HAQQI YEDİYİN YERDƏ DUA QURUYACAQ

HAQQI YEDİYİN YERDƏ DUA QURUYACAQ

Haqqın tapdandığı, vicdanın susdurulduğu, ədalətin kölgələndiyi yerdə dua yalnız dildən çıxan, lakin göyə yüksəlməyən quru bir səsə çevrilir, çünki haqqı yemək insanın öz ruhunu zülm ilə zəncirləməsi, dua yollarını öz əlləri ilə bağlaması deməkdir.

Bir insan başqasının haqqını tapdalayırsa, onun zəhmətinə göz dikirsə, alın tərinin bəhrəsini özünə yönəldirsə, o anda etdiyi ibadət də, dediyi “amin” də, açdığı əllər də boşluğa düşür; çünki dua halallıqdan qidalanır, ədalətdən nəfəs alır, vicdanın işığı ilə yüksəlir. Haqq yeyildiyi an vicdanın o nuru sönür və dua o qaranlığın içində ilişib qalır. Haqsızlıqla dolu bir qəlbdən yüksələn dua, ilahi nizamın qapısından içəri keçmir. Çünki Allahın qoyduğu tarazlıqda hər əməlin bir qarşılığı, hər zülmün özünə dönən bir kölgəsi, hər tapdanmış haqqın isə sükut içində yüksələn bir fəryadı var. Haqq yiyən elə bilir ki, heç kim görmədi, heç kim bilmədi, zaman bunu örtəcək; amma zamanın yaddaşı insan yaddaşından iti, ilahi ədalətin tərəzisi isə insan tərəzisindən dəqiqdir. Zaman unutmur, haqq sahibinin içində gizlənmiş o sızıltı unutmur və dua o sızıltının qarşısında gücsüz qalır. Haqqı yeyən insanın duası niyə quruyur? Çünki o dua öz içində kəsilmiş bir yolun üzərindən qalxır, o yol birinin göz yaşları ilə islanıb, birinin xətrinə dəyən sözlə ləkələnib, birinin əməyi ilə örtülüb və o yol çirkli olduğu üçün dua uça bilmir. Zülmün kölgəsi altında dua boy atmır. Çünki dua işıqdır, zülm isə o işığı udan qaranlıq. Halal olmayan loxma insanın bərəkətini öldürür, bərəkət öldükdə də dua nəfəs tapa bilmir. İnsan bəzən haqqı yeməyi yalnız oğurluq kimi anlayır, amma birinin söz haqqını tapdalamaq, birinin əməyinə dəyər verməmək, bir insanı nahaqdan qınamaq, bir xidmətin sahibi olduğunu bilərək onu başqa adla göstərmək də haqq yeməkdir və belə zülmlər dua yollarını bağlayan ən incə, lakin ən sərt kilidlərdir. Başqasının dilini acıtmaq, qəlbini sındırmaq, adını nahaqdan ləkələmək də dua qapısını bağlayır, çünki o qəlb ağrısının sükutu göylərə daha tez çatar. Dua, ruhun Allahla bağ qurma cəhdidir, amma o bağın yolu təmiz olmadıqda dua göyə qalxmır; çirkli yolda dua quruyur.
Nəticə olaraq, haqqı yediyin yerdə dua ona görə quruyur ki, dua torpağı halallıqdır; halallıq pozulduqda dua toxumu cücərmir. Dua qəbul olmaq istəyirsə, ilk şərt ədalətdir, dua işıq axtarırsa, əvvəl qəlbin qaranlıqdan təmizlənməsi lazımdır. Dua bərəkət istəyirsə, başqasının haqqı sahibinə qaytarılmalıdır. Haqq yiyən insan dua edir, amma dua nəfəs tapmır. Çünki Allah zülmə susar, lakin zülmü əsla qəbul etməz. Haqq yerinə qoyulmadan edilən dua elə quruyacaq, səsi göyə yüksəlməyəcək, ruhu ucalmayacaq və cavabı gəlməyəcək.

✍ Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi.

Filoloq. Ədəbi təhlil-tənqidçi. Şair-publisist.

Share: