Uzun müddətdir ki, Milli Məclisdə bir neçə deputatın fəaliyyətini yaxından izləyirəm.
Onların biri yox, məhz birincisi Ceyhun Məmmədovdur.
Məsələn, hərdən dahilik sindromum tutanda, özümü dünyanın sahibi hiss edəndə onu fəaliyyətinə baxıram ki, nə qədər axmaq, mənasız adam olduğumu görüm.
Sosial şəbəkədə paylaşdıqlarından tutmuş efirlədəki çıxışlarına qədər, ordan yazdığı kitabadək baxmışam. Nə edirəmsə edim, yenə də özümü axmaq kimi hiss edirəm.
Bir sözlə, gəldiyim qənaət budur ki, Ceyhun Məmmədov gənclərlə möhkəm məzələnir.
Ceyhun müəllim deputat olmaqla yanaşı, həm də ilahiyyat üzrə fəlsəfə doktorudur. Bu yaxınlarda onun bir verilişdə “Allahın varlığını necə sübut edərdiniz, elmi sübutu varmı?” sualına verdiyi cavabla başa düşdüm ki, məzələnmək azdı, deputat bildiyin mırt tutur.
Ceyhun Məmmədovun “Allahın varlığını necə sübut edərdiniz, elmi sübutu varmı?” sualına verdiyi cavab sübut edir ki, əslində, Allah yoxdur. Məmmədov bu üsulla insanları dindən də soyutmağı bacarır.
Sözügedən cavabdan bir hissə:
“Bir ciddi avtomobil qəzası törədirdim, birdən kimsə məni silkələdi ki, başını qaldır, sən qarşıda təhlükə ilə üz-üzəsən”.
Demək, Ceyhun Məmmədova, hətta ilahiyyatçı Ceyhun Məmmədova görə Allahın elmi sübutu bu cürdür. Görünür, Ceyhun Məmmədovun ilahiyyat institutunda adı gedib.
Ancaq Ceyhun Məmmədovun fəaliyyəti bununla bitmir.
O, tez-tez gənclərə məsləhətlər verir və bunun kitabını da yazır.
İşin mırt tərəfi də məhz buradır.
Ceyhun Məmmədovun inandığı Allah şahiddir ki, hər dəfə onun verdiyi məsləhətlərə baxanda birtəhər oluram.
Düşünürəm ki, doğrudanmı bu məsləhətlər onun əvvəlcə qəlbinə, sonra da dilinə gəlir? Proses necə olur? Məsələn, Ceyhun müəllim oturur evdə, ya Milli Məclisin iclasında, qəfil ilham pərisi gəlir və belə yazır:
“İnsanları olduğu kimi qəbul edin, çalışın insanlarla yaxşı əməllərlə yarışın, hər zaman səbrli və təmkinli olun”.
Gənclərə bu cür məsləhətlər vermək onları axmaq yerinə qoymaq deyilmi?
Bu nə hamının bildiyi ən primitiv həqiqətlərdir? Belə məsləhət olur?
“İnsanları sevin, onlara sevgi göstərin, olduğu kimi qəbul edin, uca yaradana şükr edin, prisipial olun” kimi də məsləhət olar? Ümumiyyətlə, bütün bunlar həqiqətən məsləhətdir? Görəsən, Ceyhun müəllimin deməyə sözü yoxdurmu?
Məsələn, o necə təsəvvür edir? Bir gənc oturur, qəfil Ceyhun Məmmədovun məsləhətlərini oxuyur və deyir ki, vəssalam, həyatım dəyişdi, indən belə bu cür olacam və ancaq Ceyhun Məmmədovun qəzəllərini oxuyacam?
Özünə desən, deyəcək ki, pis nə demişəm? Doğrudan da, pis nəsə deməyib, ancaq dediyi nədir?
Görəsən, Ceyhun Məmmədov ürəyimizi niyə partladır? Gənclər ona nə edib ki, bu cür davranır?
İlahiyyatı bitirən, kitab oxuyan bir deputat bu cür danışarmı?
Yaxşı olar ki, Ceyhun Məmmədov daha çox daxili, xarici siyasətlə məşğul olsun.
Çünki gənclər siyasəti, gəncliyin yanında olmaq konyukturası onluq deyil.






















