İnsan dünyaya gələn andan etibarən onun taleyi iki qadının əllərində formalaşmağa başlayır: biri anadır həyatın qapısını açan; digəri isə bacıdır həyatın içində ona işıq salan. Hər ikisi sənin üçün yaradılmış sığınacaqdır, amma onların funksiyası fərqlidir: ana səni həyata gətirir, bacı isə səni həyatın alovunun içindən keçirir. Bu səbəbdən dünya xalqları min illərdir eyni həqiqəti təkrarlayır: Dünyada anadan sonra insanı ən çox sevən qadına “bacı” deyilir. Amma bu sadə cümlənin içində gizlənən həqiqət kainat qədər dərin, tarix qədər qədim və din qədər müqəddəsdir. Filosoflara görə, insan ömrü iki dəfə başlayır: birincisi fiziki doğuluşdur, ikincisi isə mənəvi doğuluş. Ananın sevgisi birinci doğuluşun qidasıdır o sənin dilini, nəfəsini, nəfəs almağın özünü yaradır. Bacının sevgisi isə ikinci doğuluşun başlanğıcıdır o sənin xarakterini, iradəni, şəxsiyyətini formalaşdırır.
Bacı — insanın ilk güzgüsüdür.
Sən özünü onda görürsən: zəifliklərini, güclülüklərini, səhvlərini, hətta komplekslərini. Platon deyirdi ki, insanın ruhu özünü başqa ruhların işığında tanıyır.
Bacı həmin “başqa ruh”lardan ən ilkinidir. O, nəyə daha çox güldüyünü, nədən daha çox qorxduğunu, nəyə görə susduğunu ən yaxşı biləndir, çünki sənin eyni taleyin içində böyüyüb. Bacı sevgisi insanın içindəki “mən”i yox, “biz”i oyadır bu isə fəlsəfədə insanın həqiqi bütövlüyünün başlanğıcı sayılır. Psixologiyada bacı-qardaş münasibəti şərikli psixoloji inkişaf adlanır. Bu o deməkdir ki, insan ilk sosial bacarıqlarını valideynlə yox, bacı-qardaşı ilə qazanır.
Empati — bacıdan öyrənilir.
Çünki onun ağrısı sənə də keçir, onun sevinci sənə də bulaşır.
Qoruma hissi — bacıdan başlayır.
Çünki o sənin həm məsuliyyət obyektin, həm də ürəyinin zəif nöqtəsidir.
Liderlik — bacı ilə münasibətdə formalaşır.
Çünki bacı bəzən səni izləyir, bəzən də sən ondan nümunə götürürsən.
Psixoloqlar deyir ki, bacı-qardaş arasında olan mübahisələr belə insanın gələcək münasibətlərində müdrikliyə çevrilir. Çünki bacı ilə dalaşmaq dünyadakı ən təhlükəsiz münaqişə formasıdır o səni heç vaxt itirməyəcək. Bu təhlükəsizlik duyğusu insanın psixoloji immunitetinin təməlini yaradır. İslam, Xristianlıq və Yəhudilik mənbələrini araşdıranda görürük ki, bacıya qarşı hörmət və mərhəmət ayrıca vurğulanır. Bu təsadüfi deyil. İslamda Peyğəmbər (s.a.s) buyurur: “Qadınlar Allahın sizə əmanətidir.” Bu cümlənin içində bacı xüsusi yer tutur. Çünki o nə həyat yoldaşıdır, nə də ana o sırf fitrətin təmizliyinə aid olan bir bağdır. Quranda Həzrət Musa ilə bacısı Məryəmin hekayəsi var: Musa körpə ikən onu sudan tapan Firon sarayında bacısı gizlincə onu izləyir, qoruyur və Allahın əmri ilə ona ana seçilir. Bu ilahi mesajın mahiyyəti budur: bəzən Allah insanı anasının vasitəsilə yaradır, amma bacısının vasitəsilə qoruyur. Xristian ənənəsində də bacı-qardaş sevgisi “bir-birinin yükünü daşımaq” prinsipi ilə izah edilir. İncil deyir: “Kim bacı-qardaşını sevərsə, Tanrı sevgisi onda kamilləşər.” Şərq sufilərində bacı qadının “nəzakət enerjisi” adlanır evin işığını saxlayan, ailənin ruhunu təmizləyən qadın. Tarixdə bacılar yalnız ailə simvolu olmayıb; bəzən millətlərin mövcudluğunu belə qoruyublar. Türk dastanlarında bacı qəhrəmanın ruh mühafizəçisi Oğuznamələrdə qəhrəman müharibəyə gedəndə onun qələbəsinin açarı bacının duası sayılırdı. Bacı ailənin bərəkəti, evin uğuru, soyun davamı hesab edilirdi. Çin tarixində “Xian Liang” bacıları olub. Ming imperiyasının ən çətin dövründə iki bacı imperatorun hakimiyyətini qorudu, islahatlar apardı, dövlət çevrilişlərinin qarşısını aldı. Çin tarixçiləri yazırdı: “Bir imperiyanı bir kişi qura bilər, amma iki bacı xilas edə bilər.” Avropada isə “Jeanne D’Arc bacısı olub. Onun fransız ordusuna verdiyi güc “millətin bacısının çağırışı” adlanırdı. Bacı obrazı Avropada milli ruhun oyanış simvoludur. Azərbaycan tarixində isə Xurşidbanu Natəvanı olub. Xan qızı Natəvan millətin şairəsini, mərhəmətini, zərifliyini təmsil edən qadın idi. Xalq ona “millətin bacısı” deyirdi, çünki o xalqın dərdini öz dərdi kimi yaşayırdı.
İnsanın bacısı ilə münasibəti, əslində, onun kainatla münasibətinin miniatür formasıdır. Bacıya necə yanaşırsansa, qadına da dünyaya da elə yanaşacaqsan. Bacının göz yaşına necə reaksiya verirsənsə, insanlığın ağrısına da o cür reaksiya verəcəksən. Bacının gülüşünü necə qoruyursansa, öz vicdanını da elə qoruyacaqsan. Çünki bacı insanın ilk vicdan məşqidir. O sənin zəifliklərini bilir və yenə də sevir. O sənin səhvlərini görür və yenə də qəbul edir. O sənin taleyinə ağrısız bağlanır nə qarşılıq gözləyir, nə şərt qoyur. Buna görə bacı sevgisi bu qədər safdır: o sevgini zaman yaradır, maraq yarada bilmir. İnsan bəzən həyatın ağırlığından yorulur, amma bacı ilə danışanda qəribə bir yüngüllük hiss edir. Niyə?. Çünki bacı insanın uşaqlığının açarıdır. İnsan uşaqlığa qayıtdıqca ruhu sağalır. Bacı həm sənin keçmişindir, həm bu günündür, həm də sabahkı arxayınlığındır. Bacı insanın həyatındakı ən səssiz möcüzədir.
Bacı — ananın yaratdığı həyatı tamamlayan ikinci ilahi rəhmətdir. O, insanın taleyindəki ən zərif, ən güclü, ən sədaqətli qadındır. Və onun sevgisi insan ömrünün ən görünməz, amma ən parlaq nurudur.
Həsən Nağıyev
















