Həjarla söhbətimi təqdim edirəm. Düz oxudunuz, Həjar Şamil oğlu ilə. Şair Şamil Dəlidağın oğlu şair Həjar Şamioğlu. 32 ildir ki, görüşmürdük. Sosial şəbəkə üzərindən dəfələrlə söhbətimiz olub, mübahisə və müsahibə etmişəm, şeirlərini yayınlamışam. Bu dəfəki söhbətimizin də Müstəqil.Az-ın da oxucuları üçün maraqlı olacağını, düşünürəm.
– Həjar, necəsən? Ümumi olaraq soruşuram, ovqatın necədir?
– Soruşduğun üçün sağ ol, minnətdaram. Sən həqiqətən də sədaqətli və qəlbiylə dinləməyi bacaran bir dostsan. 40 ildir bu xislətin azalmadı, əksinə artdı. Yaxşı ki varsan.
Ovqatım burulğanlı, qərib küləklər kimidir – gah coşquludur, gah səngiyir, amma yolunu heç zaman azmır. Azərbaycandan ayrıldığım otuz iki ilin böyük hissəsini şimalın soyuqluğunda yaşadım, amma ürəyim hər zaman cənuba – günəşə tərəf boylandı.

-Gəzməyə qürbət ölkə…
– Faiq can, mən qürbətə öyrəşdim, tənhalığı özümə sirdaş etdim, ona alışdım. Deyirlər, alışqanlıq köləlikdir. Bəlkə də doğrudur. İnsan bəzən öz sükutunun, öz səbrinin, öz taleyinin köləsinə çevrilir.
Otuz iki ilin sükutundan sonra yazdığım üç-beş şeirdən birində belə misralar vardı…
Qurduğum zindanın əsirəyəm mən
Məhkumam özümün əsarətində.
Əslinə qalarsa özünü tanıyan insanlar üçün tənhalıq bir zindan deyil, gizli bir qapıdır. Çox zaman elə tənhalığımızın özü, öz içimizdə daşıdığımız əsarət və içimizin qaranlığı bizə çıxış yolunu, işığa aparan cığırı göstərir.
-İşığa aparan cığırı göstərir, deyirsən, gələcəyə baxırsan, bu çox yaxşı, bəs geridə qalan yollar necə, duyğulardadır? Çevrilib, baxmaq olurmi?
– Heç ayrıldımmı keçmişimdən, əsla. Baxma, altmışın astanasındayam. Sağlamlığım qaydasındadır. Hələ ki zaman ruhuma toxuna bilməyib. Ümidim diridir, həyata nikbin baxıram və hər günümü aktiv, işgüzar yaşayıram. İnanıram ki, insan həm taleyinin, həm də ovqatının memarıdır. Mən həyatımı bu düşüncənin işığında qurmuşam.

– Haralardasan?
– Gürcüstan, Qazaxıstan, Qırğızıstan… Gürcüstanda elmi inistitut, Qırğızıstanda nəşriyat açmışam. Mətbəə işlərini Qazaxıstanda görürük. Daha çox Tibilisidə oluram.-
– Yaxşı ki, bu sosial şəbəkələr var, uzaqlardan yaxına gəlirik, həmsöhbət oluruq.
– Hə, elədir… Sosial şəbəkələr körpü salır aramıza, amma toxuna bilmirsən… Üz-üzə danışmağın istiliyi ayrı şeydir. Kaş ki, İnternetdə “toxunuş”, “əldən tutma” “ürək səsini dinləmə” düymələri də olsaydı.
TORPAQLARIN GÖZƏLLIYI YALNIZ SUYUNDA, AĞACINDA VƏ DAŞINDA DEYIL; DÜNYA BOYU DAŞ DA, AĞAC DA VAR… HƏR BİR YERİ GÖZƏLLƏŞDİRƏN ONA MƏNA QATAN İNSANLARDIR
–Həjar, mən səni heç vaxt uzaqda hiss etmədim, düşündüm ki, hardasa yenə də ləngiyirsən; şeir dərnəyinə, tədbirə, indiki dəbdəbələrdən çox-çox uzaqda qalan kafe-restorana, çayxanaya, macəra dolu gənclik illərimizin keçdiyi yerlərə, bədahətən şeir, meyxana dediyimiz dostların – Salamın, Vasifin, Balaxanın yanına, işlədiyim gəminin gecə qonaqlıqlarına…
–Deyəsən çox ləngidim. 32 ildir ləngiyirəm… Ancaq bu həsrətə son vermək vaxtı çatıb. Əslinə qalsa mənəvi yaxınlığın və uzaqlığın ölçüsü fiziki məsafələr, sədlər, sərhədlər deyil. İnsan bəzən nəfəsi üzünə dəyən birindən ürəkcə min ağac uzaq olar. Ruhların yaxınlığı xəritələrdə ölçülmür, mənəvi yaxınlıq addımlarla hesablanmır. Bir nəfəs aralıda dayanıb yadlaşmaq var. 35-40 il qabaqki bir beytimi xatırladım:
Sevgiyə həsrətik nəfəs-nəfəsə
Qəribə həsrətin naxışı tutub.
Bəzən min kilometr uzaqda olsa da birinin fikri ilə yatıb qalxırsan; ürəyində onun varlığını, ovcunun istiliyini əllərində hiss edirsən. Çoxumuzun həyatında belə insanlar vardır.
Yəni min kilometr uzaqdan səslənib;
Əlin əllərimin yadında qaldı
Gözün gözlərimin yadında indi.
Dünyanın en gözəl yeri yanındı
Ən gözəl sözü də adındı indi,-
deyə bilərsən…
“İndiki dəbdəbələrdən uzaq kafe, çayxanalar” dedin… Bakıda hələ də belə yerlər qalmayıbmı? Köhnə mebellər, taxta stollar, sadə çay dəmləri. Nədən belə dediyini anlamağa çalışıram. Nostaljiyasını yaşadığın o çayxanardı, yoxsa ordakı o zamankı insanlar və söhbətlərdi? O zamanın havası sənin üçün hələ də canlıdır hər halda?

– Bəzi yerlər var ancaq, dad əvvəlki dad deyil…
– Çünkü yaş əvvəlki yaş deyil. Ancaq hər yaşın öz yaraşığı, dadı, ləzzəti var axı…
-Bakı gözəldi, gözümüzün qabağında gözəlləşdii, birdən birə o gözəlliyə düşmədik ki…
– Bakı əvvəlki kimi gözəl olmalıdı… Daha da gözəlləşmiş… Hər bir yeri, məkanı, hər bir guşəni gözəlləşdirən ona məna qatan insanlardır. Torpaqların gözəlliyi yalnız suyunda, ağacında və daşında deyil; dünya boyu daş da, ağac da var. Bir-iki il qabaq Bakıdan zəng edən gözəl bir insan mənə tərs-məshəb bir sual vermişdi… Ona “Üstündə sən yaşadığın torpağı heç sevməmək olar?”, demişdim. Bu sözlərim yadında qalıb… Bu yaxınlarda həmin sözlərimi sevgi dolu ifadələrlə mənə xatırlatdı. Yadda qalan şeylər ya çox yaxşıdır, ya çox pisdir.
Bayaq dedim axı: “32 ildir ləngiyirəm…” Ancaq bu həsrətə son vermək vaxtı çatıb. Həsrət insanı təmizləyir, sevgi böyüdur. Həyatımız sevgi və həsrət arasında vurnuxmaqla keçdi. Heç bir şikayətim yox, əslində həyatımdan. Gözəl bir həyat yaşadım; maraqlı, keşməkeşli, əzablı, sevincli… Öz seçimimdir.
Söhbət edirik də… Sualını gözləmədən ağlımdan keçənləri də deyim icazən ilə…
40 il qabaqkı bir bənd ilə bir ay qabaqkı bir bəndi qarşılaşdırmağa çalışacağam indi. Baxım görüm bir məna çıxacaq?
40 il qabaqkı bənd beləydi:
Mən dərd çəkib təmiz oldum, tər-təmiz oldum
Ətəyində namaz qıldım hər günahımın.
Mən canıma əzab verdim ömrüm uzunu
Yeri gərək behişt olsun incik ruhumun.
Bir ay qabaq ağlımdan keçən bənd də belədir:
Bilirsən, özəlsən mənim gözümdə
Amma düşünmüsən: mən kim kimiyəm?..
Sən məni sevmədən məndən uzaqdım
Mən səni sevəndən özüm kimiyəm.
40 il qabaq başıma bəla axdarırdım. İndi özümü axtarıram. Əslində bütün həyat boyu insan özünü axtarır. Özünü bir dəfə yox, çox dəfə tapır. Məsələn mən çox dəfə tapmışam özümü. Özünü tapanda buraxmayacaqsan, dörd əllə yapışacaqsan, sarılacaqsan. İnsanın özünü tapması Tanrının bəxş elədiyi ən böyük şansdır, nemətdir.
RUHSUZ SEİR ÖLÜ ŞEİRDİR. ŞEİRİ ŞEİR ELƏYƏN FİKİR DEYİL, RUHDUR
–Sözün sərhəddi olmur, fikrin, düşüncənin qarşısını almaq olmur. Şeirlərin Azərbaycandan heç getmədi. Daima oxucuların oldu. Şair kimi özünü xoşbəxt saya bilərsən.
– Qiymətləndirmən üçün sağ ol. O şeirlər o torpaqlarda yazıldı, kökü də ordadır, hara gedəcək ki? “Daima oxucuların oldu” deyirsən, amma uzaqdayam, bunu sənin qədər bilmirəm, ədəbi mühitin xaricindəyəm. Azərbaycanda heç kitabım çap olmadı. Əgər dediyin kimidirsə, sizin kimi dostların bu işdə ciddi rolu olmuşdur. Əzbər dediniz, yaydınız. Salam, Vasif, Zabil, Bərzani, Sadıq, Sən… Və bir çoxları. Sizlər yazdıqlarıma məndən çox sədaqət göstərdiniz. Mən isə şeirlərimə heç sadiq olmadım. “Şair kimi xoşbəxt olmaq” ifadən maraqlı gəldi. Xoşbəxtlik, eləcə də xoş işlərin, nəticələrin və gündəlik kiçik sevinclərin cəmidir. Mütləq xoşbəxtlik və bədbəxtlik varmı? Bundan çox da əmin deyiləm. Əgər həyatımızda mütləq xoşbəxtlik yoxdursa, onda mütləq xoşbəxt şair də yoxdur. Amma bəxti xoş olan şeirlər var və məncə, üç-beş belə şeirin müəllifi haqqında “xoşbəxt şair” demək olar. Bu nöqtədə səninlə həmfikirdirəm. 50 şeir kitabı çap edilən ancaq yadda qalan tək bir misrası olmayan «şairlər» var.
Şeirlərim dildən-dilə gəzdisə, deməli onlarda bir ruh var. Ruhsuz seir ölü şeirdir. Şeiri şeir eləyən fikir deyil ruhdur.
EŞQ YAZDIRIR… DEYƏSƏN BUNDAN SONRA ŞAİR OLACAM

– Dost kimi necə dostsan, səni xatırlayanlar heç azalmadı, görməyənlər, şəxsən tanımayanların da dilində şair olaraq adın hallanır. Bəs, “Hecalara bölünməyən” dostların sırası necədir, əskilməyib ki?
– Dostluq səs-küysüz bir məsələdir, iddiasızdır, reklam sevmir, hecalara bölünmür, misralara da sığmır. Dostluqda zamana inanıram. Hər şeyin təzəsi dostun köhnəsi.
“Hecalara bölünməyən” dostlar zamanın ələyindən keçib süzülənlərdir. Seyrəliblər, amma seyrəkləşdikcə dəyərləri də artır.
Dostluq – hər gün zəng etmək deyil, hər gün xatırlanmaq da deyil. Hər kəsin həyatında bəzi insanlar var ki, illərlə görüşmürsən, amma adı çəkiləndə ürəyin qıpırdayır, əllərin qeyri-ixtiyarti bir-birinə qovuşur, gözlərin işıqlanır. Onları hatırlayanda həyat eşqin artır.
Şamil Əsgərov bir şeirində demişdi ki:
Dar günündə imtahan et
Sınama heş nədə dostu.
Bu sözlər həyatım boyunca mənim üçün etalon oldu.
Əgər Azərbaycanda şair kimi adım hallanırsa, bu, sözün, şeirin taleyi ilə əlaqəlidir, mənim taleyim ilə deyil.
– Bu yaxınlarda yeni şeirlərini yayınladıq, deyim, ürəyinə sərinlik çilənsin, yaxşı qarşılandı.
– Sağ olasan! Məni motivə etdin. Bəli 32 ildən sonra keçən ilin noyabr ayından etibarən bir neçə eşq şeiri yazdım. 10-u keçməz. Niyə 32 ildən sonra? Bu mənim özüm üçün də maraqlı sualdır.
Desəm, bəlkə inanmazsan… Röyamda birinə aşiq oldum. Sanki buta kimi bir şeydir. Artıq bir neçə aydır ki, o yuxu ayıq vaxtımda da məni tərk etmir. Ayıq vaxtımda da o röyanı görürəm artıq və gördükcə ağlıma misralar dolur; özü gəlir, əsla fikirləşmirəm, heç düşünmədən yazmağa başlayıram. Sənin bir neçəsini çap etdiyin şeirlər belə ərsəyə gəldi. Çox qəribə bir ruh halıdır. Uzun sözün qısası 60 yaşımda bir xəyalın dalınca düşmüşəm…
Onun yalnız gözlərini xatırlayıram, bir də xəfif tər içindəki əllərinin sərinliyini. İndi küçədə gəzərkən insanların gözlərinə daha diqqətlə baxıram, deyirəm bəlkə bu şəhərdə yaşayır, bəlkə gözlərindən tanıyaram. Bəlkə də bundan sonrakı həyatım bu axtarışla keçəcək. Bəlkə taparam, bəlkə heç tapmaram… Bəlkə də elə bir insan ümumiyyətlə mövcud deyil.
Elə bu gün, bir az qabaq qaldığım bu qərib şəhərdə yenə gözlərini gördüm, əlinin sərinliyini hiss etdim, beynimi misralar işgal elədi. Bəli məhz işgal eləyir:
Gecələr onsuz da sənsiz çəkilmir
Nə də ki sabahlar sabahdı sənsiz.
Burda nə gün çıxır, nə günəş batır
Anlar, saniyələr nə çoxdu sənsiz…
Zaman darda qalıb, don tutub vaxtı,
Bu nətər dövrandı, bu necə baxtdı?
Yaşamaq zülümdü, ölmək günahdı
Belə ömür sürmək günahdı sənsiz.
Susuz kövşəninin arxı çatlayıb
Ruhla bədəninin bağı çatlayıb
Burda bir qəribin bağrı çatlayıb
Ciyəri od tutub nə vaxtdı sənsiz.
Həm varsan, həm yoxsan,
yox kimi varsan,
Sinəmə çəkilən dağ kimi varsan
Qəhərə kök tutan ah kimi varsan
O dağ, o qəhər də, o ah da sənsiz…
Eşq dünyamızın ən böyük və ən dadlı nemətidir. Deyəsən bundan sonra şair olacam. Yazdırır da…
KÜTLƏLƏR INSANI ÇIRKLƏNDIRIR. SAFLAŞMAQ ÜÇÜN TƏNHALIĞA EHTIYACIMIZ VAR

–Darıxırsanmı?
– Hər halda Azərbaycan üçün, köhnə dostlar, qohum-əqraba, sevdiklərim üçün darıxıb darıxmadığımı soruşursan… Əlbətdə belə bir sualın birbaşa cavabı “Əlbətdə” olmalıdır. Ancaq sualını ümumiləşdirmək, “darıxmaq” hissiyatına göz atmaqla da cavab vermək olar.
Gənclik illərində yazdığım bu bəndi xatırlarsan bəlkə də:
Yalnızam, təkəm, tənhayam
Elə yaxınam özümə.
Özümdən hara getsəm də
Gəlib çıxıram özümə.
Darıxmaq deyəndə ilk növbədə insanın bir kəs və ya bir şey üçün darıxması başa düşülür. Bu hissin içində kimdənsə uzaq qalmaq duyğusu var. Ancaq insan bəzən kiminsə yanında olarkən də başqa biri üçün, hətta elə yanında, nəfəs-nəfəsə dayandığı insan üçün belə darıxa bilər.
Bir çoxları darıxmağı tənhalıq kimi və uzaqlığın yaratdığı ruh halı kimi təqdim edirlər. Amma bir həqiqət də var: tək qalmağı, yəni özü ilə baş-başa qalmağı bacaran və buna alışan insanlar darıxmağın ağır yükündən daha asan qurtula bilirlər.
Təklik insanın cəmiyyətdən qaçdığı yer deyil. Təklik insanın tələsmədən özünə doğru getdiyi və nəhayət özünə çatdığı məkandır.
Yeri gəlmiştən təklik insanın yaxşılaşdığı, təmizlənib arındığı yerdir də. Çünki insan başqalarıyla olanda özünü gizlədə bilir, tək qalanda isə gizlənəcək yer tapmır və təmizlənir. Təklikdə alqış yoxdur, tamaşaçı yoxdur, üz tutacaq bəhanələr də gəldi gedərdir. Kütlələr insanı çirkləndirir. Saflaşmaq üçün tənhalığa ehtiyacımız var. Friedrich Nietzsche belə demişdi: “Tənha olan insanı tənhalıqda özü yeyib-bitirər, çoxluğun içində isə onu çoxluq yeyib-bitirər. Seç, gör hansını seçirsən?” Yaxşı sualdır…
İndi başa gəlib sualına bir daha cavab verim: şəxslər üçün çox darıxan adam deyiləm. Sevdiklərin üçün darıxmağa dəyməz. Darıxmağın mayasında biraz da eqoizim var… Darıxmağın yerinə onları daha çox sevmək, onların yaxşılıqlarını istəmək, köməklərində durmağa çalışmaq lazımdır.
Ən sonda da bunu deyim. Mən ən çox özümdən ötrü darıxıram. Bunun eqoizm ilə əlaqəsi yoxdur, təmizlənmə, ictimaiyətin kirliliyindın arınmağa çalışma ilə əlaqəsi var. İctimai işlərim çox olduğu üçün özümlə baş-başa qaldığım zaman mənə yetərli gəlmir. Bu səbəbdən də özümdən, təkliyimdən ötrü çox darıxıram. Tək qaldıkca təkliyin qədrini daha çox bilirsən…
– Dolaylı cavab verirsən… Bir də ki axı insan sosial bir varlıqdır, ünsüyətə hər zaman möhtacdır.
– Əlbətdə ki, insan sosial bir varlıqdır, ünsüyətə, əlaqəyə, ictimaiyət içərisində tərfədarlar tapmağa və özünü təsdiqləməyə ehtiyac duyar hər zaman. Ancaq təklik də böyük bir nemətdir. Təklik, yalnızlıq tənha qalmaq deyil; özünlə baş-başa qalmaqdır. Çoxları bundan qorxurlar. Ancaq təklik, kütlənin səsindən bir addım kənara çəkilib daxili səsini eşitmək bacarığıdır. İnsan bəzən yalnız qalanda nəyi istədiyini, nəyə inandığını və nədən imtina edə biləcəyini anlayır. Mən azadlıq aşiqyəm. Və buna inanıram ki, Romalı Senekanın dediyi kimi “Özü ilə baş-başa qala bilməyən insan heç vaxt azad ola bilməz.” İnsanlar hər zaman öz-özünə və təklikdə düşünür. Düşünmək təkliyin işidir yəni. Sokrat demişkən “Düşünülməmiş həyat yaşamağa dəyməz.”
Bu dünyada her şey, hər söz deyilmişdir, əziz dostum. Məncə seçilmiş təklik insana dürustlük, dərinlik, yaradıclıq və ən başda da azadlıq qazandırır. Məcburi təklik yaralayır, seçilmiş təklik isə sağaldır. Bunların hamısı yazılıb və deyilib. Təklik insanı başqalarından ayırmır, çox vaxt onu özünə qaytarır. Səs-küydən kənarda dayananda insanın dünyaya daha dürüst baxmaq cəhdi artır. Bu da bir həqiqətdir ki yaxşı və böyük fikirlər kütlədən (Friedrich Nietzsche «sürü» deyirdi) aralanmadan doğulmur.
– Bəs darıxmaqdan, sənin deyimin ilə «tək qalmaqdan» başqa nə işlə məşğulsan?
–İşlər çoxdur. Özümü də, vaxtımı da o qədər parçalamışam ki, heç nəyə yetə bilmirəm. Çox oxuyuram, çox yazıram, çox gəzirəm… Bir sözlə, çoxluğun içindəyəm, amma yenə də heç nəyə də tam yetişə bilmirəm. Qaçaqaçdayam…
Son illər daha çox siyasəti şərh etməklə məşğul olmuşam. Xüsusilə vurğulayıram: siyasətlə yox, siyasi məsələləri analiz etməklə! Nə qəribədir ki, dünyada ən xoşlamadığım, hətta nifrət etdiyim sahə siyasətdir. Bu analizlər məni çox yorur – ruhumu yorur, içimi yeyir. Amma yenə də məcburam. Deyirlər ki, insan heç nəyə məcbur deyil… Bu da bir baxışdır, hörmətim var. Amma etmək istədiklərimizlə etməyə məcbur olduqlarımız həmişə bir-birinə zidd olur nədənsə.
Bütün bunlarla yanaşı, publisistik və elmi kitablar yazıram, ictimai işlərlə də aktif şəkildə məşğul oluram.

DÜNYA AZƏRBAYCANLILARI VƏ KÜRDLƏRİ ÖZ DOSTLUQ MÜNASİBƏTLƏRİNİ DAHA DA MÖHKƏMLƏNDİRMƏLİDİR
– Göründüyü qədərilə, sən kürd siyasətini təhlil edirsən; yazdığın kitablar da kürdlərlə bağlıdır və ictimai fəaliyyətinin mərkəzində kürdlər dayanır…
–Elədir. Son 40 ildə kürd xalqı çox ciddi milli dirçəliş dövründən keçdi. Bu dirçəliş həyatın bütün sahələrində özünü göstərdi. Bu müddətdə kürd dili standartlaşdı, kürd diplomatiyası inkişaf etdi, tarix araşdırmaları genişləndi, kürd sosyologiyası böyük elmi sıçrayış yaşadı. Bu prosesdə, əgər bir zərrə də olsa, payım olubsa, bu mənim üçün böyük xoşbəxtlikdir. Kürdlər son yüz ildə Yaxın Şərqin ən çox əziyyət çəkən və istibdad altında saxlanılan xalqlarından biri olmuşdur. Bu xalqın yanında olmaq insanlıq borcudur.
Bundan əlavə, siyasi status qazanmaq baxımından da kürdlər mühüm addımlar atdılar. 35 il əvvəl İraqda kürd muxtariyyəti yarandı və ölkə federal dövlətə çevrildi. Suriyada isə 15 il əvvəl faktiki olaraq kürd muxtariyyətinin qapıları aralandı. Türkiyədə kürdlərlə türklər arasında mövcud problemlərin sülh yolu ilə həlli üçün illərdir davam edən ciddi səylər var. İran molla rejiminin sarsılması gözlənilir və bu proses ölkədə yaşayan azərbaycanlı və kürd xalqlarını rejimə qarşı birgə mübarizəyə sövq edəcək. Artıq bu istiqamətdə müxtəlif birgə təşəbbüslər mövcuddur. Həm İranda, həm də Avropa ölkələrində azərbaycanlı və kürd ziyalıları və siyasətçiləri arasında aparılan məsləhətləşmələr barədə məlumatlarımız var.
Bununla yanaşı, düşmənlərimiz də boş dayanmayacaq. İçimizdə özlərini vətənpərvər kimi göstərən, ancaq ipləri başqalarının əlində olan bəzi qüvvələr vasitəsilə xalqlarımız arasında nifaq toxumu səpməyə çalışırlar və çalışacaqlar.
1946-cı ildə İranda qurulan Azərbaycan Demokratik Respublikası və Kürdistan Demokratik Respublikası dövründə Tehran hökumətinin Azərbaycana Kürdistan üzərindən ordu göndərmək təklifinə, Kürd Respublikasının lideri Qazı Məhəmmədin verdiyi məşhur cavab bizim üçün nümunə olmalıdır. Qazı Məhəmməd o vaxt Tehrana belə demişdi: “Azərbaycana ancaq biz kürdlərin cənazələri üzərindən ordu göndərə bilərsiniz!”
Bu gün sarsılan Tehran rejimi və İranda rejim dəyişikliyini istəməyən ətraf dövlətlər “parçala və hökm sür” siyasəti çərçivəsində İranda yaşayan azərbaycanlılarla kürdləri qarşı-qarşıya qoymaq üçün əllərindən gələni edəcəklər. Onlar İranda yaşayan bütün xalqları bir-birinə qarşı qızışdırmağa çalışacaqlar. Bu məsələdə hamımızın çox diqqətli olması lazımdır.
Biz – kürd və azərbaycanlı ziyalılar bu mövzuda son dərəcə diqqətli və uzaqgörən addımlar atmaq məcburiyyətindəyik. Azərbaycan və kürd xalqları arasında minilliklərə dayanan tarixi dostluq bu müqəddəs vəzifəni layiqincə yerinə yetirməyimiz üçün çox güclü və möhkəm dayaqdır. Eyni zamanda, içimizdə xarici dövlətlərin fitnə-fəsad törətməyə çalışan təxribatçılarını vaxtında tanıyıb susdurmağı da bacarmalıyıq.
Son günlər İranın molla rejimi İraq Kürdüstan bölgəsinin paytaxtı Ərbilə və Azərbaycanın göz bəbəyi olan Naxçıvana raket zərbələri endirdi. Bu qanlı rejimin vəhşi və namərdcəsinə həyata keçirdiyi bu hərəkətləri qətiyyətlə qınayıram.
İranda son vaxtlar baş verən hadisələr bir daha göstərdi ki, dünya azərbaycanlıları və kürdləri – bu iki qədim xalq – öz dostluq münasibətlərini daha da möhkəmləndirməli və yaxın əməkdaşlıq içərisində olmalıdırlar.
Biz heç kimə qarşı deyilik; sadəcə özümüzün və öz xalqımızın tərəfindəyik.
– Sənin azərbaycanlılarla xaricdə yaşayan kürdlər arasında körpü rolu oynadığından xəbərdaram. Qarabağ müharibəsi zamanı kürd mətbuatında və bəzi beynəlxalq media orqanlarında Azərbaycanın haqlı mövqeyini əks etdirən məqalələrlə çıxış edirdin.
– Başqa cür necə ola bilər ki?! Azərbaycan mənim vətənimdir. Onun təsibini çəkmək bir Azərbaycan övladı kimi mənim borcumdur. Mən bu fəaliyyətləri vicdanımın səsinə qulaq asaraq həyata keçirirəm – nə haradansa göstəriş alaraq, nə də kiməsə xoş görünmək üçün yox. Kürdistan mənim tarixi vətənimdir, Azərbaycan isə doğulub böyüdüyüm vətəndir. Bu iki xalqın tarixi dostluğunun daha da möhkəmlənməsi milliyyəti Kürd, xalqı Azərbaycan olan mənim kimi bir insan üçün tarixi bir vəzifədir.
Son onilliklərdə kürd ictimaiyyətində həm Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyinin tanıdılması, həm də Azərbaycan Respublikası və onun xalqı haqqında müsbət təsəvvürlərin gücləndirilməsi istiqamətində ciddi işlər görmüşük. Bu fəaliyyətin Azərbaycanda da aparılması vacibdir. Azərbaycan ictimaiyyətinin kürdlərin haqlı mübarizəsinə hörmətlə yanaşması üçün onlara üçüncü tərəflərin iştirakı və müdaxiləsi olmadan doğru və obyektiv məlumatlar çatdırılmalıdır.
Təəssüf ki, həm kürdlər, həm də azərbaycanlılar bir-biri haqqında məlumatları daha çox üçüncü tərəflər vasitəsilə əldə edirlər. Bu isə yanlış təsəvvürlərin və səhv yanaşmaların yaranmasına səbəb olur. Bunun qarşısını almaq üçün iki xalq arasında birbaşa mədəni əlaqələrin gücləndirilməsi vacibdir.
Şükürlər olsun ki, son illərdə Azərbaycan Respublikası ilə İraq Kürdüstan Bölgəsi rəhbərliyi arasında çox yaxın münasibətlər qurulmuşdur. İqtisadi zəmin üzərində başlayan bu əlaqələrin siyasi və diplomatik addımlarla daha da möhkəmlənəcəyinə ümid edirik. Bu münasibətlər həm kürdləri, həm də azərbaycanlıları daha da gücləndirəcəkdir.

-Sənin Kürd kimliyini azərbaycanlı kimliyindən üstün tutduğun barədə görüşlər var…
-(Gülür) Bax, dəyərli dostum, sən türksən — azərbaycanlı türksən. Üstəlik milli kimliyinə sadiq qalan, bu kimliyin yaşaması və güclənməsi üçün davamlı mübarizə aparan bir şəxsiyyətsən. Amma bununla yanaşı, sənin başqa kimliklərin də var: sən şairsən, publisistsən, dənizçisən, yaxşı atasan, sədaqətli həyat yoldaşısan, sadiq dostsan…
Bütün bunlar sənin şəxsiyyətinin ayrılmaz tərəfləridir. Bu kimlikləri bir-birindən qoparmaq mümkün deyil. Onları ayrı-ayrılıqda götürsək, Faiq Balabəylinin bütöv portreti ortaya çıxmaz. Çünki sən bütün bu kimliklərin birlikdə yaratdığı bir bütövsən.
Əslində heç bir kimlik digərindən üstün deyil. Sadəcə, həyatın müəyyən dövrlərində bir kimlik daha çox ön plana çıxa bilər və insan ona daha çox vaxt və enerji sərf edə bilər. Amma bir insanın bir kimliyini götürüb onu digər kimliyinin qarşısına qoymaq doğru yanaşma deyil.
İnsan öz kimliklərinin harmoniyası ilə bütöv olur.
-Azərbaycan mətbuatında və sosial mediada dəfələrlə sənin türk əleyhinə mövqedə olduğun iddia edildi. Mənim tanıdığım, daima həmsöhbət olduğum, dost dediyim bir adam Azərbaycanın, insanlığın əleyihinə, doğulduğu, böyüdüyü, təhsil aldığı, ilk danışığında sözünü dediyi bir millətin, türkün əleyihinə ola bilməzdi. Amma bəzən xalqın gözü, tərəzidir, deyiblər, mən yanıla bilərəmmi?
– Bunlar Azərbaycanda ipi başqalarının əlində olan, guya müxalifət kimi təqdim edilən bəzi çevrələrin uydurduğu cəfəngiyyatdan başqa bir şey deyil. Sən heç vaxt yanlış olmadın. Əsla. Məni olduğum kimi gördün. Azmı səninlə Azərbaycanın çəkdiyi iztirablardan, işğaldan, köçkünlərin güzəranə, can Azərbaycanımıza qonşu dövlətlərin təhdidi, hücumu, Qərbin, Avropanın məqsədli və məkrli siyasətini çözmüşük, müzakirə etmişik?
Ümumiyyətlə, “türk əleyhinə olmaq” ifadəsinin özü məntiqsizdir. Türk bir xalqın adıdır. Bir xalqa qarşı olmaq sağlam düşüncəyə sığmır; bunun adı açıq-aşkar faşizmdir. İnsanlar xalqlara deyil, dövlətlərin siyasətinə, siyasi rejimlərə və hakim zümrələrin qərarlarına qarşı çıxar, onları tənqid edər və dəyişməsi üçün mübarizə aparar.
Məsələn, mən Türkiyə Respublikasının kürd siyasətini yanlış hesab edənlərdənəm. Bu siyasəti tənqid edir və kürd xalqının milli-mədəni hüquqlarına ədalətli yanaşılmasının tərəfdarıyam.
Necə ki, mən, sən və digər soydaşlarımız Cənubda Azərbaycan türklərininə qarşı İran siyasətini yanlış hesab edirik. Ana dilində danışma, təhsil almaq, mətbuatın, milli kimliyin və sairin təhdididir, deyirik.
Türkiyə dövləti qurulduğu 1923-cü ildən başlayaraq uzun müddət kürd xalqına qarşı ədalətsiz siyasət yürüdüb, dilini, mədəniyyətini və milli kimliyini məhdudlaşdırıb. Bu gün Türkiyənin mövcud hakimiyyəti belə keçmişdən bəri kürdlərə qarşı haqsızlıqların olduğunu etiraf edir. Belə olan halda bu həqiqətləri dilə gətirmək necə “türk əleyhdarlığı” sayıla bilər? Bu iddia, sadəcə absurddur.
Digər tərəfdən, Türkiyə siyasətini tənqid etməyin Azərbaycanla nə əlaqəsi var? Türkiyə və Azərbaycan qardaş ölkələrdir, amma ayrı-ayrı dövlətlərdir və fərqli siyasi kurslara malikdirlər. Mən şəxsən Azərbaycan Respublikasının xarici siyasətini ümumilikdə təqdir edirəm. Daxili siyasətinin realist olduğunu düşünürəm, lakin təkmilləşdirilməsi gərəkən sahələrin də mövcud olduğuna inanıram. Türkiyənin həm daxili, həm də xarici siyasəti barədə isə daha tənqidi mövqedəyəm.
Bir məsələni də açıq deyim: sən, hörmətli Faiq Balabəyli, azərbaycanlı bir türksən və türk kimliyini sevən, türk mədəniyyətinin inkişaf etməsi, türkdilli xalqlar arasında əlaqələrin genişlənməsi üçün mübarizə edən bir insansan. Mən sənin bu mövqeyini yalnız təqdir edə bilərəm. Mən isə azərbaycanlı bir kürdəm və kürd xalqına qarşı tarixən baş vermiş ədalətsizliklərin aradan qalxması üçün mübarizə aparılmalı olduğunu düşünürəm. Bu mövqeyə də anlayış və empatiya ilə yanaşmaq lazımdır.
Hər insan öz xalqını sevir və sevməlidir. Abbas Səhhət yaxşı deyib: “ Vətənin sevməyən insan olmaz, Olsa ol şəxsdə vicdan olmaz!” Amma öz xalqı ilə həddindən artıq lovğalanmaq və onu digərlərindən üstün tutmaq insanı asanlıqla şovinizmə və faşizmə aparır. Axı biz hansı xalqa mənsub olacağımızı özümüz seçmirik. İnsan rus da ola bilər, ingilis də, başqa biri isə banqladeşli doğular. Seçmədiyimiz bir şeylə qürur duymaq mənə məntiqli görünmür.
Milli kimlik sadəcə doğulduğumuz mühitin verdiyi, özümüzün seçmədiyimiz kimlikdir. Amma elə kimliklər də var ki, onları öz zəhmətimizlə qazanırıq — məsələn, həkim, mühəndis və ya şair olmaq kimi. İnsan məhz öz zəhməti ilə qazandığı kimliklə qürur duya bilər.
Bu mövzuda kürd mətbuatında da yazmışam və buna görə ciddi tənqidlərə məruz qalmışam. Fikirlərimin Azərbaycan mətbuatında da birmənalı qarşılanmayacağını anlayıram. Amma həqiqəti deməkdən çəkinmək də doğru deyil.
-Həjar, sonda istərdim ki, arzuların və planların barədə də bir qədər danışasan.
– Planlar çoxdur… İstəsən, bunlarla səni yormayım. Amma ən böyük arzumdan məmnuniyyətlə danışmaq istərdim: Kəlbəcəri görmək!
Eyni zamanda, Kəlbəcərin və bütövlükdə Qarabağın düşmən pəncəsindən azad olunmasını təmin edən Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyir, bu tarixi qələbənin qazanılmasında canını, iradəsini və əməyini əsirgəməyən hər kəsə dərin minnətdarlığımı bildirmək istəyirəm…
Həjarla söhbətimiz uzun çəkdi. Əvvəllər də sosial şəbəkələr üzərindən yazışmalarımız olub. Ədəbiyyatdan, poeziyadan, gənclik illərimizdən, dostlarımızdan – dost olaraq qalanlardan, dost olduqlarında çox söylənən tostların arxasında qalanlardan, sevimli Azərbaycandan, böyük Türk dünyasından bəhs etmişik. Həjar 32 ilin qürbət həyatının çoxunu Türk torpaqlarında “darıxıb”, gələcəyi, varacağı yurda “ləngiyib”. Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda, Başqurdstanda, Tatarıstanda, Rusiyanın işğalında olan ayrı-ayrı türk torpaqlarında…
Yazını çapa hazırlayarkən, Həjarın atası, mərhum şair Şamil Dəlidağın mənə bağışladığı kitaba baxıram. Avtoqrafa baxıram, şeirlə yazıb, oğlumun sadiq, sədaətli dostu idin, deyir. Mən isə biz yenə də dostuq deyirəm.
Söhbət etdi: Faiq BALABƏYLİ
P,S. Həjar Şamiloğlunun yeni şeirlərini oxuculara təqdim edirəm.
SƏNƏ
Gedirəm, arxamda qalan
Gözüm sənə əmanətdi.
Üzərində gözün olsun
Göz olmağın məsləhətdi.
Qoy arxamda gözüm qalsın
Yanım, sönüm hisim qalsın
Tənində nəfəsim qalsın
Bu da bir cür səadətdi.
Qalsın, qalana min şükür
Olmaz olana min şükür
Sənli bir ana min şükür
Eşqə bir an kifayətdi.
Bir eşq çaxdı aramızda
Qopub düşdük sıramızdan
Yaralandıq yaramızdan
Bu nə sonsuz əziyyətdi…
Oyundan kənardı bu eşq
Qanundan kənardı bu eşq
Hər halda qumardı bu eşq
Bəlkə də haqdan qismətdi.
Axı səni necə sevdim?..
Sabah, axşam, gecə sevdim
Səni heca-heca sevdim
Səni sevmək ibadətdi.
Qanayan yaram, oy, oy, oy
Yarama yaram, oy, oy, oy
Sənsiz Həjaram, oy, oy, oy
Məşəqqətdi, müsibətdi.
De, necədi mənsiz dünya?
Gedəni gələnsiz dünya…
Təkcə bil ki səniz dünya
Təkcə səndən ibarətdi.
**
Əlin əllərimin yadında qaldı
Gözün gözlərimin yadında indi.
Dünyanın ən gözəl yeri yanındı
Ən gözəl sözü də adındı indi.
Onsuz da xoşbəxtdim sənli dünyada
Bir şey dəyişdimi sədlər aşınca?
Həsrət yaxamızdan əl çəkəcəkmi
Göz-gözə, əl-ələ yaxınlaşınca?
Gəldim ki taleyin, bəxtin xoş olsun
Mənsiz qismətinə tuş oldum axı.
Gələn ayağıma daş düşəydi kaş
Gəlib gözlərində yaş oldum axı.
Haracan axaram gözündən sənin?
O gül yanağından sinənə qədər…
Köksündən gizlicə axıb gedərəm
Könlünə, ruhuna sinənə qədər.
Axı bu sevdanın qadağası var
Qanunlar məhəbbət qanunu deyil.
Bütün hisslərimiz qanundan kənar
Əlini tutmaq da qanuni deyil.
Yazmışdın: kölənəm, qulunam sənin
Mən çoxdan hazırdım qulun olmağa.
Bir yol axtarırdın, bir çıxış yolu
Gəldim ayağının yolu olmağa.
Bu qədər özünə çəkərdimi heç
Cazibə qüvvəsi, yerin çəkimi?
Düşdüm torpağına sonsuz dənizdən
«Yer!» deyib qışqıran dənizçi kimi.
Sən çox istəyirsən səni çox sevim
Səni çox sevəcəm yaşaya bilsəm.
Mənim torpağımsan, səndə əkildim
Cücərib, göyərib yaşara bilsəm…
Mən yol-yolağayam, yola gələnəm
Baxma ki adımın nidaları çox.
Sırasından qopan qərib quşların
Səsi qısıq olar, sədaları çox.
İllərdi qanadı sınan quş kimi,
Saza köklənməyən bir sim kimiyəm.
Sən məni sevməzdən məndən uzaqdım
Mən səni sevəndən özüm kimiyəm.
Sən məni özümə qaytardın, sağ ol…
Sevərək gözümdə böyütdün məni.
Məni bu dünyadan qurtardın, sağ ol
Dünya işlərindən soyutdun məni.
Gözün gözlərimin çıxmır yadından
Tellərin əlimin yadında artıq.
Dünyanın ən gözəl nəğməsi sənsən
Ən gözəl sözü də adındı artıq.




















