Xüsusi qonaqpərvərliklə və yüksək təşkilatçılıq səviyyəsində keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayı istər yerli, istərsə də xarici qonaqların ürəyincə oldu. Sosial ədalət, əmək hüquqlarının müdafiəsi və beynəlxalq həmrəylik ideyalarının ön plana çəkildiyi bu mötəbər tədbir ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qaldı.
Qurultay iştirakçıları və qonaqları tədbirə başlamazdan əvvəl xalqımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanını ziyarət etdilər. Ardınca Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyuldu. Bu ziyarətlər qurultayın ideya-mənəvi ruhunu daha da möhkəmləndirdi.

Qurultayı giriş sözü ilə AHİK-nın sədri Sahib Məmmədov açdı. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı məktubun oxunması üçün sözü Prezident Administrasiyasının nümayəndəsinə verdi. Prezidentin məktubu böyük diqqət və alqışlarla qarşılandı. Daha sonra yerli və xarici qonaqlar təqdim olundu, qurultaya ünvanlanmış məktublara görə beynəlxalq təşkilatlara təşəkkür bildirildi.
Tədbir çərçivəsində AHİK-nın son illərdə gördüyü işləri əks etdirən videoçarx nümayiş etdirildi. Videoçarx həmkarlar ittifaqlarının sosial müdafiə, sağlamlıq, istirahət, əmək hüquqlarının qorunması və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyətini əyani şəkildə nümayiş etdirdi.
Baş nazirin müavini Şahin Mustafayev çıxışında həmkarlar ittifaqlarının fəaliyyətinin günün tələblərinə uyğun şəkildə, beynəlxalq səviyyədə qurulmasının vacibliyini vurğuladı, AHİK-nın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirərək qurultayın işinə uğurlar arzuladı.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Əhmədov öz çıxışında həmkarlar ittifaqlarının insanların sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını bildirdi. O, vətəndaş cəmiyyətinin mühüm institutlarından biri kimi AHİK-nın fəaliyyətini nümunəvi hesab etdiyini qeyd etdi. Nümayiş etdirilən videoçarxın həmkarlar ittifaqlarının gördüyü böyük işlərin yalnız qısa bir hissəsini əks etdirdiyini deyən Əli Əhmədov süni intellektin sürətli inkişafına da toxundu, həmkarlar ittifaqlarının müasirləşmədən geri qalmadığını vurğuladı. O, gələcəkdə də AHİK-nın Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasında xüsusi rol oynayacağını bildirdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev çıxışında insan kapitalının inkişafının dövlət siyasətində əsas prioritetlərdən biri olduğunu qeyd etdi. O, vətəndaşların sosial təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü, orta aylıq əməkhaqqının artmasının sosial siyasətin real nəticəsi olduğunu diqqətə çatdırdı.
Qurultayda Milli Məclisin deputatı Musa Quliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Beynəlxalq Əmək Təşkilatının baş katibi Luk Triql çıxış edərək əmək münasibətlərinin inkişafı, sosial dialoqun gücləndirilməsi və tərəfdaşlıq münasibətlərinin əhəmiyyətindən danışdılar.

Moldova Həmkarlar İttifaqları Konfederasiyasının sədri İqor Zubku çıxışında Azərbaycanla Moldova arasında həmkarlar ittifaqları sahəsində qurulmuş səmərəli əməkdaşlığı yüksək qiymətləndirdi, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin gələcəkdə də davam edəcəyini vurğuladı.
Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalayın alovlu çıxışı qurultaya xüsusi coşqu qatdı. Onun “Biz bir millət, iki dövlətik” fikri zalda uzun sürən alqışlarla qarşılandı və türk dünyasının birliyinin rəmzinə çevrildi.
Özbəkistan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Kudratulla Rafikov Azərbaycan və özbək xalqlarının qardaş xalqlar olduğunu vurğulayaraq AHİK-nın növbəti qurultayına uğurlar arzuladı. O, çıxışında dahi şair Nizami Gəncəvidən sitat gətirdi, Azərbaycan–Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafından danışdı. Rafikov Ulu Öndər Heydər Əliyevin hələ 1980-ci illərdə Özbəkistana etdiyi səfərləri xatırladaraq, Daşkənddə ucaldılmış Heydər Əliyev abidəsinin iki xalq arasında dostluğun və ehtiramın simvolu olduğunu qeyd etdi.
Qazaxıstan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Satybaldı Dauletalin çıxışında Qazaxıstanın hər zaman Azərbaycanın yanında olduğunu vurğuladı. O, Ulu Öndər Heydər Əliyevdən sitat gətirərək türk dünyasının birliyi ideyasını önə çəkdi. Prezident İlham Əliyevlə Qazaxıstan Prezidenti arasında yeni iş yerlərinin açılması, sosial-iqtisadi layihələr və həmkarlar ittifaqları arasında sıx əməkdaşlıqdan danışan Dauletalin “Biz insanların hüquqlarının pozulmasına imkan verməyəcəyik” deyərək ölkələrinin hər sahədə Azərbaycanın yanında olduğunu bildirdi.
Qırğızıstan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Muradlı Cumadilde Uulu çıxışında birlik və həmrəyliyi alqışladı, qurultay iştirakçılarına uzun ömür, təşkilata isə davamlı uğurlar arzuladı.
Türkiyə Kamu Çalışanları Sendikaları Konfederasiyasının sədri Öndər Kahveçi Azərbaycan–Türkiyə qardaşlığının sarsılmaz olduğunu vurğulayaraq AHİK-in fəaliyyətinə gələcəkdə uğurlar arzuladı. O, türkdilli xalqların daim bir yerdə olmasının vacibliyini qeyd edərək bu birliyin mərkəzində Azərbaycanın mühüm yer tutduğunu bildirdi.
Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin prezidenti Gezim Malaya çıxışında Avropada diktaturaya qarşı görülən işlərdən, Azərbaycanla Albaniya arasında hər zaman isti münasibətlərin mövcudluğundan danışdı. O, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Qarabağı işğaldan azad etməsini xüsusi qeyd etdi.
Türk Metal Sendikasının prezidenti Uysal Altundağ isə təmsil etdiyi çoxsaylı təşkilatın səmimi salamlarını çatdıraraq bildirdi ki, ən böyük məqsəd birlik və həmrəyliyin daha da inkişaf etdirilməsidir.
Beləliklə, AHİK-in VIII Qurultayı həm təşkilati səviyyəsinə, həm də məzmununa görə yadda qalan, sosial ədalət, əmək hüquqları və beynəlxalq həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan mötəbər tədbir kimi tarixə düşdü. Bu qurultay bir daha göstərdi ki, Azərbaycan həmkarlar ittifaqları müasir çağırışlara cavab verən, güclü və gələcəyə inamla addımlayan bir ictimai institutdur.
(Qurultay işini davam etdirir)
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.
















