən, Alim həkimin xəstələrinə bir həkim qayğısı ilə, nəvaziş və mehribanlıqla yanaşdığıının şahidi oldum. Peşəkar kardioloq kimi ona pənah gətirənlər, ürəyini ona etibar edənlər kabinetinin qarşısında səbrlə gözləyirdilər. Pasientlərin çoxluğuna baxmayaraq, Alim doktor bizim suallarımıza xususi diqqət və səbrlə cavab verirdi.
– Son illərdə kardiologiya sahəsində ən mühüm elmi və texnoloji yeniliklər hansılardır?
– Son iyirmi ildə bütün dünyada kardiologiya sahəsində çox böyük yeniliklər və uğurlar baş vermşdir. Yeni texnologiyaların tətbiqi, ürək cərrahlığının inkişafı, yeni dərman vasitələrinin tətbiqi xəstələrin müalicəsini asanlaşdırmış, diaqnostikanı tezləşdirmiş və müalicənin effektliyini artırmışdır. İnvaziv yolla bir çox ürək qüsurlarının, damar tutulmalarının müalicə və əməliyyat olunması hesab edirəm ki, son illərin ən böyük uğurlarıdır. Bu işlər Azərbaycanda da bizim gənc kardioloqların sayəsində geniş şəkildə tətbiq olunur.
– Xroniki ürək çatışmazlığının müalicəsində müasir yanaşmalar əvvəlki dövrlərlə müqayisədə nə dərəcədə dəyişib?
– Xroniki ürək çatışmazlığı kardiologiyanın ən aktual problemlərindən biridir. Bütün ürək xəstəlikləri son nəticədə ürək çatışmazlığına gətirib çıxarır və bu da insanların həyat aktivliyini, iş qabiliyyətini aşağı salır. Ona görə də bu sahədə daim çalışmalar aparılır, yeni metodlar, yeni dərmanlar tətbiq olunur. Son illərdə ürək çatışmağzlığının müalicəsində yeniliklər var, bu da əsasən yeni dərmaların tətbiqi ilə əlaqədardır.
– Ürək-damar xəstəliklərinin erkən diaqnostikasında hansı yeni metodlar tətbiq olunur?
– Müasir dövrdə ürək-damar xəstəliklərinin erkən diaqnostikasında çoxsaylı yeni texnoloji innovasiyalar tətbiq olunur. Onlardan ən mühümü, hesab edirəm ki, ürəyin maqnit-rezonans kompüter tomoqrasfiyası müayinələri, müasir laborator diaqnostika və tibbi – kardioloji cihazların təkmilləşdirilməsidir. Bu metodların tətbiqi nəticəsində diaqnostika xeyli asanlaşmış, sürətlə inkişaf etmişdir.
– Azərbaycanda kardiologiya sahəsinin inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
– Azərbaycanda kardiologiyanın son 20 ildə inkişafı göz qabağındadır. Tutaq ki, 90-cı illərdə ümumiyyətlə, Azərbaycanda ürək cərrahı yox idi və əməliyyat aparılmırdı, yaxud, yalnız bir cərrah bu işlə məşğul olurdu. İndi isə kardiologiya sahəsində onlarla kardio-cərrahlar, invaziv kardioloqlar və ixtisaslaşmış kardioloqlar çalışırlar. Bu sahədə böyük uğurlar əldə etməklə, ən mürəkkəb əməliyyatlar aparırlar. Son vaxtlar, hətta xəstəyə ürək köçürülməsi əməliyyatı da icra olunmuşdur və bundan gələcəkdə daha da geniş istifadə olunması nəzərdə tutulur.
Azərbaycanda 20-dən çox tibb mərkəzlərində mürəkkəb kardioloji əməliyyatlar aparılır. Eyni zamanda ölkəmizdə praktik kardiologiyanın inkişafında mənim də üzvü olduğum Azərbaycan Kardiologiya Cəmiyyətinin böyük rolu vardır. Cəmiyyətin fəaliyyəti nəticəsində həkimlərin bilik səviyyəsi yüksəlir, təcrübələri artır, gənc və savadlı kardioloq-həkimlər yetişir. Ölkəmizdə müxtəlif konfranslar, qurultaylar keçirlir. Dövlətimiz və Səhiyyə Nazirliyi kardiologiyanın inkişafı sahəsində bütün lazımi yardımları göstərir.
– Özəl tibb müəssisələrinin açılması səhiyyə sisteminə hansı töhfələri verir və yeni klinikaların yaradılmasına ehtiyac varmı?
– Bildiyiniz kimi Bakıda və bölgələrdə bir çox özəl tibb müəssisələri açılmışdır. Bu sahədə münbit şərait yaradıldığına və dövlət qayğısı olduğuna görə sürətli inkişaf müşahidə edilir. Bu çox mühüm bir faktordur, çünki bir çox invaziv əməliyyatlar, müalicə metodları ilk növbədə özəl tibb müəssisələrində tətbiq olunur.
– Müasir tibb mərkəzində kardioloji xidmətlərin yüksək səviyyədə təşkili üçün hansı şərtlər vacibdir?
– Tibb mərkəzlərində kardioloji xidmətlərin yüksək səviyyədə təşkili üçün birinci şərt gənc-kardioloq mütəxəssisərin yetişdirilməsidir. Bu çox mühüm bir məsələdir. İndi bizdə uzmanlıq – rezidentura sistemi yaradılmışdır, burada rezidentlər, mütəxəssislər hazırlanır. Amma bu kifayət deyil, dövlət xətti ilə hər il qardaş Türkiyədə ( başqa xarici ölkələrə ehtiyac da yoxdur) mütəxəssislərin yetişdirilirməsi və dövlət müəssisələrində işlə təmin edilməsi bizim səhiyyənin səviyyəsini çox yüksəyə qaldıra bilər. Dövlət hesabına Türkiyədə təhsil alan həkmlər öz vətənlərində dövlətin yönəltdiyi xəstəxanalarda bir müddət də olsa işləməyə məcbur edilməlidirlər. Çünki çoxları gedib Türkiyədə təhsil aldıqdan sonra, başqa ölkələrə çalışmağa gedirlər və yaxud özünün istədiyi yerdə işləyir ki, bu da düz deyil.
‒ Bu gün tibbin ən böyük problemi Sizcə nədir?
‒ Bölgələrimizdə bu gün peşəkar həkimlərə və orta ixtisaslı tibb kadrları çatışmazlığı var, bu haqda hamı bilir və mətbuatda da bu barədə danışılır. Məsələni həll etmək üçün qonşu ölkələrin təcrübəsindən istifadə etmək lazımdır. Məsələn, ali təhsilini başa vurmuş gəncləri əsgərlik əvəzinə ucqar kəndlərə həkim kimi iki-üç illik xidmətə göndərmək lazımdır. Bu onların əsgərliyini əvəz etsin və bu yolla da bölgələrdə həkim çatışmazlığı problemini həll etmək olar.
‒ Həkimlik Sizin üçün sadəcə peşədir, yoxsa həyat missiyası?
‒ Düşünürəm ki, həkimlik bir qismətdir. Rus həkimlərindən birinin belə bir sözü vardı: “Həkimlik – bir vergidir, istedaddır”. Mən ola bilsin ki, həkim yox, müəllim və yaxud sənət sahibi də ola bilərdim. Hər halda məktəbi əla qiymətlərlə bitirdiyimə görə hər hansı sənət dalınca da gedə bilərdim. Amma qismət həkimlik oldu, məhz bu yolu tutdum. Həkim olandan sonra başa düşdüm ki, hər adam həkim ola bilməz. Həkim olmağın şərtlərindən biri gözəl baza təhsilinə malik olmaqdır. Amma bu da kifayət deyil, baza təhsilindən sonra yaxşı təcrübə, məktəb keçmək lazımdır. Təcrübə deyərkən, yəni adi bir poliklinikada yox, böyük, tanınmış bir klinikada, tanınmış həkimlərin yanında olmağı nəzərdə tuturam. Gənc həkimlər xarici ölkələrə uzmanlıq keçməyə getdikləri kimi – orada həkimliyin sirlərini öyrənirlər. Necə ki, mən bir vaxtlar Moskva şəhərinə gedib orada qabaqcıl klinikaların birində təcrübə qazandım, elmi iş apardım, müdafiə elədim. Hesab edirəm ki, bu mənim həyatımda bir dönüş oldu. Orda həm həkimliyin sirlərinə yiyələnməklə, elmi işlər apardım. Hətta bəzi uğurlu işlərimiz də həyata keçirildi. Həkim olmaq öz işinə sevgi ilə yanaşmaq, pasientlərinə qarşı düzgün, ədalətli olmaq deməkdir. Çünki düzgünlük olmasa, həkim hər hansı başqa məqsəd güdsə, o, heç vaxt uğur qazana bilməyəcək. Mən həmişə bizim gənclərimizə arzu etmişəm ki, işlərində dəqiq olsunlar, həvəslə işə yanaşsınlar, düzgün olsunlar və daim çalışsınlar.

P.S. Müstəqillik illərində tibb elminin və praktik təbabətin inkişafında Türkiyədə uzmanlıq təhsilinin əvəzsiz yeri var.

Müsahibəni apardı: yazıçı-publisist
Səadət Sultan

Share: