Halal qazanc insanın vicdan pasportudur -Sevil AZADQIZI yazdı

Halal qazanc insanın vicdan pasportudur -Sevil AZADQIZI yazdı

İnsanın həyatında ən vacib dəyərlərdən biri qazancının mənbəyidir. Hər bir insan yaşamaq, ailəsini dolandırmaq, ehtiyaclarını ödəmək üçün çalışır.

Amma bu əməyin mənəvi dəyəri onun haradan və necə əldə edilməsindən asılıdır. Halal qazanc insanın yalnız cibinə deyil, həm də ruhuna dolan nemətdir. O, insanın həyat yolundakı ən böyük imtahanıdır, kim bu imtahandan alnıaçıq çıxırsa, onun vicdanı rahat, qəlbi pak olur. Halal qazanc – təkcə iqtisadi anlayış deyil, bu, mənəviyyatın və şəxsiyyətin ölçüsüdür. Halal qazanc insanın vicdan pasportudur, çünki o pasportda yazılan möhürlər nə kağızdan, nə mürəkkəbdəndir, o möhürlər alın tərindən, zəhmətdən, dürüstlükdən yoğrulub. İnsan halal yolla qazandığı ruzinin hər tikəsində bir dua, bir minnətdarlıq hiss edir. Elə buna görə də halal qazancla dolanan evdə bərəkət heç zaman tükənmir.
Halallığın sirri ondadır ki, o, görünməz bir nur kimi insanın bütün həyatına təsir edir. Halal ruzi ilə böyüyən övladın qəlbi saf olur, halal əməyin verdiyi çörəklə dolanan ailədə mehribanlıq hökm sürür. Əksinə, haqsız qazanc, başqasının haqqı hesabına qazanılan mal, insanın evinə bərəkət gətirməz. Çünki orada vicdanın payı yoxdur. Hər kəsin həyatında bir tərəzi var – bu tərəzinin bir gözündə pul, digərində vicdan dayanır. Kimin vicdanı ağır gəlirsə, onun qazancı da yüngülləşir. Bəzən insanlar çox şeyə sahib olurlar, amma yenə də narahatdırlar. Niyə? Çünki o var-dövlətin içində halallığın duzu yoxdur. Halal qazanc insanın gecələr rahat yuxuya getməsinə, səhərlər alnıaçıq oyanmasına səbəb olur.
Halallıq həm də bir tərbiyə məktəbidir. O, uşaqlara təkcə çörək qazanmağı yox, dürüst olmağı, başqasının haqqına girməməyi öyrədir. Ata öz övladına var-dövlət deyil, halal ad qoyarsa, o ad illərlə yaşayır. İnsan dünyadan gedəndə arxasında qoyduğu evlər, pullar yox, onun halallığı yad edilir. İnsanlar onun haqqında “ruzi yeyəndə halaldı” deyirlərsə, demək, o insan bu dünyada öz vicdan pasportunu təmiz saxlayıb.
Halal qazanc, əslində, imanın və inancın bir parçasıdır. Allah Quranda buyurur ki, “Halal və təmiz olan ruzidən yeyin.” Bu, sadəcə bir qida qaydası deyil, bir həyat fəlsəfəsidir. Halal qazanc Allahın razılığını qazanmağın bir yoludur. Hər kim kimsənin haqqına girmədən, öz alın tərinin hesabına yaşayırsa, o insan Allaha yaxın, insanlara hörmətli olur. Çünki o, ədalətin və vicdanın tərəfini seçib.
Halal qazanc həm də mənəvi gücün təməlidir. Dünyanın dəyişən dəyərləri içində halallığı qorumaq, çətinliklərə baxmayaraq düz yoldan dönməmək böyük cəsarət tələb edir. Halallıq ucuz satılan dəyər deyil, onu qorumaq, ona sadiq qalmaq insanın mənəvi qələbəsidir. Çünki hər haram addım, hər haqsız qazanc, insanın öz vicdanına atılan bir ləkədir. O ləkəni nə pul, nə nüfuz, nə də zaman təmizləyə bilər.
Halal qazancın insana verdiyi ən böyük hədiyyə onun vicdan rahatlığıdır. Həyatın çətinlikləri içində insan əmin olur ki, onun hər addımı ədalətli, hər əməli səmimidir. Bu, təkcə ruhun yox, cəmiyyətin də dayağıdır. Halal qazancla dolanan insan həm özünə, həm ailəsinə, həm də ətrafındakılara nümunə olur. O, dünyada iz qoyarkən yalnız maddi deyil, mənəvi miras da yaradır.
Nəticə olaraq, halal qazanc insanın vicdan pasportudur, onun şəxsiyyətinin, əxlaqının, mənəviyyatının rəsmi sənədidir. Bu pasportu qorumaq, sadiq qalmaq hər bir insanın həyat məqsədinə çevrilməlidir. Hər kəs başa düşməlidir ki, qazanılan hər tikə pul yalnız maddi sərvət deyil, həm də insanın ruhuna yazılan qiymətli bir möhürdür. Halal qazancın verdiyi rahatlıq, bərəkət və mənəvi zənginlik dünyadakı bütün sərvətlərdən qiymətlidir və insanın əsl var-dövlətidir. İnsan bu pasportu təmiz saxladığı müddətcə həm Allahın, həm də insanların yanında hörmətli və vicdanlı yaşayır.

✍ Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlilçi-tənqidçi. Şair-publisist.

Share: