SƏYYAH
Hər gün ürəyimdən gəlib-gedirsən,
Yaxşı yol tapmısan gəlib-getməyə.
Elə yaxşısını sən eyləyirsən,
Qorxuram, başqası gələ, getməyə.
Birdən səsə düşər, qulağın səsə,
Dinlə o sözləri bir yalan kimi.
Hələ harasıdır, ürəyim üstə,
Dünyanı gəzəcən Magellan kimi.
Elə sənsizlikmiş ümid, pənahım,
Hər şeyi yazıram qəmin boynuna,
Heç qubar eyləmə mənim səyyahım,
Dəmir çarığın da mənim boynuma.
Tələsmə, bu yolda, astaca, aram,
Gör neçə gecəmiz, səhərimiz var.
İndidən deməyə bir az qorxuram,
Hələ o dünyaya səfərimiz var.
Tələsmə, adına biçilib bu yol,
Tələsmə, bu yolla tən gedənin yox.
Mənim ürəyimdə sən arxayın ol,
Qapıdan çıxanda ləngidənin yox.
Bu yol nə uzundu, nə də ki, qısa,
Bu yol ömür ilə ölüm arası.
Qəlbimə yol saldın, amma..Hardasa,
Yolunu gözləyir kimsə, qadası.
Hər gün ürəyimdən gəlib-gedirsən,
Yaxşı yol tapmısan gəlib-getməyə.
Elə yaxşısını sən eyləyirsən,
Qorxuram, başqası gələ, getməyə.
Təhlili:
Ürəyimizdən iz salıb gəlib- gedənlər səyyahdırlar. Əslində, özümüz də səyyahıq.Uzun incə bir yoldayam.Bu şeir mənə sarı simə toxunan o türkünü xatırlatdı…
Uzun incə bir yoldayam.Elə bu şeir də …
Ürəyin qəm sahəsinin , dərd məkanın həcmi Magellanın gəzdiyi dünya boydadır.Dəmir çarığı geyinib ömür ilə ölüm arasındakı bu yolu getmək , həm də tənha getmək yolların yorduğu səyyahın tale yüküdür. Şeir, ümumilikdə çox səviyyəli şeirdir.Ürəyindən keçənləri bax beləcə dilə gətirmək və neçə ürəyin gizli sözlərinə həmdəm olmaq…
Bəlkə, ürəyimizin səyyahı özümüzük, ya da ürəyimizin qapısını üzünə açdığımız bir kimsə…
O kimsənin gəlib getməsi incidər bizi.
Ya da səyyah özümüz olsaq, tənhalığımız yorar, bezdirər bizi.
Bilmirəm…Bu şeir haqqında bildiyim odur ki, ruha toxunan şeirdir.Magellan da olsaq, nəyisə kəşf edək ürəyimizdə, könlümüzdə.
Tənha ölçüb-biçməyək.
Bu yolda bir səyyah həmdəmimiz olsun.Qaranlığa düşüb azanda güvənə biləcəyimiz qəlb dostumuz , könül həmdəmimiz–yol yoldaşımız olsun.
Bu yolla tən gedənimiz olsun,olsun,olsun!

Azərbaycan dill və ədəbiyyatı müəllimi.
Filoloq. Ədəbi tənqid və təhlilçi.
















