Çünki insanın mənəvi varlığını bütöv saxlayan əsas dayaqların kökü məhz həqiqətə bağlıdır. Haqq insanın ruhuna istiqamət verən görünməz bir işıqdır. Bu işıq sönəndə insanın içində qaranlıq yaranır.
Qaranlıq əvvəlcə hiss olunmur. Çünki insan kiçik güzəştlərlə başlayır. Kiçik bir yalana göz yumur. Kiçik bir haqsızlığı görməzdən gəlir. Vicdanının səsinə “sonra düşünərəm”- deyərək qulaq asmır. Zamanla bu kiçik addımlar insanın daxili dünyasında böyük boşluqlar yaradır. İnsan özünü əvvəlki kimi hiss etmir. Düşüncələri qarışır. Davranışları dəyişir. Baxışları sərtləşir. Qəlbində əvvəl olan aydınlıq bulanır. Və insan bunun adını qoya bilmir, amma içində nəyinsə çatladığını hiss edir.
Haqqı unutmaq insanın mənlik şüurunu zədələyir. İnsan içindəki səsləri ayırd edə bilmir. Vicdan danışır, amma nəfs onu susdurur. Doğru yolu göstərən səs zəifləyir. Yanlış istiqamət isə daha cazibədar görünməyə başlayır. Nəticədə insan öz seçimlərini dəqiq görə bilmir. Daha əvvəl qınadığı davranışları özü etməyə başlayır. Daha əvvəl ağır saydığı haqsızlıqları bu dəfə “zaman tələb edir” deyə əsaslandırır. Bu əsaslandırmalar insanın mənəvi dayaqlarını çökdürür. Çökmüş dayaqlar isə insanın özünə olan hörmətini azaldır. Özünə hörməti azalan insan başqasına da düzgün münasibət göstərə bilmir.
Haqqı unutmaq həm də insanın daxili enerjisini öldürür. Çünki doğruya bağlılıq ruhu gücləndirir. Yalan isə ruhu yorur. Haqq insana geniş nəfəs verir. Haqqsızlıq isə içi daraldır. İnsan haqqı unutduqca davranışlarında süni tonlar yaranır. Sözlərində səmimiyyət azalır. Münasibətlərində soyuqluq yaranır. İnsan əvvəl bunu hiss etmir, amma başqaları hiss edir. Çünki haqq insanı şəffaf göstərir. Haqqsızlıq isə insanın üzərinə görünməz bir kölgə salır. Kölgə dərinləşdikcə insan təkliyə çəkilir. Təkliyə çəkildikcə özünü daha çox itirir. Çünki insanın özünü qoruması üçün əvvəlcə həqiqəti qoruması lazımdır.
Haqqı unutmaq insanın ölçü hissini əlindən alır. Ədalət duyğusu pozulur. Düzgün qərar vermək çətinləşir. İnsan doğru ilə yanlışı bir-birinə qarışdırır. Duyğuları kütləşir. Mərhəməti azalır. Qəlbi sərtləşir. Hətta sadə səhvlər belə ona adi görünür. Bu hal insanın ruhunda dərin korluq yaradır. Bu korluq insanın dəyərlərini zədələyir. Zədələnmiş dəyərlər isə insanın gələcəyini bulandırır. Çünki insanın gələcəyi həmişə indiki dürüstlüyündən doğur. Dürüstlük itəndə gələcək də dumanlı olur.
Haqqı unudan insan uğur qazansa belə içində rahatlıq tapmır. Çünki uğurun dəyəri həqiqətlə ölçülür. Həqiqətsiz uğur insanı sevindirmir. İnsanın içində gizli bir narahatlıq yaradır. Bu narahatlıq haradan gəldiyini bilmədiyi bir sancı kimi onu təqib edir. İnsan bu sancıdan qaçmaq istəyir, amma qaça bilmir. Çünki bu sancı onun öz vicdanının səsidir. Vicdan susmur. Vicdan yalanı qəbul etmir. Vicdan insanın ürəyinə daim doğruya dönmək çağırışı edir. Bu çağırışa uzun müddət qulaq asmamaq insanın ruhunu zəiflədir. Ruh zəiflədikcə insan özündən uzaqlaşır. Özündən uzaqlaşan insan isə həyatın heç bir sahəsində bütöv qala bilmir.
Nəticə olaraq haqqı unutmaq insanın öz varlığının təməlini sındırmasıdır. Haqqı itirən insan özünü itirir. Özünü itirən insan isə heç bir nemətin, heç bir sevincin, heç bir uğurun dadını tam hiss edə bilmir. Haqq insanı ucaldır. Haqq insanı qoruyur. Haqq insanın içindəki ən böyük gücün adıdır. Haqqı yaşadan insan öz ruhunu yaşadır. Haqqı unudan isə öz ruhuna qaranlıq salır. Və insan yalnız həqiqətin yanındaykən bütöv, möhkəm və işıqlı olur.
✍ Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq.
Ədəbi təhlil və tənqidçi. Yazar-Publisist.
















