Hələ də gec deyil… Yafət Xeyirov- 60

Hələ də gec deyil… Yafət Xeyirov- 60

Hər hansı bir filmi izləyərkən, biz adətən ssenariyə və rejissor işinə fikir veririk. Nədənsə, filmin uğurlu alınmasında digər səbəbkarların xidmətlərinə əhəmiyyət vermirik, onların əziyyətini unuduruq.

Bəlkə də ondan irəli gəlir ki, necə deyərlər, ssenarist və rejissorların üzünü ağardan texniki heyətdən xəbərimiz olmur. Bu dəfə sizə 180-dən yuxarı telefilimin ərsəyə gəməsində, uğurlu alınmasında montaj rejissoru kimi xidmətləri olan bir insandan söhbət açmaq istəyirəm. Adı Yafət, soyadı isə Xeyirovdur…
O, 1965-ci ilin may ayının 16-da Quba rayonunun Susay kəndındə dünyaya gəlib. 1980-1984-cü illərdə Bakı Rabitə Elektrotexnikumunda, 1987-ci ildə isə Moskvada, Ostankinoda ixtisas artırma inistitutunda təhsil alıb. 1984-cü ildə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində videomühəndis kimi əmək fəaliyyətinə başlayıb. 1990-cı ildən 2020-ci ilədək Prezident qrupunun montaj rejissoru işləyib. Paralel olaraq 180-dan çox telefilmin ərsəyə gəlməsində xidməti olub. 2020-ci ildə öz ərizəsi ilə AzTv-dən uzaqlaşıb. 2023-cü ildən indiyədək CBC xəbər kanalında efir rejissoru kimi fəaliyyətini davam etdirir. Xidmətlərinə görə, 2011-ci ildə “Tərəqqi” medalına layiq görülüb…
Yazıçı, ssenarist, kulturoloq Hafiz Ataxanlı onu belə xarakterizə edir: “Yafət Xeyirovu tələbə ikən Azərbaycan Televiziyasına qədəm qoyduğum gündən tanıyıram. Ona sıradan bir montajçı kimi baxmamışam. Yaradıcıdır, texnoloji ilə təxəyyülün ortaq nöqtəsini mükəmməl bilir. O vaxtlar təzə fəaliyyətə başlayan redaktor, ya rejissor ilk sınaq işini Yafətlə yığanda sevinirdi. Çünki Yafət, birinci növbədə əlindən çıxan materialın keyfiyyətsiz hazırlanmasına razı olmazdı. İkincisi də içindən gələn bir xeyirxahlıq hissi vardı. Yəni Yafətlə bir növbəyə düşmək üzün ağ olması demək idi. Hələ standart sovet ideologiyasına ölçülüb- biçilmiş montaj doqmalarının mövcud olduğu vaxtlarda Xeyirov təzə bir texniki priyomu eksperiment edirdi. Yanılmıramsa, doxsanlarda montaj sistemi dəyişildi, BTKM-a keçid oldu Yenə Yafət hamıdan qabaq yeni sistemin bütün potensial imkanlarını öyrənib tətbiq etdi. Yaxşı mənada bütün texniki ” hoqqalar” Yafətin, bir də Asimin başının altından çıxırdı…”
…Yafət adı çox qədim addır. Hətta bəzi mənbələrdə göstərilir ki, Nuh peyğəmbərin Yafəs kimi qələmə verilən oğlunun da əsl adı Yafət olub. Bu sözün mənası isə genişlik, açıqlıq deməkdir…
Hafiz Ataxanlı daha sonra söyləyir: “Sonradan rəhmətlik, sədr müavini Vaqif Ağayevin rəhbərliyi altında dövlət başçısının xarici səfərlərinin və ölkədaxili görüşlərinin, çıxışlarının video icmalını hazırlamaqdan ötrü xüsusi qrup yaradılanda Yafət montaj rejissoru kimi qrupa dəvət edildi. Bu günə kimi də məsuliyyətli, fəqət şərəfli missiyanı ləyaqətlə yerinə yetirir. Ötən aylarda Facebook-da Azərbaycan Televiziyasında çalışmış, haqqın dərgahına qovuşmuş əməkdaşların portretlərindən çox kövrək videoçarx izlədim, Yafət yığmışdı. Bu çarxın xarakterik cəhəti materialda bağbanından sədrinə qədər, heç kəsə fərq qoyulmadan yığılması idi. Bir sözlə, Yafət Xeyirov televiziyonçudur, peşəkar montaj rejissorudur, zəngin təxəyyülə və təcrübəyə malikdir. Heç zaman boş söz-söhbətə qarışmır. Mübahisələrinin də mövzusu ancaq texnoloji ilə bağlı olur, ya da hansı montaj aparatından maksimium hansı effektləri almaq olar… Yafət kimi dəyərli insanlar teleməkanın qənimət mütəxəssisləridir. Ona uğurlar arzulayıram…”
Çox emosional adamdır. Hislərini gizlətmədən yaşamağa üstünlük verir. Ailəcanlıdır. Əsasən qayğıkeş, mülayim, anlayışlı və uzaqgörəndir. Utancaq olması ilə yanaşı, nəzakətli və tez inciyəndir. Çünki qəlbinin dərinliyində təkcə özü barədə deyil, həm də ətrafdakı insanlar barədə düşünür. Romantik, yardımsevər və səbirli olmağı da onun müsbət xüsusiyyətlərindədir. Onun sevgisini qazanmaq heç də asan deyil. Hətta ən yaxın dostlarından belə nə isə gizlədir və hər adam güvənmir. İdealist, sentimental və xəyalpərəstdir. Əhval-ruhiyyəsi kəskin şəkildə tez-tez dəyişir. Bununla yanaşı, münasibətlərdə hər xırda detala fikir verib münaqişə yaratmır. Keçmişə çox bağlıdır. Mühafizəkardır. Ötən günləri tez-tez xatırlayaraq kədərlənir. İş həyatında olduqca bacarıqlıdır. Bunun səbəbi isə çox çalışqan olmasındadır. Kəskin analitik ağlı ilə ən dolaşıq problemi həll edə bilir, amma risk etməyi xoşlamır…
Bəli, bir neçə ay öncə Yafət Xeyirovun 60 yaşı tamam olub. Necə deyərlər, hələ də gec deyil, onu yubileyi münasibətilə bu gün də təbrik etmək olar. Bu açıq sözlü, geniş ürəkli qəhrəmanıma Allahdan uzun ömür, can sağlığı diləyirəm…
Elman Eldaroğlu

Share: