Günay NƏRİMAN: … göz yaşıyam, Kipriklərdi dar ağacım. Bar ağacım

Günay NƏRİMAN: … göz yaşıyam, Kipriklərdi dar ağacım. Bar ağacım

Mən hardan biləydim?

Mən hardan biləydim körpə uşaqkən,
Kağıza çəkdiyim o cızma-qara,
Sonradan alnıma həkk olunacaq.
Kağıza saldığım bütün qaralar,
Yığışıb bəxtimi qaraldacaqmış.
Mən hardan biləydim çilli qurbağa,
Onu susdurmağa atdığım daşı,
Qalxıb göy üzündən atacaq mənə.
O qədər olacaq başımın daşı,
Başdaşım atdığım o daş olacaq.
Mən hardan biləydim boğduğum quşun,
Ahı bir gün gəlib məni tutacaq.
Günahsız böğulan o quşcuğaz tək,
Ruhum çırpınaraq candan çıxacaq.
Yalandan paslanmış üzümü mənim,
Qara torpaq örtüb, ağardacaqmış.
Mən hardan biləydim, hardan biləydim?
Torpağın yuduğu o ağ üzümü,
Geydiyim ağ kəfən qaraldacaqmış.

Arzularım­

Səni kimdən soruşuram,­
Hərəsi bir yol göstərib,­
Söyləyir ki, bu yolla get­
Tapacaqsan.­
Hey gedirəm,­
Yol gedirəm.­
Hər bir ilim, yolumun bir döngəsi.­
Axtarıram sənə çatacaq yolu,­
Tapanmıram.­
Səndən küsüb barışıram,­
Arxanca hey qara-qara danışıram.­
Hey gedirəm.­
27 0, illərin mənə qalan bəlgəsi.­
Arzularım!­
Cəftəsiz qapı dalından səsləyir məni.­
Xəyallaşan arzularım.­
Bəlkə də…­
Yelkənsiz qayıqla çıxıb dəryaya .­
Axtarıram, tapanmıram.­
Birdən gözüm sataşır,­
Üz tuturam yoluna.­
Yollar ipə çevrilib­
Dolanırlar boynuna.­
Mən gedirəm ona tərəf,­
Boynundakı iplə geri dartılır. ­
Hey gedirəm ona tərəf,­
O isə məndən addım-addım uzaqlaşır.­
Uşaqkən bir buğdaya ip bağlayıb atardım­ ki,
Sərçə udub tilovuma ilişsin.­
Salardım quş qəfəsinə.­
İndi Fələk ip atır ki,­
Məni salsın bədbəxtlərin qəfəsinə.­
Bəlkə hələ göz də dikib, bu quruca nəfə­simə.
10.10. 2015­

Həsrət

Gözə dolan göz yaşıyam,
Kipriklərdi dar ağacım.
Bar ağacım,
Yar ağacım,
Əbədilik asılmışam
Öz kipriyim, öz ağacım.
Süzülməkcün can verirəm.
Cəzam ağır, çox ağırdı,
Al yanağa, bal dodağa
həsrət qalmaq.
Həsrət.
Bir xəstənin sudan imdad istəməsi,
Saniyənin aylar olub,
illərini gözləməsi.
Həsrət.
Qəlbə axan göz yaşı,
Buza dönmüş baş daşı,
Həsrət.
Xəyalların şah olduğu bir diyar,
Bir ananın illər boyu duymadığı bala səsi,
Bir balanın hər addımda axtardığı anasının xoş nəfəsi.
Həsrət.
Min bir yalanlar görənin bircə düzü gözləməsi
Ayrı düşmüş sevgilinin bir-birinə söylənəsi bircə sözü gözləməsi.
Yağış güdən səhralıq,
Günəş güdən bataqlıq.
Günəşimin Ay yanığı,
Ayımın şəfəqsiz üzü,
Mən adlı bir ölümlünün,
Adı kimi qovuşmayan, tamlaşmayan,
Hər dəqiqə öz ölmünü gözlədiyi həsrət gözü.
Həsrət.
Anamın bətnindəykən mənə miras öz soyadım,
Həsrət mənim doğum günüm, var oluşum, sevgi adım.
Share: